13 fevral 2019 10:58
131

“Mühacir qəhrəmanlar” bir-birilərini satırlar İKİSAHİL TV

Jalə Əliyeva: “Mühacir qəhrəmanlar” daha yüksək məbləğli qrantlar, sədəqələr üçün bir-birilərini satırlar

- Jalə xanım, “Freedom  House” təşkilatı yenə də ölkəmizlə bağlı növbəti qərəzli hesabatını yayımlayıb. Onları buna vadar edən nədir?

- “Freedom  House” və onun kimi, bir neçə qərəzli təşkilatların ikili yanaşmasına artıq alışmışıq. Bu qurumlar çox vaxt da “sapı özümüzdən olan baltalar”dan istifadə edirlər. “Freedom  House” sonuncu açıqlaması ilə  ölkəmizə qarşı qərəzi mövqeyini bir daha ortaya qoydu. Bütün bu qərəzlərin kökündə isə ancaq Azərbaycanın sürətli inkişafı, nəinki bölgədə, həmçinin dünyada söz, nüfuz sahibi olmasıdır. Bu gün Azərbaycan dünya ölkələri ilə iqtisadi-siyasi, mədəni əlaqələr həyata keçirir. Hər kəsə yaxşı məlumdur ki, Azərbaycanda ən əhəmiyyətli məsələlərdən biri vətəndaş-dövlət həmrəyliyinin bərqərar olmasıdır. Hesab edirəm ki, bu kimi hallar sərhəddən kənardakı bəzi “mühacir dostlarımıza” aid deyil.  Çünki qəpik-quruş üçün satılmış bu şəxslərə inkişaf edən, nüfuz sahibi olan ölkə yox, qeyri-stabil, əmin-amanlığı pozulmuş, xaosun, anarxiyanın tuğyan olduğu məkan lazımdır.

- Qeyd etdiyiniz kimi, “sapı özümüzdən olan baltalar”ın da burada rolu az deyil. Öncə ölkə xaricində fəaliyyət göstərən radikalların fəaliyyətinə nəzər  salaq...

- Demokratik ölkələrdə, plüralist fikrin mövcud olduğu dövlətlərdə əlbəttə ki, müxalifət mövcuddur. Bu, çox normal bir haldır. Nə dövlətimiz, nə ölkəmiz, nə də insanlarımız bundan heç də narahat deyillər. Müxalif fikrin olması əslində çoxfikirlilik deməkdir,  ölkənin daha da inkişaf etməsi deməkdir. Rəqabət olan ölkədə, əlbəttə, inkişaf daha da sürətlə gedir. Amma bunun nə dərəcədə sağlam bir mübarizə olduğuna diqqət yetirək. Əlbəttə ki, çoxfikirli bir ölkədə hər kəsin öz düşündüyünü demək hüququ var. Azərbaycanda beş minə yaxın mətbu orqanın , özəl televiziyaların, internet televiziyaların olması, virtual məkanın hər birimiz üçün sərhədsiz olması, əslində elə demokratiyanın göstəricisidir. Bu gün müxalif fikirli olan insanların da öz fikirlərini sağlam bir şəkildə ifadə etməsinin  bir çox yolları var. Amma onlar bunu etmirlər. Ancaq şər-böhtan və qərəz yolunu tutublar. Ən radikal addımlar atırlar. Xüsusilə də ölkə daxilində beynəlxalq tədbirlər keçiriləndə daha da fəallaşırlar. Əlbəttə, onların bu addımları vətəndaşlıq mövqeyindən deyil, şəxsi ambisiyaların köləsi olmaqdan xəbər verir. Onların radikal çağırışlarının məqsədləri bu gün ən sadə insanlara da məlumdur. 

- Düz buyurursunuz. Sosial şəbəkələrdə yayılan məlumatlar təkcə cəmiyyətimiz tərəfindən deyil, həm də bizim uğurlarımıza sevinən və sevinməyən qüvvələr tərəfindən də izlənilir. Bunun qarşısını almaq üçün nə etmək lazımdır?

