17 iyun 2020 11:14
2060

Müsbət meyillərin artırılmasına çalışmalıyıq və çalışırıq

Dövlətimizin başçısı İlham Əliyev üç modul tipli xəstəxananın açılışında “iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını” söyləyərək bir daha bildirmişdir ki, şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub, o cümlədən pandemiya dövründə

Koronavirus pandemiyası insanların həyatını təhdid etməklə yanaşı, dünya ölkələrinin iqtisadiyyatının bütün istiqamətlərdə durğunluğuna səbəb oldu. Pandemiyaya qarşı mübarizə tədbirlərinə yeni başlananda dövlətimizin başçısı İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən bu kimi məqamlara xüsusi diqqət yönəldərək bildirmişdir ki, pandemiya bütün dünyanın iqtisadi inkişafına böyük zərbə vurub.

Artıq dünyanın aparıcı maliyyə qurumları açıq bəyan edirlər ki, pandemiya nəticəsində yaşana biləcək böhran 2008-2009-cu illərin böhranından daha da ağır olacaq. Eyni zamanda, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi iqtisadiyyatımıza da böyük problemlər yarada bilər. Bütün bunlara baxmayaraq, bu ilin dövlət büdcəsinin icrası ilə bağlı heç bir problem olmamalıdır: “İlk növbədə, bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir, bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir. Eyni zamanda, bir daha büdcə xərclərinə baxmaq lazımdır və təcili olmayan layihələr təxirə salına bilər. Əlbəttə ki, bu layihələrin həyata keçirilməsi, yaxud da ki, əksinə, təxirə salınması məsələlərinə baxdıqda məşğulluq məsələlərinə də mütləq baxmalıyıq. Çünki dövlət xətti ilə həyata keçirilən investisiya layihələri, eyni zamanda, məşğulluğu təmin edir və əhalisi artan Azərbaycan üçün məşğulluq məsələsi, əlbəttə ki, ön plandadır.” Bu, ölkə Prezidentinin ilk gündən aidiyyəti qurumların qarşısına qoyduğu mühüm tapşırıq oldu.

 Bu fakt inkaredilməzdir ki, cənab İlham Əliyevin 2003-cü ildən “iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” tələbinə uyğun olaraq bu istiqamətdə atılan addımlar Azərbaycanın hər bir iqtisadi və maliyyə böhranından az itki ilə çıxmasına geniş imkanlar açır. Cari ilin birinci rübünün, xüsusilə yanvar-fevral aylarının sosial-iqtisadi göstəriciləri də deyilənləri bir daha təsdiqləyir. Ümumi daxili məhsul 2,8 faiz artıb. Qeyri-neft sektorunda artım 6,7 faiz, qeyri-neft sənaye sahəsində 21,7 faiz təşkil edir. İnflyasiya cəmi 2,8 faiz, əhalinin gəlirləri isə 9 faiz olub. Qeyd olunan aylarda vergi orqanları büdcəyə 170 milyon manat, gömrük orqanları isə 80 milyon manat vəsait daxil edib.

Yanvar-fevral ayları ilə müqayisədə artıq mart-aprel aylarında bu dinamikada geriləmə diqqətdən kənarda qalmır. Təbii ki, bu da başadüşüləndir. Bu baxımdan ki, pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi həmin dövrlərdə insanların sağlamlığının prioritetliyinə xüsusi önəm verildi. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə üç modul tipli xəstəxananın açılışında da bu məqama xüsusi diqqət yönəltmişdir. “...iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik. Mən bildirmişdim ki, keçən ay əldə edilmiş nəticələrdə kiçik də olsa, artım var - 0,2 faiz. Ancaq təxmin edirdim ki, beş ayın yekunları artıq tənəzzülü əks etdirəcək, belə də oldu” söyləyən dövlətimizin başçısı müqayisəli təhlil əsasında bildirmişdir ki, ümumi daxili məhsul beş ayda 1,7 faiz aşağı düşüb. Ancaq bir çox inkişaf etmiş ölkələrlə müqayisədə bizdəki tənəzzül çox kiçikhəcmlidir. Qeyri-neft sektorunda sənaye 14 faiz artıb. Kənd təsərrüfatı 3,6 faiz artıb. İnsanların orta əməkhaqqı 740 manata yaxınlaşıb. Bu, təqribən 430 dollardan çoxdur. İnflyasiya 3 faizdən aşağıdır, yəni, proqnozlaşdırılmış səviyyədədir.

