14 iyul 2020 16:17
1370

Mülki vətəndaşları hədəf alan erməni hərbçiləri hərbi cinayətkardırlar

İyulun 14-dəErmənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində Dondar Quşçu kəndinin ərazisinə mərmilər düşüb. Qəzetimizin aldığı məlumata görə, kənddə 1 fərdi yaşayış evinə və 3 həyətyanı torpaq sahəsinə ziyan dəyib. Belə ki, 1948-ci il təvəllüdlü Əliyeva Telarə Əhməd qızına məxsus fərdi yaşayış evi mərmi atəşinə məruz qalaraq ziyan görüb.  Bundan başqa, mərmi düşməsi nəticəsində 1981-ci il təvəllüdlü Əliyeva Samirə Nurəddin qızına, 1973-cü il təvəllüdlü  Hüseynov Aydın Məhəmməd oğluna və 1986-cı il təvəllüdlü Rüstəmov Zeynal Əli oğluna məxsus həyətyanı torpaq sahələrinə ziyan dəyib.

Qeyd edək ki, İyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən açılmış artilleriya atəşi nəticəsində Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub. 

Milli Məclisin deputatı Könül Nurullayeva Ermənistan ordusunun bu vəhşiliyi barədə «İki sahil»ə bildirib ki, əslində Ermənistan hərbi birləşmələrinin Tovuz rayonu istiqamətindəki hücumlarında ən çox nəzərə çarpan vəhşilik onların mülki vətəndaşları hədəfə almalarıdır. Beynəlxalq hüquqa və hərbi konvensiyalara görə, müharibə zamanı mülki obyektlərin, ən başlıcası isə mülki əhalinin hədəfə alınması hərbi cinayət hesab olunur. Buna görə də Ermənistanın hərbi birləşmələri nə vaxtsa beynəlxalq tribunal qarşısında cavab verməli olacaqlar.

Deputat xüsusi vurğulayıb ki,  müharibələr zamanı hərbçi şərəfi deyilən bir müqəddəs ad imkan vermir ki, mülki vətəndaşlar hədəf alınsın. Bu mənada, əgər erməni generalları Azərbaycanın mülki əhalisini hədəf alırlarsa demək, onlarda hərbçi şərəfi yoxdur və onlar vandal, vəhşi insan yığnağıdırlar.

Könül Nurullayeva əminliklə bildirdi ki, Azərbaycan Ordusu döyüş meydanında erməni hərbçilərinin  bu vəhşiliyinə artıqlaması ilə cavab verir və bundan sonra da verəcəkdir. 

Elçin Zaman, «İki sahil»