- Gənclərlə tez-tez görüşlər təşkil etmək və onları maarifləndirmək lazımdır. Mühacirətdə olan “sosial şəbəkə qəhrəmanları”nın iç üzünü açıb göstərmək, onların maskasını yırtmaq lazımdır. Gənclər bilməlidirlər ki, həmin “qəhrəmanların” əsl dərdi nədir. Onsuz da onların bir müddət sonra maskaları yırtılır. Çünki “mühacir qəhrəmanlar” daha yüksək məbləğli qrantlar, sədəqələr üçün bir-birilərini hər an satırlar. Bütün etdikləri pislikləri açıb ortaya qoyurlar.  Bütün bunları gənclərə olduğu kimi, faktlarla çatdırmaq lazımdır. Bugünkü gənclik savadlı və dünyagörüşlüdür. Ağı qaradan seçməyi bacarırlar. Bu kimi səviyyəsiz insanların kimlərə xidmət göstərdiklərini yaxşı başa düşürlər.

Gənclərimizə bir daha səslənib demək istəyirəm, elə dəyərlər var ki, onlar bizim üçün ömrümüz boyu müqəddəsdir. Müqəddəs olaraq da qalacaq. Bunlar anamız, Vətənimiz, dilimiz, dinimiz, etik dəyərlərimiz, mənəviyyatımızdır. Bunları qorumağa hər birimiz borcluyuq. Gənclərimiz unutmamalıdırlar ki, 30 ildir müharibəyə sürüklənən ölkənin vətəndaşlarıyıq. Azərbaycan tarixin bütün dönəmlərində  təzyiqlərə məruz qalıb. Bütün bunların qarşısının alınması üçün gənclərimiz hər bir zaman öz dövlətinin yanında olmalı, ölkəmizi yaxşı mənada dünyada tərənnüm etməlidirlər. Atılan daşlara vaxtında və sanballı cavablar verilməlidir. Bu, gənclərimizin ən ümdə işi olmalıdır. Çox şükür ki, ölkəmizdə dövlətini, millətini sevən sağlam gənclik formalaşıb. Onlar öz fəaliyyətləri, əməlləri ilə Azərbaycan həqiqətlərinin yayılmasına   xidmət göstərirlər. Bizi gözü götürməyən qüvvələr də sağlam gənclik tərəfindən vaxtında öz cavabını alacaq.

- Gənclər ölkənin avanqard qüvvəsi sayılır. Bir neçə gün öncə Prezident İlham Əliyevin gənclərlə görüşü də onlara göstərilən ehtiramın və diqqətin bir nümunəsi idi...

- Gənclərə dövlət dəstəyi hər zaman prioritet  olub. Gənclərin öz potensialını ortaya qoya bilməsi üçün onlara hər zaman köməklik göstərilib. Beynəlxalq arenalarda öz sözünü deyə bilməsi üçün bütün şərait yaradılıb. Azərbaycan dövlətinin  davamlı olaraq həyata keçirdiyi Dövlət poqramlarında gənclərin hər zaman xüsusi yeri olub. Bu günlərdə ölkə Prezidenti ilə gənclərin görüşündə də bir çox perspektivlər açıqlandı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın gənclərlə görüşü bir daha onu deməyə əsas verir ki, dövlətimiz hər zaman gənclərin yanındadır. Azərbaycanın gələcəyi əmin əllərdədir. Bu gün sağlam düşüncəli, Vətənini, dövlətini, ölkəsini canı qədər sevən gənclərimiz var. Ən azından üç il bundan əvvəl aprel döyüşləri zamanı gənclərimizin bir nəfər kimi ön cəbhəyə yazılmaq istəməsi Azərbaycan gəncinin hazırlığını və kimliyini ortaya qoyur.

Şəmsiyyə Əliqızı,
Şəfiqə Dadaşova, 
“İki sahil”