20 may 2019 10:49
808

Musa Quliyev: Radikal müxalifətin şou erası bitib

Milli Məclisin deputatı Musa Quliyev İkisahil.TV-yə açıqlamasında bildirdi ki, bu gün Azərbaycan sosial-iqtisadi həyatın bütün sahələrində sürətlə inkişaf edir. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti demokratik, azad və müstəqil dövlət quruculuğu sahəsində böyük nailiyyətlərlə müşayiət olunur. Ölkə başçısının uğurlu siyasəti nəticəsində inkişafın Azərbaycan modeli formalaşıb ki, bu da dünya ölkələri üçün nümunədir.   2025-ci ilədək Azərbaycan qarşısına məqsəd qoyub ki, dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxsın. 2016-cı ildə cənab Prezidentin Sərəncamı ilə Azərbaycan Milli İqtisadiyyatının İnkişafı üzrə 11 istiqamət üzrə Strateji Yol Xəritəsi qəbul edilib. Strateji yol xəritələrində məqsədlərdən biri 2025-ci ildə minimum əmək haqlarını orta aylıq əmək haqlarının 60 faizinə çatdırmaqdır. Bu da inkişaf etmiş ölkələrin göstəricilərindən biridir. Cari ildə də ölkəmizin tarixində dərin sosial islahatlar ili kimi daxil olacaq. Ölkə başçısı bildirdi ki, sosial islahatlar il ərzində davam edəcək. Yenə də əmək haqlarının, pensiyaların, təqaüdlərin artırılması, daha yüksək gəlirli iş yerlərinin açılması davam edəcək. Keçən il 200 minə yaxın iş yerləri açılıb ki, onların da 120 mini daimidir. Bu il də bu tendensiya davam edəcək. Xüsusilə intellektual əmək tələb edən, intellektual tutumlu iş yerlərinə üstünlük veriləcək.

Musa Quliyev qeyd etdi ki,  təəssüf ki, bütün bu nailiyyətləri hər şeydə qara axtaran radikal müxalifət nədənsə görmək istəmir. Azərbaycanın demokratik imicinə zərbə vurmaq heç də Vətənə, xalqa xidmət sayıla bilməz. Bu, hər şeydən əvvəl Azərbaycanı istəməyən qüvvələrin, o cümlədən ermənilərin dəyirmanına su tökməkdən başqa bir şey deyildir. Azərbaycanın uğurları dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də məyus edir. Bu səbəbdən də ölkəmizin nailiyyətləri artdıqca, buna kölgə salmağa çalışan qüvvələr də müxtəlif tipli qərəzli kampaniyalarla Azərbaycanın beynəlxalq imicinə, uğurlarımıza ləkə yaxmağa çalışırlar. Dünyadakı antiazərbaycançı mərkəzlər, erməni lobbisi və onların əlində alət olan “sapı özümüzdən olan baltalar” hər vəchlə ictimai rəyi çaşdırmağa çalışırlar.

M.Quliyev vurğuladı ki, hakimiyyət bu gün strateji məsələlərin, sosial problemlərin, vətəndaşların qarşılaşdığı məsələlərin həll edilməsində böyük uğurlar qazanıb. İş yerləri açılır, əmək haqları artırılır, şəhid ailələrinin müavinəti ödənilir, regionların inkişafı ilə bağlı qərarlar qəbul edilir. Bütün bunların hamısı indiki hakimiyyətin, şəxsən ölkə Prezidenti İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Bu fəaliyyətin nəticəsidir ki, prezident seçkilərində vətəndaşlar cənab İlham Əliyevə 80 faizdən çox səs veriblər. Ancaq ölkə başçısının fəaliyyətinin nəticələrini dağıdıcı müxalifətin öz adına  çıxarması çox gülünc görünür. Bunu cəmiyyət də görür və kimin hansı fəaliyyətlə, nə işlə məşğul olduğunu, bu ölkənin inkişafına, müstəqilliyinin möhkəmlənməsinə nə töhfə verdiyini bilir”. M. Quliyev xüsusi olaraq vurğuladı ki, dağıdıcı müxalifət cəmiyyəti aldatmağa çalışır.  Ancaq unudurlar ki, Azərbaycan vətəndaşları 1980-1990-cı illərin insanları deyil. Artıq kifayət qədər dünyada və ölkədə gedən prosesləri analiz etməyi, yaxşını pisdən, qaranı ağdan seçməyi bacarırlar. Artıq onların yalanlarına özlərindən və yanlarında olan qəpik-quruş üçün bir-iki  tərəfdaşından başqa kimsə inanmır. Bugünkü müstəqilliyimizin qorunub saxlanması, iqtisadi inkişafımız, insanların sosial problemlərinin həll edilməsi üçün proqramların hazırlanması kimi məsələlər Azərbaycan iqtidarının, cənab Prezidentin gündəlik fəaliyyətinin tərkib hissəsidir və bunun radikal müxalifətə heç bir aidiyyəti yoxdur”.

Şəmsiyyə Əliqızı, “İkisahil”