22 fevral 2020 14:55
1873

Muxtar respublikada ÜDM-in tərkibində ilk yeri sənaye sahəsi tutur

Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur.

Muxtar respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Sənaye üzrə 93 milyon 691 min 700 manat dəyərində məhsul istehsal edilib. Bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.

Muxtar respublikanın hərtərəfli iqtisadi inkişafında sənaye sahələrinin genişləndirilməsinin mühüm rolu vardır. Sənaye məhsulunun həcminə görə ölkəmizin iqtisadi rayonları arasında öncül yerlərdən birini tutan Naxçıvanda bu sahə yüksəkgəlirliyi ilə seçilir. Məhz buna görə də regionun gələcək inkişafı üçün sənaye istehsalının dayanıqlı və yüksək artım tempinin təmin edilməsi, strukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması dövlət siyasətinin əsas məqsədlərindəndir.

Ölkəmizdə iqtisadiyyatın çoxşaxəliliyinin təmin olunması və qeyri-neft sektorunun inkişafı istiqamətində müəyyən edilmiş strategiyaya uyğun olaraq Naxçıvan Muxtar Respublikasında həm yerli xammala əsaslanan, həm də yüksək texnologiya bazalı sənaye müəssisələrinin yaradılması işi uğurla davam etdirilir.