02 may 2019 10:32
5059

Multikulturalizm, etnik və dini müxtəliflik tariximizin bir parçası və bugünkü reallıqdır

Bu gün Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır

Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan artıq beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunub və bu mövqeyini günbəgün  möhkəmləndirir. Təbii ki, bu uğuru şərtləndirən əsas amil  Azərbaycan dövlətinin düşünülmüş və məqsədyönlü siyasəti, ən əsası  qazandığı hörmət və etimaddır.

Beynəlxalq əhəmiyyətli tədbirlər üçün əsas məkan seçilməklə əldə etdiyi təcrübəni, inkişaf modelini  dünyaya təqdim etmək imkanı qazanan Azərbaycan 2-3 may tarixlərində   beşinci  dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna  ev sahibliyi edərək  bir daha  beynəlxalq əməkdaşlığın xarici siyasətin önündə dayanan əsas məsələ olduğunu dünyaya nümayiş etdirəcək.    

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan ötən iki ildə Azərbaycanın əldə etdiyi uğurlara, ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərə, həmçinin bu tədbirlər üçün seçilən və müzakirəsinin aktuallığı önə çəkilən mövzulara diqqət yetirmək kifayətdir.  Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, dünyanın yeni xarici siyasəti ölkəmizdə müzakirə olunursa, bu, Azərbaycana mövcud inamın,  həyata keçirilən siyasətin ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə söykəndiyinin təsdiqidir.  2017-ci ildə “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 120 ölkədən  800-dən artıq qonaq iştirak etmiş, 50-dən çox beynəlxalq qurum özünün yüksək səviyyəli nümayəndəsini  Bakıya göndərmişdir.

2011-ci ildə ilk dəfə mədəniyyətlərarası dialoq forumunun təşkil edilməsi ideyasının mövcud reallıqlarımızın  müzakirəsi üçün geniş formatın yaradılması arzumuzdan qaynaqlandığını önə çəkən dövlətimizin başçısı İlham Əliyev bu mühüm məqamı xüsusi vurğulayır ki, bu gün buna əvvəlkindən daha çox ehtiyac var: “Təəssüf olsun ki, bu gün dünyada narahatlıq doğuran bəzi tendensiyalar mədəniyyətlərarası dialoqla deyil, özgələşmə ilə nəticələnir. Biz mütəmadi surətdə bunun şahidi oluruq. Dünyanın müxtəlif yerlərində münaqişə, qarşıdurma və vətəndaş müharibələrinin səbəbi müxtəlif din və etnik qrup nümayəndələrinin arasında anlaşmanın olmamasıdır. Bizim multikulturalizm siyasətimiz xalqımız tərəfindən tam dəstəklənir.” Məhz bu dəstəyin nəticəsidir ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda  2016-cı il  “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilmiş, 2017-ci ilin  12-22 may tarixlərində ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir.

Təbii ki, keçirilən hər bir tədbir müzakirə olunan məsələlərin aktuallığı ilə  yanaşı, perspektivlərin müəyyənləşdirilməsi, qarşıya qoyulan məqsədlərə  nail olmaq üçün səylərin birləşdirilməsi  baxımından da xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı  IV Ümumdünya  Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında   dünya birliyinin böyük bir hissəsinin intellektual elitasının  Bakının qonağı olduğunu önə çəkərək, belə tədbirlərin ölkəmizdə keçirilməsinin  təbii olduğunu  əsaslı şəkildə diqqətə çatdırmışdır: “Tarix, ənənələr və coğrafiyamız bizə onu diktə edib ki,  Azərbaycan  sivilizasiyaların qovuşduğu bir məkan ola bilər və bu, məhz belə də olmalıdır.  Əsrlər boyu Azərbaycanda xalqlar həmişə müxtəliflik mühitində yaşayıb. Multikulturalizm, etnik və dini müxtəliflik tariximizin bir parçası və bugünkü reallıqdır. Biz bununla fəxr edirik.” Müasir dövrdə  qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq əlaqələrin güclənməsi, ölkələr arasında əməkdaşlığın  genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində  ümumi elementlərin artması ilə səciyyələnir. Sivilizasiyaların dialoqunun təşkilində, inkişafında  müxtəlif ölkələrin hökumət və siyasi partiya nümayəndələrinin,  elm  xadimlərinin öz  düşüncələrini ortaya qoyub ümumi mövqe nümayiş  etdirmələri müsbət haldır.

