18 aprel 2019 16:36
658

Mussa Sissoko "Elə bildim, uduzmuşuq"

"Tottenhem"in futbolçusu Mussa Sissoko Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" ilə cavab  oyunundan (3:4) sonra fikirlərini bildirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 41-ci dəqiqədə zədə səbəbindən Fernando Lorente ilə məcburi əvəzlənən fransalı yarımmüdafiəçi komandasının yarımfinala yüksəlməyindən xəbərsiz olduğunu deyib: "Sterlinqin qolu zamanı ehtiyat oyunçular skamyasındaydım. Hesab 5:3 olduqdan sonra məyus oldum və paltardəyişmə otağına getdim. Otaqda tək idim. Baş verənləri izləyə biləcəyim televizor da yox idi. Beynimdə ancaq mübarizəni dayandırdığımız fikri var idi. Sonra otağa bir işçi girdi və məni tutub qucaqladı. "Mümkünsüzü bacardıq" dedi. Necə etdiyimizi soruşdum. Qolun VAR qərarı ilə ləğv olunduğunu söylədi. O an  zədəmi düşünmədən qaçaraq meydana qayıtdım".

Qeyd edək ki, "Tottenhem" səfər qolu sayəsində yarımfinala yüksəlib.