12 sentyabr 2019 11:18
1726

Müxalifətin qırğını - FOTO

YAXUD ƏN BÖYÜK QIRĞI KİMDİR?

Oxucularımızı daim demokratiyadan, haqq və ədalət uğrunda sivil siyasi mübarizə aparmasından pafoslu şəkildə danışan, özlərini tərifləyən radikal müxalifət düşərgəsinin yarımçıq siyasətçilərinin, onların trollarının qaldırdıqları toz-duman və yaranmış son vəziyyət barədə məlumatlandırmaq istəyirəm. AXCP-dən tutmuş Müsavata, ReAL-a, hətta “Osmanqızı” və “Azərbaycan saatı” kanallarına kimi o qədər yalan danışır və qeybət edirlər ki, ictimai rəyi zəhərlənmədən qorumaq üçün onların ifşası mütləqləşir. Bu mənada radikal müxalifət düşərgəsində qarşılıqlı saldırmalar o qədər geniş və çoxşaxəlidir ki, məsələ sistemli bir yanaşma tələb edir. Ona görə də çalışacağam ki, bütün detalları diqqətinizə çatdırım.

İlk olaraq radikal müxalifət düşərgəsində söz sahibi olmaq üçün savaşan, ənənəvi rəqiblər olan AXCP-Müsavat qarşıdurmasından başlayaq. Zaman-zaman Müsavat Partiyası ilə AXCP arasında savaşların baş verməsinin, qarşılıqlı ittihamların səsləndirilməsinin şahidi olmuşuq. Bu savaşlar isə bir qayda olaraq hər hansı siyasi-ictimai proseslər ərəfəsində qrant təşkilatları tərəfindən maliyyələşmə elanı verilərkən start götürür. Bu dəfə də Müsavatla AXCP arasında savaş başlayıb, lakin səbəb fərqlidir...

Bir müddət öncə Müsavat Partiyası Səbail rayon təşkilatının sədri Zakir İsmayıl “Facebook” hesabında cəbhəçiləri nəzərdə tutaraq yazıb ki, partiyanın gücü yalnız həbsdə olan üzvlərin sayı ilə müəyyən edilməz. Sitat: “Yaxşı lider yalnız özünü yox, rəhbərlik etdiyi təşkilatın üzvlərini də qorumağı bacarmalıdır”.

Məhz bundan sonra AXCP Ali Məclisinin üzvü Nicat Abdullazadənin, cəbhəçi Seymur Bayramovun, Nağı Cəbrayıllının, Müsavat Partiyası Suraxanı rayon təşkilatının sədri Arzulla Buludlunun, müsavatçı Vüsal Həsənovun və başqalarının iştirakı ilə qarşılıqlı ittiham və təhqirlərlə müşayiət olunan polemika müşahidə olunub. Hətta müsavatçı Vüsal Həsənov onları təhqir edən cəbhəçilərə sual edib ki, Müsavat hakimiyyətə gələcək deyəndə, hansısa təşkilatın və ya partiyanın başına niyə daş düşür?

Vəziyyət belədir ki, AXCP ilə Müsavat Partiyası arasında bu savaş hələ bir müddət davam edəcək. Doğrudur, onların xalq arasında hörməti və dəstəyi olmasa da və ən azından hakimiyyət uğrunda deyil, radikal düşərgədə “ana müxalifət” adı uğrunda savaşı davam etdirə bilərlər...

***

Müxalifət düşərgəsində özünü novator qüvvə kimi aparan ReAL Partiyası ilə AXCP arasında da qalmaqal böyüyür. Bütün proseslər isə ReAL sədri İlqar Məmmədovun seçkini boykot edənləri erməni əlaltısı adlandırmasından sonra başladı. Buna sərt cavab verən Əli Kərimli ReAL-a və onun rəhbərliyinə qarşı trol hücumlarına start verdi.

İlk hücum isə ABŞ-da yaşayan müxalifyönlü jurnalist İsmayıl Cəlilovun rəhbərlik etdiyi “Düz danışaq” kanalında İlqar Məmmədovun müsahibəsi zamanı baş tutdu.

