05 noyabr 2019 20:22
168

Müsavat Partiyası bələdiyyə seçkisindən niyə imtina edir?

Bu günlərdə Müsavat Partiyası Məclisinin sessiyası keçirilib. Yığıncaqda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Müsavat Partiyasının iştirak etməməsi barədə qərar qəbul edilib. Belə məlum olub ki, tədbirdə çıxış edənlər göstəriblər ki, guya cəmiyyətdə bələdiyyə seçkilərinə maraq olmadığından Müsavat Partiyasının bu seçkilərdə iştirakı vacib deyil.

Təbii ki, bütün bunlar bəhanədir. Başda Arif Hacılı olmaqla bütün müsavatçılar, necə deyərlər, öz güclərinə bələd olduqlarından, özlərinin zəif yerlərini yaxşı bildiklərindən belə absurd iddia və bəhanələrlə bələdiyyə seçkilərinə qatılmaqdan imtina edirlər. Bu, belə də olmalı idi. Çünki heç bir sosial bazası və elektoratı olmayan Müsavat Partiyasının “başbilənləri” yaxşı anlayırlar ki, dekabrın 23-də seçkilərdən məğlub durumda ayrılacaqlar. Bu, bir reallıq və acı gerçəklikdir. Belə olan halda nə etmək lazımdır? Şübhəsiz, ən ağlasığmaz və gülünc iddialarla seçkiləri boykot etmək.

 Əslində radikal müxalifət düşərgəsində təmsil olunan, sosial dayaqlarını tamamilə itirən Müsavat Partiyasının belə bir qərar qəbul etməsi heç də gözlənilməz deyildi. Çünki dəfələrlə bu təşkilatın “liderlərinin” əvvəlki seçkilərdə də belə “gedişlər” etməsinin şahidi olmuşuq. Məsələn, 2015-ci ilin parlament seçkilərini xatırlayaq. O zaman da Müsavat Partiyası divanının  qəbul etdiyi qərarla, daha doğrusu müxtəlif bəhanələrlə parlament seçkilərində iştirakını dayandırdı. Bu qərara qədər isə  partiyanın əsas fiqurları Arif Hacılı və İsa Qəmbər öz namizədliklərini irəli sürmüşdülər. Qəribədir, deyilmi? Özü də bunlardan başqa 20-dən çox müsavatçı da  namizəd kimi qeydiyyatdan keşmişdi. O zaman  haqlı olaraq ortaya belə sual çıxır: əgər ölkədə şəffaf seçki mühiti yox idisə bu namizədlər necə qeydiyyata alınmışdılar?

Əslində o zaman da məsələ müsavatçıların dediyi kimi deyildi. A.Hacılı və onun yanındakılar nə qədər çalışsalar da öz pafoslu yalanları ilə xalqı aldada bilməzlər. Xatırlayırsınızsa o zaman  Müsavat Partiyasının  “Məhsul” stadionunda  seçkilərlə bağlı mitinqiərinə cəmi 200 nəfər gəlmişdi. Məhz bu böyük rəzalətdən, pərtlikdən və xaricdən gələn təlimatlardan sonra müsavatçılar əsassız uydurma və bəhanələrlə parlament seçkilərində iştirakı dayandırdılar.

 Seçkilər müasir demokratik cəmiyyətin əsas göstəricisidir. Daim demokratiyadan, güclü sosial bazadan dəm vuran A.Hacılı və “komandası” özləri də yaxşı bilirlər ki, hakimiyyətə iddialı olan istənilən partiyanın yolu seçkilərdən keçir. İnanırıq ki, özlərini siyasətçi adalandıran müsavatçılar müasir demokratiyanın atributlarından və təməl prinsiplərindən biri kimi seçkilərin qəbul edildiyindən xəbərdardılar. Dağıdıcı müxalifətin digər “lidercikləri” kimi, özünü demokratiya bilicisi kimi təqdim edən A.Hacılı görəsən niyə unudur ki,  cəmiyyətdə müxtəlif sosial qrupların demokratik üsulla bir-biriylə mübarizə aparmalarına şərait yaradan əsas vasitə seçkilərdir? Bir dəki axı Müsavat Partiyası təkcə A.Hacılıdan və onun yaxın ətrafındakı mənafebazlardan, karyeristlərdən ibarət deyil. Nəyə görə  bu təşkilatın üst qatında təmsil olunan bir-iki nəfərə görə sıravi müsavatçıların konstitusion seçib-seçilmək hüququ pozulmalıdır?

Nəzərə alsaq ki, seçkilər siyasi partiyaların öz platformasını cəmiyyətə təqdim etməsi üçün fürsətdir, o zaman A.Hacılı və onun radikal düşərgədə təmsil olunan digər “əqidədaşları” buyursunlar meydana, çıxsınlar xalqın qarşısına, öz proqramlarını, məramlarını açıqlasınlar, seçkilərdə iştirak etsinlər. Əlbəttə, bütün bunlar A.Hacılı kimilərinə sərf etmir. Çünki bu marginallar yaxşı anlayırlar ki, seçkilər cəmiyyətdə olan siyasi qüvvələr nisbətini və onların elektoratını müəyyən edir. Müsavat Partiyasında isə bu eloktorat yoxdur.

 Müsavat Partiyasını öz avtoritar idarəçiliyi ilə tənəzzülə uğradan başqan A.Hacılını sosial şəbəkələrdə kəskin tənqid etdiyinə görə  təşkilatın sıralarından xaric edilən Şamil Beydullayevin bir neçə il bundan əvvəl yazdıqlarına diqqət etsək əsas mətləbi daha dərindən aydınlaşdıra bilərik: “Arif Hacılı başqan seçildikdən bu günə kimi partiyada dağıdıcılıq siyasəti yürüdür. Keçirilən mitinqlərə 200-300 nəfəri güclə toplayırlar, bu da Arif Hacılının Müsavatı zəiflətməsini göstərir. Arif Hacılı Müsavatı ancaq öz maraqlarına xidmət elətdirir. Onun gördüyü işlər yalnız saxta bəyanat vermək, partiya bileti sataraq Avropaya saxta yollarla mühacir göndərmək, partiyanı şəxsi biznesi kimi istifadə etməkdir. Mənim partiyadan çıxarılmağım tam qanunsuzdur. Partiyanı qeyri-qanuni, qeyri-demokratik yollarla idarə edənlər elə bilirlər ki, bu qisasçılıq siyasəti onlara uğur gətirir. Amma xalq bu siyasəti görür və artıq inamı qalmayıb. Xalq güvənmirsə, onlar bir gün də siyasətdə qalmamalıdırlar”.

Bax burada xoruzun quyruğu görünür. İndi məlum oldumu Müsavat Partiyası niyə Bələdiyyə seçkilərində iştirak etməkdəm imitina edir?

Zahid Rza, “İki sahil”