14 fevral 2019 11:29
647

Müsavatda saxta sənəd qalmaqalı

Hər zaman siyasətlə deyil, müxtəlif qalmaqallarla yadda qalmağa çalışan dağıdıcı düşərgənin üzvü Müsavat Partiyasında bu günlərdə daha bir qalmaqal yaşanmaqdadır. Uzun müddətdir sözügedən partiyanın mühacir biznesində birbaşa iştirakı olduğu yazılsa da, bununla bağlı sübutlar mətbuatda tam olaraq işıqlandırılmırdı. Amma çox çəkmədi ki, partiya funksionerlərinin mühacir biznesində əllərinin olduğuna dair sübutlar ictimailəşdirildi. Özü də yenə özləri tərəfindən... Yəni həmin sənəd Müsavat funksionerlərindən birinin digərinə qarşı kompromat materialı kimi istifadə etməsi nəticəsində ortaya çıxdı. 

Belə ki, kompromat material kimi istifadə olunan material 1982-ci il təvəllüdlü Salyan rayon sakini Nəsirov Vadim Kamil oğluna partiya tərəfindən verilən xasiyyətnamə adlı sənəddir və onun üzərində Müsavatın Salyan rayon təşkilatının sədri Yadigar Sadıqlının imzası var. Bu hadisə funksionerlər arasında əsl qalmaqala səbəb olub. Onlar sosial şəbəkələrdə açıq mətnlə bir-birini qınamağa başlayıblar. Hətta belə fikirlər də səslənib ki, qalmaqala Y.Sadıqlının partiya başqanı olmaqla bağlı açıq iddia ortaya qoyması səbəb olub. Sosial şəbəkələrdə yayılan məlumatlardan görünür ki, bu məsələ böyüyəndən sonra Müsavatda müzakirəyə çıxarılıb. Partiya funksioneri Elman Fəttah bildirib ki, müzakirələrdə Y.Sadıqlı iştirak etmədiyindən, bu barədə onu məlumatlandırmaq lazımdır. Ancaq başqan müavini Səxavət Soltanlı təkliflə razılaşmayıb. Nəticədə qərara gəlinib ki, saxta sənəd müzakirələri barədə heç kimə məlumat verilməsin.

Lakin sonradan nə olubsa S.Soltanlı məsələni özü ictimailəşdirib. Saxta sənədə imza atdığı deyilən Y.Sadıqlının isə məsələyə münasibəti təkzib xarakterli olub. Bildirib ki, bu təxribat partiyada onun başqanlığa namizəd olmağını istəməyən qüvvələr tərəfindən törədilib: “Beləcə, bütün söz-söhbətlərdən sonra partiya rəhbərliyi bir saxta sənəd taparaq belə bir oyuna gedib. Bu sənədin haradan gəlməsini bilmək mənim hüququmdur. Həmin sənədlə sosial şəbəkədə tanış olduğuma görə elə burada da S.Soltanlıdan sənədin mənbəyi haqqında məlumat istəyirəm. Bunu ona kim və nə vaxt göndərib?”.

Təkcə bu qalmaqalın özü deməyə əsas verir ki, sözügedən partiyada həqiqətən də daxili çəkişmələr özünün pik həddinə çatıb. Hətta elə bir vəziyyət yaranıb ki, funksionerlər bir-birinə qarşı açıq kompromat savaşına belə çıxırlar. Təbii ki, Müsavatın tam ortasına düşən bu xəmir hələ çox su aparacaq və daxili çəkişmələr çox şeyləri aşkara çıxaracaq.

Taleh Bağırov, “İki sahil”