Ardınca isə AXCP Ali Məclisinin üzvü Nicat Abdullazadənin, Ayaz Məhərrəmlinin, AXCP GK sədri Emil Səlimovun və başqalarının iştirakı ilə Natiq Cəfərliyə “Azad söz”ə müsahibəsi zamanı trol hücumu oldu.

İlqar Məmmədovun və Natiq Cəfərlinin sonrakı “öldürücü” zərbələrinə cavab olaraq AXCP total hücuma keçdi və daha çox ReAL-ı təhqir etdi, ələ saldı. AXCP tərəfdən ReAL-a olan hücumlara Fuad Qəhrəmanlı, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Sevinc Osmanqızı, Qənimət Zahid, İbrahim İbrahimli, İlham Hüseyn və başqaları da qoşuldular.

Gültəkin Hacıbəylinin “faşist” adlandırdığı ReAL rəhbərliyini, Sevinc Osmanqızı “Facebook” səhifəsində kinayəli status yazaraq köhnə tullantı kimi qələmə verməklə təhqir etdi.

ReAL sədri İlqar Məmmədov da status paylaşaraq yazdı ki, jurnalist Sevinc Osmanqızı faktiki olaraq AXCP-nin mətbuat katibi funksiyasını yerinə yetirir. Bunu biləndən sonra o, S.Osmanqızı ilə əlaqələrini kəsib. Sitat: “Əməkdaşlığı kəsdim, çünki mənim bir partiya sədrinə deməyə sözüm varsa, birbaşa özünə deyərəm, mətbuat xidmətinə yox”.

Əli Kərimlinin, cəbhəçi trolların, Sevinc Osmanqızının və başqalarının İlqar Məmmədovu, Natiq Cəfərlini və ReAL-çıları hədəfə almasından sonra bu kampaniyaya Qənimət Zahid də öz “töhfəsini” verdi. “Azərbaycan saatı”nda canlı efirdə olan “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli İlqar Məmmədovu və Natiq Cəfərlini uşaq, tərbiyəsiz və gerizəkalı adlandırmaqla təhqir etdi. Əli Kərimlinin “qidalandırdığı” Fuad Qəhrəmanlı isə İlqar Məmmədovun Salyanda tək ağacla şəkil çəkdirməyini əsas gətirməklə, 10 nəfər belə tərəfdarının olmadığını, mandat üçün çalışdığını deyib, onu ələ saldı.

Düşərgə stəkanında fırtınanı görən Bəxtiyar Hacıyev də mübahisələrdən kənarda qalmamaq və “mən də varam” prinsipi ilə döyülən tərəfə hücum edib. İlqar Məmmədovun son statusuna ilişməklə öz aləmində “siyasi hücum” edib. Bununla da guya gizli də olsa, xidmət göstərdiyi AXCP sədri Əli Kərimliyə yarınmaq niyyətini ortaya qoyub...

***

AXCP-Müsavat və AXCP-ReAL qarşıdurmaları fonunda Əli Kərimlinin “Osmanqızı” kanalında mühacirlərə qarşı səlib yürüşünə xeyir-dua verməsindən sonra Sevinc Osmanqızı, Qənimət Zahid, Natiq Ədilov və digərləri Avropada və ABŞ-dakı mühacirlərə qarşı hücumlara başladılar. Bu kampaniyada xüsusi fərqlənən Sevinc Osmanqızı Əli Kərimlini ifşa edən ABŞ-dan İsmayıl Cəlilovu, Hollandiyadan Nahid Cəfərovu, həmçinin Müsavatın mühacir alverini ifşa edən Laçın Məmişovu və başqalarını hədəfə aldı. Sevinc Osmanqızı hər gün canlı yayımda Əli Kərimlinin müdafiəsi üçün bu və digər formada mühacirlərə hücum edir, onları alçaldır, həvəsdən salmağa çalışır.