Dünya ölkələrinin iqtisadiyyatında durğunluğun geniş vüsət aldığı bir dövrdə dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq ən böyük iqtisadi dəstək proqramlarını- pandemiyanın iqtisadiyyata mənfi təsirini minimuma endirəcək, makroiqtisadi sabitliyi qoruyacaq, vətəndaşların sosial müdafiəsini təmin edəcək paket hazırlandı və uğurlu icrasına başlanıldı. Bu yardım proqramları ölkəmizin iqtisadi və sosial gücünün təqdimatı kimi də dəyərləndirildi. Belə ki, ilk növbədə, yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri həll edildi. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılaraq pandemiyaya görə öz işini müvəqqəti olaraq itirən 600 mindən çox insana dövlət tərəfindən 190 manat birdəfəlik yardım göstərildi. Mövcud reallıqlar Azərbaycan dövlətinin zamanın istənilən çağırışına cavab vermək iqtidarında olduğunu nümayiş etdirdi. Dövlətimiz məhz zəruri iqtisadi və maliyyə imkanlarına arxalanaraq daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib və göstərməkdədir.

İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafına xüsusi diqqət göstərməklə həm iqtisadi, həm də maliyyə imkanlarının artırılmasına geniş imkanlar açıb. Eyni zamanda, neft gəlirlərinin idarə olunmasına şəffaflıq prinsipinin yüksək səviyyədə qorunması ölkəmizin hərtərəfli inkişafını təmin edən mühüm sosial-iqtisadi layihələri stimullaşdırdı. Qeyd edək ki, son 16 ildən artıq dövrdə ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollara yaxındır. Valyuta ehtiyatlarımız 52 milyard dollar təşkil edir. Yoxsulluq həddi 49 faizdən 4,8 faizə enib. Təbii ki, bu uğurlar dövlətimizin uğurlu, təkmil sosial-iqtisadi islahatlarının nəticəsidir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 2019-cu il Azərbaycanı bütün istiqamətlərdə təkmil islahatlara imza atan ölkə kimi tanıtdı. Hakimiyyətin hər üç- icra, qanunvericilik və məhkəmə-hüquq sistemində həyata keçirilən təkmilləşmə, yeniləşmə, dövlətimizin başçısı İlham Əliyevin hər bir dövlət məmurundan öz işinə daha məsuliyyətlə yanaşma çağırışı, bu və ya digər rayonların icra hakimiyyəti başçıları, dövlət strukturlarının rəhbərləri ilə görüşlərində qarşıya qoyduğu vəzifələr Azərbaycanın davamlı inkişafını şərtləndirən əsas amillərdir. Ən əsası “güclü dövlət, yüksək rifah” prinsipi hansı vəziyyətdən asılı olmayaraq öz aktuallığını qoruyur. Ötən il dövlətimizin başçısı İlham Əliyevin təsdiqlədiyi iki sosial paket əsasında 4,2 milyon insanın sosial rifah halının yaxşılaşdırılması təmin edildi. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faiz, müavinətlər 50 faiz və bəzi müavinətlər 2 dəfə artırıldı. “Bu il bir daha biz öz sosial məsuliyyətimizi nümayiş etdiririk. Biz vətəndaşların rifah halının düşməməsi istiqamətində əməli addımlar atırıq və hesab edirəm ki, bu sahədə də birincilik göstəririk” söyləyən cənab İlham Əliyev bu inamı ifadə etmişdir ki, genişmiqyaslı iqtisadi və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, eyni zamanda, həssas təbəqəyə aid olan vətəndaşları böhrandan qoruyacaq: ümumi iqtisadi inkişafla bağlı nəzərdə tutulan islahatlarımız dərinləşməlidir. Pandemiya burada bizə maneçilik törətməməlidir.

