09 fevral 2019 15:15
161

Muxtariyyətimizin və müstəqilliyimizin bəhrələri

Naxxçıvan beş min ildən artıq şəhər mədəniyyətinə, çoxəsrlik tarixə, dövlətçilik ənənələrinə malik, qütblərin və qitələrin qovuşduğu, Böyük İpək Yоlunun üzərində yеrləşən bir məkandır. Bu qədim diyar xüsusi əlverişli coğrafi mühitdə, mühüm geostrateji mövqedə yerləşdiyinə, təbii sərvətlərlə zəngin olduğuna görə tarixən beynəlxalq mənafelərin kəsişdiyi, siyasi maraqların toqquşduğu bir ərazi olub. Naxçıvanın keşməkeşli, siyasi və hərbi mübarizələr dolu şanlı salnaməsində onun 95 illik muxtariyyət tarixinin özünəməxsus yeri var.

Az qala bir əsrə yaxın həmin tarixi dövr bir daha sübut edir ki, 1924-cü il fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının yaradılması bu qədim diyarın gələcək müqəddəratının həlli, erməni işğalından qorunması, ümumiyyətlə, ölkəmizin ərazi bütövlüyünün təmin olunması baxımından çox mühüm siyasi əhəmiyyətə malikdir. Doğma diyarımızın muxtariyyətinin yaradılmasının yubileyləri dəfələrlə dövlət səviyyəsində qeyd olunmuş, ötən dövrlə bağlı müxtəlif elmi-tədqiqat işləri, müqayisəli statistik təhlillər, araşdırmalar aparılmış, muxtariyyət tariximiz elmi-kütləvi, bədii-publisistik əsərlər mövzusuna çevrilmişdir. Bu məqalədə muxtariyyətin ən böyük nailiyyətindən, milli azadlıq hərəkatının başlandığı dövrə, müstəqillik illərinə təsadüf edən mühüm tarixi mərhələdə milli şüurumuzda, siyasi, hərbi, iqtisadi, mədəni təfəkkürümüzdə inqilabi yeniliklər yaratmasından danışacağıq.