Elə Natiq Ədilovun paylaşdığı Osmanqızının Nahid Cəfərova hücum videosunda açıq şəkildə ittihamlar səslənir. Həmin videoda S.Osmanqızı bildirir ki, şəxsən özü N.Cəfərovu “Osmanqızı” kanalına çıxarmaq istəmir. O, N.Cəfərovu uzun-uzadı yalan danışmaqda, özü barəsində “demokrat” obrazı yaratmaqda, cılızlaşmaqda, qeyri-səmimilikdə ittiham edib. Deyib ki, N.Cəfərov müxalifətə qarşı müxalifətçilik etdiyinə görə “Osmanqızı” kanalına dəvət olunmur.

Bir məsələyə də aydınlıq gətirək ki, Nahid Cəfərov hər zaman cəbhəçilərin trolluq fəaliyyətini və Əli Kərimlinin AXCP daxilində diktatura yaratdığını dilə gətirib. Bu səbəbdən də cəbhəçilərin, eləcə də Əli Kərimlinin maraqlarını müdafiə edən Osmanqızının və Qənimət Zahidin qara siyahısına düşüb.

Ən səs-küylü qarşıdurmalardan biri də Əli Kərimli-Sevinc Osmanqızı-Qənimət Zahid triosu ilə ABŞ-da yaşayan müxalifyönlü jurnalist, “Düz danışaq” kanalının rəhbəri İsmayıl Cəlilovla baş verdi. Qeyd etdiyimiz kimi, Əli Kərimli İlqar Məmmədova ilk trol hücumunu həmin İsmayıl Cəlilovun “Düz danışaq” kanalında etmişdi.

Məhz, bu hücumla bağlı “Facebook” səhifəsində 2 status paylaşan İsmayıl Cəlilov Əli Kərimlini və cəbhəçiləri nəzərdə tutaraq yazıb ki, “200 dislike qoymaq naminə yenə də özünüzü biabır etdiniz. Trollara bayraqdarlıq edənin özü troldur. Özü də yekəsi. Siyasi mübarizəyə bax da...”

İsmayıl Cəlilov, eyni zamanda, “Osmanqızı” və “Azərbaycan saatı” kanallarının fəaliyyətini də tənqid və ifşa edib. “Facebook” hesabında paylaşdığı statusda yazıb ki, Azərbaycan dilində yayımlanan kanalların böyük əksəriyyəti botlar, proqramlar işlədir. Sitat: “Süni sürətdə izləyiş və abunəçi saylarını şişirdirlər, özlərini olduqlarından daha da populyar göstərməyə cəhd edirlər. Kanaldan kanala qonan botlar qrupu var.

Bu botlar hər biri öz tərəfdarı saydıqları kanalda əvvəlcədən proqramlanmış şüarlar və şərhlər yazır, kanaldan kanala keçir və izləyiş saylarını, şərh saylarını artırırlar. Özü də özlərinə savadlı, təcrübəli jurnalist deyənlər də bu oyunları oynayırlar, onlar ayrıca utanmalıdır”.

Əlbəttə ki, İsmayıl Cəlilovun AXCP sədri Əli Kərimlini trol ordusu saxlamaqda, cəbhəçi trolları qaragüruhçuluqda ittiham etməsi, eyni zamanda, Sevinc Osmanqızının və Qənimət Zahidin “Youtube” kanallarında fırıldaq işlərlə, saxtakarlıqla məşğul olduqlarına eyham vurması cavabsız qalmadı. Həm “Osmanqızı”, həm də “Azərbaycan saatı” kanallarında trollarla birgə moderatorlar da İsmayıl Cəlilovun ünvanına təhqirlər yağdırdı, hətta onu təhdid etdilər. “Cəbhəçilər şmon edər donuzun kanalını”, “Əli bəyə görə İsmayılın təpəsini əzərik”, “Səni asarıq, siyahımızdasan” kimi ifadələr işlədiblər.

