KÖŞƏ

Zahid Rza

Müsavatın klanları və satqınların təqibi

19 aprel 2019 11:01
2688

Müxalifətdaxili intiriqa və çəkişmələrdən doğan gərginlik  artıq ofislərin, qərargahların divarlarını aşaraq sosial şəbəkələri “partlatmaqda” davam edir. Son zamanlar AXCP ilə REAL arasında baş verənlər, Azərbaycan Xalq Hərəkatındakı (AXH) əlbəyaxalaşmalar, Müsavat Partiyasındakı qarşılıqlı ittihamlar, qalmaqallar və s.

Təbii ki, bu, ilk növbədə keçən əsrin 90-cı illərində ilişib qalaraq küçə və çayxana psixologiyasından əl çəkməyən, məzmun və forma etibarilə dəyişməyən, iyirmi ildən çox bir zaman kəsiyində konstruktivlikdən, reallıqlardan uzaq düşən, hakimiyyət, şəxsi ambisiyalar naminə zaman-zaman  Azərbaycan dövlətinin düşmənləri ilə işbirliyinə gedərək marginallaşan, bu üzdən də getdikcə aşınaraq tükənən dağıdıcı müxalif düşərgəsinin kəskin böhranının və tənəzzülünün təzahürüdür. İnkarçılığı fanatizm səviyyəsinə çatdıran, normal, sivil mübarizə metodlarına arxa çevirərək, antiazərbaycan ruhlu xarici təşkilatların maliyyə dəstəyi ilə sosial şəbəkələrdə əsassız iddialarla dolu bəlağətli çıxışlarla hər addımda  cəmiyyəti çaşdırmağa çalışan AXCP, “Milli Şura”, Müsavat Partiyası kimi təşkilatların təmsilçiləri (başda Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Arif Hacılı olmaqla) yalançı illuziyalarla, saxta “demokratiya”, insan haqları” ilğımları ilə, təxribatçı addımları ilə ölkədə  süni gərginlik və narazılıq dalğası yaratmağa çalışsalar da həmişə olduğu kimi, yenə də cəmiyyətin sərt təpkisi ilə qarşılaşaraq nokaut vəziyyətinə düşürlər. Siyasi şüuru və ümummədəni səviyyəsi aşağı olan, kompromisi və konsensusu, konstruktivliyi və  quruculuğu rədd edən, alternativliyi, ümumiyyətlə, qəbul etməyən bu pozucu qüvvələr nəinki real hakimiyyətə konsrtuktiv müxalifətçilik edən siyasi qüvvələrin, hətta öz partiyadaşlarının tənqidlərinə,  alternativ fikirlərinə, rasional düşüncələrinə belə dözümsüzlük nümayiş etdirirlər. Nəticədə  də həm məlum düşərgədə, həm də həmin düşərgədə təmsil olunan siyasi təşkilat və partiyaların daxilində “biz və onlar” “ağ və qırmızılar”, “bizim kimi düşünməyənlər bizə düşməndir” prinsipi ilə daxili didişmələr, intriqalar qızışır, qurumdaxili “əcinnə ovu”na start verilir.  

Bu yaxınlarda dağıdıcı düşərgənin lokomotivlərindən olan AXCP funksionerlərinin REAL Partiyasına hücumu və iki təşkilatın arasındakı qarşıdurmanın kəskinləşməsi, Müsavat Partiyasında baş verənlər, AXH-İsgəndər Həmidovla, AG Partiyanın sədri Tural Abbaslının az qala yumruq-təpik davasına çıxmaları bunun əyani təsdiqidir.

Müsavat Partiyasında isə  bütün mənəvi-əxlaqi sədləri aşaraq açıq mübarizə müstəvisinə keçən qarşıdurma artıq özünün pik nöqtəsinə çatıb. Belə ki, partiyanın rəhbərliyi yaxın ətrafını təlimatlandıraraq özünün “mühacir biznesi”nə qarşı çıxan Yadigar Sadıqlıya qarşı total hücum başladıb. Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqlı “Facebook”da status yazaraq özünə qarşı edilən hücumlara görə partiyanın rəhbəri Arif Hacılını ittiham edib: “Müsavat Partiyası üzvlərinin qapalı qrupunda başqan Arif Hacılının xeyir-duası ilə məni satqın, öyrədilmiş, Müsavatı parçalayan elan etmək uğrunda yarış gedir. Kimlərin etdiyini soruşmayın, əksəriyyətini heç tanımazsınız, profillərində hakimiyyət əleyhinə söz tapmazsınız”.