Müstəqillik ideyalı milli təfəkkür işığında

Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan ərazilərinə erməni iddialarının baş qaldırması, mərkəzin ikiüzlü siyasət yürüdərək hadisələri alovlandırması heç də “tarix təkrar olunur” möcüzəsi deyil, 1918-1920-ci illərdə də Naxçıvanı Azərbaycandan qoparmaq istəyən bədnam Ermənistanın mənfur işğalçılıq siyasətinin növbəti təzahürü idi. Muxtariyyət statusunun qədim diyarımızın təhlükəsizliyinin təmin olunmasında necə müstəsna rol oynaması ilk olaraq erməni təcavüzünə məruz qalan Naxçıvanın 1990-cı il yanvarın 19-da keçmiş SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etməsində göstərdi. Bu, o dövr üçün SSRİ kimi nəhəng bir imperiyanı məhvərindən sarsıtmaq, məhvini labüdləşdirmək kimi analoqu olmayan, qətiyyət və cəsarət tələb edən siyasi hadisə idi.                                            Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin iyul ayında Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi blokada nəticəsində iqtisadi və siyasi böhran məngənəsinə düşən, erməni yaraqlılarının hücumları ilə təkbətək qalan muxtar respublikanı məhv olmaq təhlükəsindən xilas etdi. Müstəmləkəçiliyə qarşı kütləvi şəkildə mübarizəyə qalxan naxçıvanlılar məhz yeganə xilasedici liderin – ulu öndərin ətrafında bir yumruq kimi sıx birləşməklə erməni işğalçılarını yerində oturda, Naxçıvana qarşı biganə münasibət göstərən Azərbaycanın mərkəzi hakimiyyətinə öz etiraz səslərini ucalda bildilər. Naxçıvan şəhəri milli müstəqillik ideyalarının ilk rüşeymlərinin yetişdiyi paytaxta, gələcək müstəqilliyimizin bərqərar olmasında əhəmiyyətli siyasi-tarixi rol oynayacaq mütərəqqi ideyalar məkanına çevrildi.                                         Ulu öndərin 1990-1993-cü illərdə – Naxçıvanın taleyinin həll edildiyi bir məqamda buradakı siyasi fəaliyyəti dövrü Azərbaycanın dövlətçilik tarixinin mühüm bir mərhələsini təşkil edir. Görkəmli dövlət xadiminin rəhbərliyi ilə Naxçıvan parlamentində muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı bərpa edilmiş, dünya azərbaycanlılarının birliyini rəsmiləşdirmək üçün 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü elan edilmiş, 20 Yanvar faciəsinə və Xocalı soyqırımına siyasi qiymət verilməsi tələbi irəli sürülmüşdür. Süquta məhkum SSRİ-ni bərpa etmək xülyası ilə irəli sürülən və müttəfiq respublikaların suveren hüquqlarını pozan “ittifaq müqaviləsi”nin əsl mahiyyətini dahi şəxsiyyətin böyük siyasi uzaqgörənliklə xalqa çatdırması, naxçıvanlıların bu referendumda iştirakdan birmənalı şəkildə imtina etməsi muxtariyyət statusunun bu diyara bəxş etdiyi mühüm tarixi-siyasi nailiyyət idi. Bu gün yarım milyondan artıq siyasi həmfikri öz ətrafında toplayan, liderliyini qoruyub saxlayan Yeni Azərbaycan Partiyasının təməli də məhz 1992-ci ildə ulu öndərimizin rəhbərliyi ilə Naxçıvan şəhərində qoyulmuşdur. Bu qətiyyətli siyasi addımlar bir daha sübut edir ki, Naxçıvan həmin dövrdə, ümummilli liderin rəhərliyi ilə, Azərbaycanın gələcək müstəqil dövlət quruculuğu konsepsiyasının işlənilib hazırlandığı baş qərargah rolunu oynamışdır.                                            Ulu öndərin siyasi fəaliyyətindən və artan nüfuzundan ciddi narahatlıq keçirən ovaxtkı iqtidar onu hakimiyyətdən kənarlaşdırmaq üçün Naxçıvanın beynəlxalq müqavilələrlə təsbit olunmuş muxtariyyətini ləğv etmək istəyirdi. Bu, çətin və mürəkkəb ictimai-siyasi proseslər dövründə Naxçıvanı yenidən “mübahisə zonası”na çevirməklə ermənilərə könüllü təslim etmək demək idi. Bu həm də naxçıvanlıların tarixi iradəsi əleyhinə getmək idi. Məlumdur ki, 1918-1920-ci illərdə də Naxçıvan əhalisi, ziyalıları diyarın ingilislər tərəfindən Ermənistana verilməsinə qarşı çoxlu qurbanlar bahasına şərəfli mübarizə aparmış, daşnak qüvvələrini darmadağın edib şəhərdən qovmuşlar. Bütün müsibətlərə sinə gərərək ermənilərin işğal planlarını puça çıxaran naxçıvanlılar milli ləyaqət mücəssəməsinə çevrilmişlər. 1921-ci ilin yanvarında keçirilmiş rəy sorğusu zamanı bölgə əhalisinin 90 faizindən çoxu Naxçıvan diyarının muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs verməklə siyasi iradə nümayiş etdirmişdir. Görkəmli dövlət xadimi muxtariyyət əleyhinə çıxan, bütövlükdə, Azərbaycanın ərazi toxunulmazlığını təhlükə altında qoyan milli və siyasi təfəkkürdən uzaq “siyasətçi”lərlə qətiyyətlə mübarizə aparmış, 1992-ci ilin mart və avqust aylarında Türkiyə Respublikasına səfəri zamanı Mos¬kva və Qars müqavilələrini yenidən gündəmə gətirmişdir. Dahi rəhbər dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməklə, Naxçıvanın muxtariyyət statusuna ikinci həyat bəxş etməklə Ermənistanın ilk və ən böyük beynəlxalq siyasi məğlubiyyətə uğramasına nail olmuşdur. Ulu öndər demişdir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq”. Ümummilli liderin rəhbərliyi ilə işlənib hazırlanan, 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən möhkəmləndirdi.                                        Muxtar respublikanın statusunun və sərhədlərinin beynəlxalq təşkilatlar səviyyəsində tanıdılması siyasəti bu gün də uğurla həyata keçirilir. 2012-ci il oktyabrın 16-18-də Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburqda keçirilən 23-cü plenar sessiyasında qəbul olunan sənədlərin birində Naxçıvan Muxtar Respublikası ilə bağlı çox mühüm və tarixi əhəmiyyətli məqam əks olunmuşdur. Ali Məclis Sədrinin tövsiyəsi ilə hazır¬lanmış həmin hissənin nümayəndə heyəti tərəfindən Memoranduma daxil edilməsi Azərbaycan, xüsusilə Naxçıvan Muxtar Respublikası üçün böyük siyasi əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikasının statusunu, sərhədlərini müəyyən edən, 1921-ci ildə qəbul olunan Moskva və Qars beynəlxalq müqavilələrinin hüquqi qüvvəsinin Avropa Şurası kimi nüfuzlu bir beynəlxalq təşkilat tərəfindən tanınması böyük diplomatik uğur kimi tarixə yazılmışdır.

