21 avqust 2019 15:44
886

Muxtar respublikada kompleks tədbirlər görülür

Muxtar respublikada daxili bazarın yerli keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsində xüsusi payı olan ailə təsərrüfatlarının inkişafı istiqamətində dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilir, belə təsərrüfatların yaradılmasına, onların fəaliyyətlərinə hərtərəfli qayğı göstərilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Şahbuz rayonunun Kolanı Kənd Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq keçirilən seminar-müşavirədə səsləndirilib.

Tədbirdə çıxış edən icra hakimiyyətinin əməkdaşı Arzu Əhmədov bildirib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilməsi, Ali Məclis Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması şahbuzlu ailə təsərrüfatçılarına böyük stimul olub, bölgədə yeni təsərrüfatların formalaşmasına geniş imkanlar açıb.

“Yaradılan əlverişli şərait ailə təsərrüfatlarının sayının artması ilə yanaşı, ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar yaradır. Şahbuz rayonunda da son illər çox sayda ailə təsərrüfatları formalaşıb. Mütəmadi olaraq keçirilən festivallarda həmin təsərrüfatların məhsulları yüksək səviyyədə nümayiş olunur və təqdirəlayiq qiymətini alır”, – deyən Arzu Əhmədov vurğulayıb ki, seminar-müşavirənin keçirilməsində məqsəd ailə təsərrüfatı quran insanlara hərtərəfli kömək göstərmək, onları öz təsərrüfatlarını inkişaf etdirmək üçün düzgün istiqamətləndirməkdən ibarətdir.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xaliq Abbasov, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Oqtay Məmmədov, İqtisadiyyat Nazirliyinin əməkdaşı İsa Novruzov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşı Əli Şərifov və AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Loğman Bayramov çıxış ediblər. Çıxışlarda muxtar respublikada əkinçiliklə məşğul olan ailə təsərrüfatlarının inkişaf etdirilməsində yaz və payız əkinlərinin əkin atlaslarına uyğun aparılmasının və növbəli əkin sisteminin tətbiqinin əhəmiyyəti, ailə təsərrüfatlarına məxsus torpaqlardan səmərəli istifadə olunması yolları, ailə təsərrüfatlarının inkişaf etdirilərək kiçik sahibkarlıq subyektlərinə çevrilməsi məqsədilə maarifləndirici tədbirlərin genişləndirilməsi və digər məsələlərlə bağlı geniş məlumat verilib.

Sonra suallar cavablandırılıb, ailə təsərrüfatçılarına maarifləndirici bukletlər paylanılıb.

Qeyd edək ki, seminar-müşavirə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, İqtisadiyyat nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.