Y.Sadıqlının Müsavat üzvü olan Ceyhun Məmmədlinin onun haqqında dediklərini də paylaşması, C.Məmmədlinin Sadıqlını “öyrədilmiş, kinli, Müsavatı parçalayan” kimi təqdim etməsi, Y.Sadıqlını müdafiə edənlərin Müsavatın Göyçay rayon təşkilatının keçirdiyi iclasla bağlı qapalı qrupa göndərdiyi məlumatı (partiyanın Nəzarət Təftiş Komissiyasının Göyçayda keçirilən genişləndirilmiş şura toplantısı” cəmi 3 nəfərlə keçirilməsi) paylaşmaları təşkilatda qruplaşmalararası mübarizənin getdikcə qızışmasına dəlalət edir.

Məsələn, bütün bunlardan sonra Müsavatda rəhbərlik tərəfindən xüsusi “sadiq təəbələr”dən ibarət qapalı qrupun yaradılması burada təmsil olunmayan, ayrı-seçkiliyə məruz qalan müsavatçıların etirazına səbəb olub. Belə ki, partiya üzvü Vüsal Süleymanın “mən niyə o qrupda yoxam” sualına “Çünki sən İsa bəyin klanında yer almırsan” cavabını veriblər. Həmçinin qızğın müzakirələrdən açıq-aşkar görünür ki, Müsavat Partiyasında İsa Qəmbər-Arif Hacılı cütlüyünün komandası ilə Tofiq Yaqublu və Yadigar Sadıqlını lider görmək istəyənlər qruplar arasında mübarizə artıq açıq mübarizə müstəvisinə keçib. (Yadigar Sadıqlı bir müddət əvvəl o, partiya başqanlığına namizədliyini irəli sürəndə funksionerlərdən  Elman Fəttah və Tofiq Yaqublu, o cümlədən əksər Divan üzvləri onu dəstəkləyiblər). Bunu müsavatçı Fərəc Kərimlinin Yadigar Sadıqlıya etirazı və Y.Sadıqlının F.Kərimliyə cavabında da açıq-aşkar müşahidə etmək olur: “Müsavat qərargahının divarlarının hansı söyüşlər eşitdiyini bir dəfə sizə danışa bilərəm. Özü də bu gün məni qınayanlar tərəfindən səslənilən söyüşlər”. Daha maraqlısı isə odur ki, Y.Sadıqlı Müsavat Partiyasının sosial bazasının, ictimai dəstəyinin olmamasını da dilə gətirib: “Özünüzü aldatmaqda davam edirsiniz. Müsavatın gücünü çoxdan bitirmisiniz, partiyanın nüfuzu darmadağın olub. Bu gün “Müsavat güclənir” deməklə deyil. Novxanıdakı tədbirə Frankfurtdakından az adam gəlir. Reallığa qayıdın”.

Şübhəsiz, bütün bunlar əsasən 1992-1993-cü illərdə, necə deyərlər, tank və topların lülələrinin müşayiəti ilə hakimiyyəti zəbt edərək öz səriştəsiz və naşılıqları, savadsız idarəçilikləri ilə Azərbaycanın müstəqilliyini təhlükə altında qoyanlardan ibarət olan dağıdıcı müxalifət düşərgəsindəki əsl reallıqların cüzi bir hissəsidir. Pozucu-inkarçı, nihilist müxalifət düşərgəsindəki tablo göz önündədir: söyüş, təhqir, yumruq-təpik, “əəəə, yırtaram, dağıdaram, ağzını cıraram” və s. Bunlar yenidən hakimiyyətə gəlsələr (Allah göstərməsin) ölkədə baş verəcəkləri bir anlığa düşənmək belə insanı vahimələndirir: xaos, anarxiya, vətəndaş qarşıdurması, qardaş qırğını, aclıq, səfalət...