“Bir millət, iki dövlət” ideyası gerçəkləşdi

Böyük kapitalist dövlətlərinin, bolşevik Rusiyasının Naxçıvanı Ermənistana verməkdə məqsədi Türk dünyasının bir-biri ilə əlaqəsini kəsmək idi. Lakin 70 illik böyük bir tarixi dövrdə sovet ideoloqlarının apardıqları ruslaşma siyasəti belə, naxçıvanlıların milli təfəkküründəki türkçülük ideyalarını sarsıda bilməmişdi. “Bir millət, iki dövlət” məramının reallığa çevrilməsi mərhələsi də Mustafa Kamal Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvandan başlanmışdı. Naxçıvanın muxtariyyət statusunu təsbit edən beynəlxalq müqavilənin tərəfdaşlarından olan Türkiyə Cümhuriyyətinin muxtar respublikanın bu illər ərzində qorunub saxlanılmasında, inkişafında özünəməxsus rolu olmuşdur. 1992-ci ilin martında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında əlaqələrin əsası qoyulmuşdur. Həmin dövrdə ulu öndər Heydər Əliyevin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu” imzalanmış, həmin il mayın 28-də iki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan ¬Sədərək-Dilucu körpüsü istifadəyə verilmişdir. Avropa ilə Asiyanı, Türk dünyasını birləşdirən, illərin həsrətini sona çatdırmaqla sabaha ümid yaradan bu körpü ilə Azərbaycan-Türkiyə arasındakı gələcək mənəvi birliyə, həmrəyliyə, müttəfiqliyə körpü salınmışdır. Ötən bu illər ərzində Türkiyə-Azərbaycan əlaqələrində, Türk dünyasının birlik və həmrəyliyində Naxçıvanın xüsusi yeri olmuşdur. 2008 və 2017-ci ¬illərdə Türkiyənin Baş nazirinin ¬Naxçıvana səfər etməsi, 2009-cu ildə isə Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşünün Naxçıvanda keçirilməsi, sammit çərçivəsində “Naxçıvan Bəyannaməsi”nin imzalanması bunun daha bir sübutu kimi mühüm tariхi hadisədir. 2010-cu ilin oktyabr ayında Azərbaycan-Türkiyə Biznes-Forumunun Naxçıvanda keçirilməsi isə iqtisadi əlaqələrin yeni müstəvidə sürətli inkişafı üçün əlverişli imkanlar açmışdır.                                         Ali Məclis Sədrinin 2010-cu il 26-29 aprel tarixlərində Türkiyə Respublikasına rəsmi səfər etməsi, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasındakı münasibətlərin sonrakı inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. Naxçıvanla Türkiyə arasında hava nəqliyyatının yaradılması və Bakı-Tbilisi-Qars-Naxçıvan dəmir yolu xəttinin inşası blokada vəziyyətində yaşayan Naxçıvanın qardaş ölkə ilə əlaqələrindəki tarixi rolunun bərpasına hesablanmış məqsədyönlü addımlardır. Ötən il Türk Şurası Gənc Liderlərinin ilk forumunun coğrafi cəhətdən də türk toplumlarının mərkəzində yerləşən Naxçıvanda keçirilməsi mərkəz kimi Naxçıvanın əhəmiyyətini daha da artırdı. Ali Məclis Sədrinin forumda irəli sürdüyü Naxçıvanda Türk Universitetinin yaradılması təşəbbüsünün reallaşması eyni soykökə, ortaq mədəniyyətə və tarixə malik olan türkdilli ölkələrin gənc¬ləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi və inkişafı üçün geniş imkanlar açacaqdır.