Bu fikir hər zaman önə çəkilir ki,  dinc yanaşı yaşamağın təmin edilməsinə yönələn fəaliyyətin  mühüm tərkib hissəsi və şərtlərindən biri din və ümumbəşəri dəyərlər sahəsində  mədəniyyətlərarası dialoqun zəruriliyidir. Bu dəyərlərin öyrənilməsi  ümumi mədəniyyətlərarası dəyərlərin aşkar edilməsində  mühüm rol oynaya bilər. Azərbaycanın qeyd olunan istiqamətlərdə əldə etdiyi təcrübələr daim beynəlxalq səviyyədə təqdir olunur.  Humanitar əməkdaşlıq xalqları, ölkələri birləşdirən amillərdəndir. Forumun keçirilmə məqsədlərindən biri də məhz   çoxmillətlilik və çoxmədəniyyətlilik sahəsində  böyük praktikaya malik ölkələrin  təcrübəsindən yararlanmaqdır. Dövlətimizin başçısı bildirir: “Tarixi dönəmdən və siyasi sistemdən asılı olmayaraq, xalqımız hər zaman istər ölkədə, istərsə də onun hüdudlarından kənarda  multikulturalizmi fəal müdafiə və təşviq etmişdir.”

Ölkəmizin 2-3 may tarixində ev sahibliyi edəcəyi V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən dövlət və hökumət rəsmilərinin adları açıqlanıb. Belə ki,  Qana Respublikasının xarici işlər naziri Şirli Botçvey, Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa, Qambiyanın xarici işlər naziri Mamadou Tanqara, Monteneqronun mədəniyyət naziri Aleksandar Boqdanoviç, Mali Respublikasının mədəniyyət naziri Ramatulaye Diallo, Əlcəzairin mədəniyyət naziri Meriem Merdaci, İran İslam Respublikasının mədəniyyət və islam əlaqələri üzrə naziri Abuzər İbrahimi Torkaman, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Zhamankulov, Küveyt Dövlətinin informasiya və gənclərlə iş naziri Mohammad Naser Abdullahı Aljabri, Monteneqronun daxili işlər naziri Mevludin Nuhociç, Myanmanın təhsil naziri Myo Thein Gyi Forumda iştirak edəcəklər. Ümumilikdə tədbirə  100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri qatılacaq.  Qeyd edək ki, 2-3 may tarixində  keçiriləcək  Forumun təşkilatçıları Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-dur. Onu da qeyd edək ki, Forum 2008-ci ildə mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə, ölkə Prezidenti İlham Əliyevin irəli sürdüyü “Bakı Prosesi”nin tərkib hissəsidir. Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq səviyyədə fəaliyyəti bütün dünyada yüksək qiymətləndirilir.

Forumun təşkilatçılarına, ən əsası həmin qurumlarla Azərbaycan arasında əlaqələrin bugünkü səviyyəsinə diqqət yetirmək kifayətdir. 2016-cı ilin aprelində  Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi bir çox məqamlara aydınlıq gətirdi.  Tədbirə Azərbaycanın ev sahibliyi etməsi təsadüfi deyildi. Çünki tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəsi ilə diqqətdədir.   Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması isə müasir dövrdə ölkəmizdə gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasserin  Asiya ilə Avropa arasında yerləşən Azərbaycanı müxtəlif irq, din, mədəniyyət və dillərdən ibarət möhtəşəm mozaika kimi dəyərləndirir. İslam Əməkdaşlıq Təşkilatının təmsilçiləri bildirirlər ki, biz ədavətə, ekstremizmə qarşı çıxırıq, qarşılıqlı anlaşmanı, mədəni müxtəlifliyi təşviq edirik və istəyirik ki, sivilizasiyalararası dialoq daha da artsın. Bundan sonra da sivilizasiyalararası, dinlərarası dialoqa dəstəyimizi davam etdirəcəyik. İSESCO-nun rəsmiləri “Azərbaycan  beynəlxalq səylərin məhz mərkəzində dayanır” söyləyərək  cənab İlham Əliyevin  davamlı şəkildə göstərdiyi səyləri, belə bir çiçəklənən ölkəni yaratmaq üçün gördüyü işləri yüksək dəyərləndirirlər. Bu fəaliyyət nəticəsində əldə edilmiş nailiyyətlər Azərbaycanı irəliləyiş, müasirlik və sabitliyin nümunəsinə çevirib.

Ölkəmiz haqqında səsləndirilən fikirlərdən də aydın göründüyü kimi, İslam Konfransı Təşkilatının və Avropa Şurasının üzvü olan Azərbaycan  milli mənəvi dəyərlərin dünya mədəniyyətinin inciləri ilə  vəhdət halında qorunub saxlanılmasına, təbliğinə, Avropa və Asiya, xristian və müsəlman dünyası ilə əlaqələrin güclənməsinə  ən böyük töhfə verən ölkədir. Dövlətimizin başçısı İlham Əliyev bir əsas məqamı xüsusi qeyd edir ki, ən böyük maraq doğuran məsələ multikulturalizmlə bağlıdır: “Multikulturalizmə münasibət fərqlidir... multikulturalizm yaşayır və onun alternativi  yoxdur. Onun alternativi yalnız ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik və ayrı-seçkilik ola bilər. Multikulturalizm yalnız bir tendensiya deyil, o, eyni zamanda dünyanı daha təhlükəsiz etməyin yeganə yoludur.”

Yeganə Əliyeva, “İki sahil”