09 aprel 2020 19:05
1483

Muxtar respublikanın mədəniyyət və incəsənət müəssisələri onlayn xidmət göstərirlər

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sisteminə daxil olan bir sıra müəssisələr onlayn fəaliyyətə başlayıblar.

Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, rayon (şəhər) Mərkəzləşdirilmiş Kitabxana Sistemləri tərəfindən evlərə sifarişlər əsasında kitabların çatdırılması xidmətinə start verilib.

Qeyd edilən kitabxanaların rəsmi sosial şəbəkə səhifələrində göstərilmiş əlaqə telefonlarına zəng vurmaqla oxucunun istəyinə uyğun kitablar ünvana çatdırılır. Həmçinin oxucular Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elektron kitabxanasının http://e-kitab.nakhchivan.az vebsaytına daxil olmaqla elektron kitabxanadan yararlana bilərlər.

Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) Mərkəzləşdirilmiş Kitabxana Sistemləri ənənəvi “Nağıl günləri”nin onlayn təqdimatına başlayıb, kitabxananın əməkdaşları tərəfindən nağılların oxunması və cizgi filmlərinin nümayişi sosial şəbəkə hesablarında paylaşılır.

“Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan kitablar haqqında audio təqdimatlar və məlumatlar da hazırlanaraq paylaşılır.

Muxtar respublikada fəaliyyət göstərən muzeylərdən onlayn qısa virtual ekskursiyaların hazırlanaraq nazirliyin saytında və nazirliyin sistemində fəaliyyət göstərən müəssisələrin sosial şəbəkə hesablarında paylaşılması da davam edir. Həmçinin görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığı, əlamətdar və tarixi günlər, milli adət-ənənələr haqqında məlumatlar və video materiallara mədəniyyət müəssisələrinin sosial şəbəkələrində də rast gələ bilərsiniz.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan təhsil müəssisələrində isə onlayn dərslər davam edir.

İzləyicilər Naxçıvan Dövlət Filarmoniyasının “Muğam üçlüyü”nün onlayn konsertini aprelin 15-də saat 12.00-da Naxçıvan Televiziyasında və nazirliyin internet resurslarında canlı izləyə biləcəklər.