Xalq-ordu-rəhbər birliyi qələbənin rəhnidir

Muxtariyyətin qorunmasını şərtləndirən başlıca amillərdən biri vətənpərvərlik hissinin gücləndirilməsi, Vətəni müdafiə əzminin formalaşdırılması idi. Naxçıvan 1918-1920-ci illərdə olduğu kimi, 80-ci illərin sonlarında da erməni hücumlarına qarşı təkbətək, əliyalın mübarizə aparmalı oldu. Naxçıvan Vətənə sədaqət, rəhbərə inam, iradə və qətiyyət hesabına işğal təhlükəsindən qurtardı. Bir vaxtlar həmyerlilərimiz Sovet Rusiyasının ucqarlarında, tikinti-inşaat dəstəsində çalışmaqla hərb sənətindən uzaq hərbi xidmət keçməyə məcbur edilirdisə, artıq Vətən sərhədlərini müdafiəyə, müstəqil dövlətin ərazi bütövlüyünü qorumağa layiq hərbi heyət yetişdirilməyə başlanıldı. Ümummilli liderimiz Ali Məclisin Sədri seçildikdən cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Ali Məclis “Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında” Qərar qəbul etdi. Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülməyə başlandı. Burada yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanması təmin olundu, əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və ulu öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada Milli Ordu yaradıldı, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası qoyuldu.                                                Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ulu öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirməsi nəticəsində uzun illər ərzində formalaşmış Əlahiddə Ümumqoşun Ordu bu gün yerləşdiyi coğrafi mövqeyə, kontingentinə və döyüş qabiliyyətinə görə keçmiş SSRİ və indiki MDB ölkələrinin silahlı qüvvələri səviyyəsində analoqu olmayan statusa -malikdir. 

2017-ci il oktyabrın 18-də – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş hərbi parad Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələrinin güc və qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi, xalqımızın milli qürurunu və qələbəyə inam hisslərini daha da artırdı.                                                Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi və hərb tariximizə qızıl hərflərlə yazılan uğurlu Günnüt əməliyyatı Azərbaycan əsgərinin rəşadət əzmini bir daha göstərdi. Belə ki, 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektar ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca Qızılqaya və Qaraqaya kimi əlverişli yüksəkliklər geri qaytarıldı. İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna tam nəzarət əldə olundu. Bu qələbə qədim hərb ənənələrinə malik olan muxtar respublikanın ərazi toxunulmazlığını, Azərbaycan əsgərinin rəşadət əzmini bütün dünyaya bəyan etdi.

Yeni iqtisadi təfəkkür blokadada iqtisadi inkişaf modelinin əsasıdır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun da qeyd etdiyi kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyin bərpası istiqamətində görülən tədbirlər təkcə siyasi müstəvidə getmirdi. Yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğunlaşdırılan iqtisadi model də formalaşdırıldı, aqrar islahatların həyata keçirilməsi barədə tarixi qərarlar qəbul edildi. Naxçıvan blokadanın yaratdığı iqtisadi böhran kimi ağır sınaqdan mətinliklə çıxmışdır. Dahi şəxsiyyətin rəhbərliyi, naxçıvanlıların əzmkarlığı, iradə və gücü ilə dağılmış iqtisadiyyat bərpa edildi. 1990-1993-cü illərdə Naxçıvanda qonşu dost ölkə¬lərlə əlaqələrin yaradılması, ərzaq, enerji təminatı məsələlərinin həlli, ölkənin paytaxtı ilə hava yolu əlaqəsinin genişləndirilməsi, aqrar islahatlara başlanılması kimi mühüm işlər görüldü. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilməsi, torpaq islahatlarına ilk dəfə Naxçıvanda başlanması insanlarda halal torpağına və halal qazancına sahiblik haqqı kimi yeni təfəkkür formalaşdırmış, zəhmət adamlarını torpağa bağlamaqla, bütövlükdə, ölkəmizdə kənd təsərrüfatının gələcək inkişafının əsası qoyulmuşdur. 