Dövlətimizin başçısı İlham Əliyev üç modul tipli xəstəxananın açılışında insanların sağlamlığının təminatı istiqamətində sistemli şəkildə görülən işlərə diqqəti yönəltməklə yanaşı, iqtisadi dinamikanı qorumağın da prioritetliyindən bəhs etmişdir. “Ona görə bütövlükdə baxanda bizim iqtisadi fəaliyyətimiz də bu müddət ərzində çox uğurlu olub. Ancaq iqtisadiyyat tənəzzülə uğrasa da, bərpa ediləcəkdir, insanların həyatını isə bərpa etmək mümkün deyil. İnsanların həyatı qiymətsizdir. Ona görə bu günə qədər və bundan sonra bizim üçün əsas amil insanların təhlükəsizliyi, sağlamlığıdır” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, xəstələrin, yoluxanların artan dinamikası göstərir ki, yumşalma tendensiyası buna gətirib çıxarıb. Amma yenə də vəziyyət nəzarət altındadır. Burada əsas amil yoluxanların və sağalanların arasında olan nisbətdir. Cənab İlham Əliyev bu müqayisəyə diqqəti yönəltmişdir ki, bir çox ölkələrdə ölüm hallarının kütləvi xarakter almasının əsas səbəbi həmin ölkələrdə səhiyyə sisteminin çökməsidir.

Azərbaycanda səhiyyə sisteminin inkişafı, dünya standartlarına cavab verən avadanlıqlarla təchiz edilməsi daim öz prioritetliyini qoruyub. Regionların malik olduğu imkanlardan səmərəli istifadə etmək məqsədilə təsdiqlənən və uğurla icra edilən Dövlət proqramlarında əsas istiqamətlərdən biri müasir diaqnostika mərkəzlərinin, xəstəxanaların tikintisidir. Bu gün əminliklə qeyd edə bilərik ki, Azərbaycan səhiyyəsi dünya standartlarına cavab verir, hər bir xəstəliyin müayinəsi və müalicəsi üçün bütün imkanlar mövcuddur. Artıq müalicə üçün xarici ölkələrə üz tutmağa ehtiyac yoxdur. Koronavirus pandemiyası Azərbaycanın səhiyyə imkanlarına bir daha aydınlıq gətirdi. Peşəkar həkim heyəti mövcud imkanlardan səmərəli istifadə edərək gecəli-gündüzlü xəstələrin sağlamlığının keşiyində dayanırlar. “Bu gün mövcud səhiyyə imkanlarımız bizə tam imkan verir ki, vəziyyət nəzarət altında qalsın” söyləyən dövlətimizin başçısı, eyni zamanda, bu çağırışı edir: “Ancaq hər kəs bilməlidir ki, bu vəziyyəti biz qorumalıyıq. Qorumalıyıq və müsbət meyillərin artırılmasına çalışmalıyıq və çalışırıq.”

Göründüyü kimi, Azərbaycanın malik olduğu iqtisadi imkanlar yaranan hər bir çətinliyi aradan qaldırmaq üçün təkmil inkişaf modeli ortaya qoymağa əsas yaradır. Ölkəmizin bu gün dünyaya birlik, həmrəylik çağırışı ünvanlaması və bunu əməlində təsdiqləməsi, ən əsası 30-a yaxın ölkəyə humanitar yardım göstərməsi yalnız daxildə deyil, beynəlxalq çərçivədə həyata keçirdiyi tədbirlərin təqdimatıdır. “Biz fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərdik. O ölkələr ki, buna onların ehtiyacı var və bizə müraciət etmişdilər. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk” bildirən cənab İlham Əliyev onu da qeyd edir ki, bu 15 ölkə Qoşulmama Hərəkatına üzv olan ölkələrdir. Ölkələrin siyahısı Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan tərəfindən razılaşdırılıb. Burada əsas meyar ən çox ehtiyacı olan ölkələrdir: “...tam məsuliyyətlə deyə bilərəm ki, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır. Bax, budur bizim ölkəmiz, budur müstəqilliyimizin üstünlükləri. Kimin ağlına gələ bilərdi ki, Azərbaycan bu bəla ilə təkbaşına, bu cür, belə məharətlə, peşəkarlıqla, təmkinlə, ləyaqətlə bacara bilsin. Hələ bəlkə 10 il, 20 il bundan əvvəl kimin ağlına gələrdi ki, Azərbaycan 30-a yaxın ölkəyə humanitar yardım göstərə bilər. O dövrdəki bəzi ölkələr indi o biri ölkələrə çatacaq humanitar yardımı da özlərinə, necə deyərlər, götürmüşdülər. Ona görə biz həm ölkə daxilində, həm beynəlxalq müstəvidə düzgün, ləyaqətli siyasət aparırıq. Ona görə bizə olan rəğbət və hörmət gündən-günə artır.”

Yeganə Əliyeva,

“İki sahil”