Qarşılıqlı ittihamlar və təhqirlərlə müşayiət edilən bu savaşda İsmayıl Cəlilov növbəti dəfə status paylaşmaqla Sevinc Osmanqızını tülkü, hiyləgər adlandırdı və “Osmanqızı” kanalının “Əli Kərimli” TV-yə çevrildiyini bildirdi. Osmanqızının “Meydan” TV-dən qovulmasının səbəblərini də izah edən müxalifyönlü jurnalist qeyd edib ki, Sevinc Osmanqızı kanalında 10.000 izləyiciyə 44 dollar ödəyir.

Məhz bundan sonra Sevinc Osmanqızı kanalında İsmayıl Cəlilovun adını çəkməsə də, onun bostanına əməllicə daş atdı. Sitat: “Hökumətin maliyyə dəstəyi ilə xeyli sayda kanallar açılır. Əsasən də mühacirətdə olanlar bunu yaradır. Yəqin ki, həmin adamı xaricə atmaqla, o şəxs barədə imic formalaşdırırlar, etimad qazandırırlar. Artıq belə kanallar ABŞ-da, Avropanın bir neçə şəhərində var...”.

Təbii olaraq qarşıdurma bununla yekunlaşmadı və beynəlxalq donor təşkilatlarına müraciət edən İsmayıl Cəlilov canlı yayıma çıxaraq, Sevinc Osmanqızını və Əli Kərimlini sərt sözləri və sualları ilə ifşa etdi. İsmayıl Cəlilov bu gün də Osmanqızının və Kərimlinin cavablandırmadığı, lakin ictimaiyyəti narahat edən suallar ünvanladı. O, Osmanqızına ünvanlamaqla soruşub ki, “Sevinc Osmanqızı, səni kim maliyyələşdirir? ABŞ-da vergi verirsənmi? Şəxsi mənzilini necə almısan? Əli Kərimli sənə maliyyə verirmi və hansı mənbədən verir?”. İsmayıl Cəlilov, eyni zamanda, Əli Kərimliyə də müraciət edərək deyib ki, trol ordusu ilə hakimiyyətə gəlmək mümkün deyil. Sorğu edib ki, bu səviyyəsizliklə prezidentlik iddiasinda olmaq olarmı? Yaxud sabah Trampla görüşəndə deyəcəksən ki, gəlib Amerikanı şmon edərik? Bu nə cilizliqdir?

Görünən odur ki, Sevinc Osmanqızı qrant oyununda pay bölgüsünü ancaq AXCP, Müsavat və Qənimət Zahidlə aparmaq fikrindədir. Eyni zamanda, Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasında AXCP və Müsavat üçün yeganə media ruporu olmaq niyyətindədir. Ona görə də həm Müsavatı və AXCP-ni ifşa edib gözdən salan jurnalistlərə, həm də Avropada və ABŞ-da “Youtube” üzərində kanal açmış mühacirlərə hücumlar edir, onları “boğmağa” çalışır. Aydınlaşan məqam odur ki, Əli Kərimli də müxalifətin yeganə ruporu olaraq ancaq “Osmanqızı” və “Azərbaycan saatı”nı görmək niyyətindədir.

***

Bir sözlə, hazırda müxalifət düşərgəsində nüfuz savaşı gedir. Diqqətinizə təqdim etdiyim məlumatlardan və faktlardan da müəyyən edə bilərsiniz ki, bu savaşların və qarşıdurmaların episentrində AXCP sədri Əli Kərimli durur. Görünür ki, onun maraqlarına və planlarına kim mane olursa, o, hədəfə çevrilir, trol hücumlarına məruz qalır, təhqir və təhdid edilir. Özü, müavinləri, “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvləri ReAL və Müsavatı, Qənimət Zahid və Sevinc Osmanqızı isə mühacirləri, bloqgerləri hədəfə götürüblər. Deyəsən, AXCP yenidən müxalifəti monopoliyaya almağa cəhd göstərir və bu prosesdə ən böyük qırğı da elə Əli Kərimlidir...

Ramil Vəlibəyov,

YAP Nizami RT GB sədrinin müavini,

siyasi elmlər üzrə fəlsəfə doktoru