Son 20 ildən artıq bir dövr ölkəmizdə makroiqtisadi sabitliyə nail olunması ilə bərabər başlanan və cəmiyyətin bütün sahələrini, o cümlədən iqtisadiyyatı əhatə edən genişmiqyaslı inkişaf mərhələsidir. Bu gün iqtisadiyyatın şaxələndirilməsinə, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir, yeni iş yerləri yaradılır. Muxtar diyarımızda irimiqyaslı tikinti-quruculuq, abadlıq və bərpa işləri aparılır, təhsil, səhiyyə, idman və mədəniyyətin maddi-texniki bazası ilbəil gücləndirilir. Bu dövrdə blokadanın ağır nəticələrinin aradan qaldırılması ilə əhalinin həyat səviyyəsi yüksəldilmiş, bir vaxtlar dolanışıq üçün başqa şəhərlərə, ölkələrə üz tutan insanlar yenidən doğma yurda qayıtmış, öz zəhməti, fəaliyyəti ilə Naxçıvana xidmət etməyə başlamışlar.                         Əvvəllər elektrik enerjisinə, mavi yanacağa həsrət qalan, zülmət səltənətini xatırladan, mühüm strateji obyektlərin belə, işıq və qazla təchiz edilə bilmədiyi muxtar respublikanın ötən dövrdə əldə etdiyi ən böyük uğurlardan biri enerji təhlükəsizliyinin təmin edilməsidir. Bir zamanlar enerjini idxal hesabına əldə edən Naxçıvan Muxtar Respublikası hazırda enerji ixracatçısına çevrilib. Bu gün Naxçıvanda müxtəlif elektrik stansiyaları fəaliyyət göstərir, ölkə üzrə Günəş Elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 78 faizdən çoxu muxtar respublikanın payına düşür. Eyni zamanda Naxçıvanda elektrik enerjisinə olan tələbatın 65 faizdən çoxu alternativ və bərpaolunan enerji mənbələri hesabına ödənilir ki, bu da inkişaf etmiş Avropa ölkələri üçün çox nadir göstərici hesab edilir. 

Enerji təhlükəsizliyinin təmin olunması muxtar respublikada sənayenin inkişafına da əsaslı zəmin yaradıb. Vaxtilə ümumi daxili məhsul istehsalında aqrar sahənin ağırlıq təşkil etdiyi muxtar respublikada bu gün aqrar¬-sənaye kompleksi formalaşıb. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 20 il bundan əvvəl 15 növdə məhsula olan tələbatı yerli imkanlar hesabına ödənilən Naxçıvan Muxtar Respublikasında hazırda 350 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. 

Kənd təsərrüfatının inkişafı üçün də geniş imkanlar açılıb, fermer və torpaq mülkiyyətçiləri hərtərəfli qayğı ilə əhatə olunublar. Yerli istehsalın həcmi artırılıb, sağlam rəqabət mühiti yaradılıb. Min hektarlarla torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, mütərəqqi suvarma şəbəkələrinin qurulması, qəbul edilən dövlət proqramlarının uğurlu icrası kənd təsərrüfatı məhsullarının artımına imkan yaradıb. Naxçıvanda kənd təsərrüfatı əhalinin əsas məşğuliyyət sahəsinə çevrilib.                             Bu gün muxtar respublikada sahibkarlığın inkişafına hərtərəfli qayğı göstərilməsi nəticəsində ümumi daxili məhsul istehsalında bu sahənin payı artır, hər il yeni istehsal müəssisələri fəaliyyətə başlayır. 15-20 il əvvəl muxtar respublika, demək olar ki, idxaldan asılı vəziyyətdə idi. Bu gün isə görülən məqsədyönlü tədbirlər nəticəsində, təkcə ötən il 424266,6 ABŞ dolları həcmində məhsul ixracına nail olunmuşdur. 2018-ci ildə ümumi daxili məhsulun həcmi 1995-ci ilə nisbətən 63, sənaye məhsulunun həcmi 108, əsas kapitala yönəldilən investisiyalar 333, kənd təsərrüfatının ümumi məhsulu 12 dəfə, əhalinin gəlirləri isə 59 dəfə artıb.                                    Muxtariyyətin bəhrələrindən biri kimi Naxçıvanın iqtisadi potensialının durmadan artmasını göstərmək olar. Bunun ifadəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club”un 2018-ci ildə ölkəmizin 10 iqtisadi regionu üzrə hazırladığı illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası sosial-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infra¬struktur, rifahlıq və kənd təsərrüfatı sahələri olmaqla, ümumilikdə, 18 parametr üzrə ən yüksək bal toplayaraq ikinci dəfə liderliyi əldə edib.

Mədəni tərəqqiyə və dünyaya inteqrasiyaya aparan yol

Muxtar respublikada aparılan uğurlu siyasətin daha bir ifadəsi də söz, fikir və mətbuat azadlığının təmin edilməsidir. Bu gün Naxçıvanda insanlara sərbəst yaradıcılıq imkanları verilib. Kütləvi informasiya vasitələrinin maddi-texniki bazası gücləndirilib, yeni informasiya agentliyi fəaliyyətə başlayıb, media nümayəndələri hərtərəfli qayğı ilə əhatə olunublar. Muxtar respublikanın yaşayış məntəqələrinə fiber-optik kabel xətlərinin çəkilişi və sürətli internetə çıxış imkanının yaradılması insanların informasiya tələbatının tam ödənilməsinə imkan verir.                                Bütün bunların nəticəsidir ki, muxtar respublikanın informasiya blokadası ləğv edilib, məlumat azadlığı təmin olunub. İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) rəsmi internet səhifəsində, “Euronews” telekanalında, ABŞ-ın nüfuzlu “Conde Nast” jurnalında, Yaxın Şərqdə çoxsaylı tamaşaçı kütləsinə malik olan Qətərin “Əl-Cəzirə Sənədli Film” televiziya kanalında, Türkiyə mətbuatında – dünyanın müxtəlif kütləvi informasiya vasitələrində Naxçıvanın tarixi, müasir inkişafı, nailiyyətləri ilə bağlı materialların yer alması deyilənləri bir daha təsdiq edir.

Tarixi çox qədimlərə söykənən Naxçıvanda bir vaxtlar milli və mənəvi dəyərlərimizi əks etdirən abidələrimiz laqeydlik və biganəlik üzündən dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ali Məclis Sədrinin qayğısı ilə ötən dövrdə muxtar respublikada 1200-dən çox tarixi abidə pasportlaşdırılıb, 70-dən çox dünya əhəmiyyətli abidə bərpa olunaraq Azərbaycan xalqına qaytarılıb. Ali Məclis Sədrinin sərəncamları ilə ötən dövrdə görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin, ictimai xadim və publisist Məhəmməd ağa Şahtaxtlının, dövlət xadimi və diplomat Behbud ağa Şahtaxtinskinin, şair-dramaturq İslam Səfərlinin, Xalq şairi Məmməd Arazın, pedaqoq və elm xadimi Əziz Şərifin, publisist və pedaqoq Eynəli bəy Sultanovun, görkəmli rəssamlar Bəhruz Kəngərlinin, Şamil Qazıyevin və İbrahim Səfi¬yevin, böyük mütəfəkkir Nemətullah Naxçıvaninin ədəbi-bədii, elmi-publisistik və maarifçilik fəaliyyətləri öyrənilmiş, onların qiymətli irsi xalqa qaytarılmışdır.                     Tariximizin saxlanc yeri olan muzeylərin formalaşması və inkişafına dövlət qayğısı yerli əhalini də bu işə sövq edib. İllərdir həyata keçirilən “Muzey günləri” bir vaxt yaşadığı diyarda hansı muzeylərin fəaliyyət göstərməsindən xəbərdar olmayanlara da tariximizi, mədəniyyətimizi, mənəviyyatımızı tanıtmaqdadır. İnsanlar vaxtilə antikvar kimi şəxsiləşdirdikləri nadir tarixi eksponatları muzeylərə təqdim etməklə mədəni sərvətlərimizin, maddi irsimizin ümumxalq malına çevrilməsi kimi müqəddəs məramlı bir kampaniyaya qoşuldular. Bu yaxınlarda Şərur məktəblilərinin rayon Tarix-Diyarşünaslıq Muzeyinə 75 eksponat hədiyyə etməsi bu zəruri ənənənin gələcək nəsil tərəfindən də davam etdiriləcəyinə zəmanət verir.                                                     Muxtariyyətin və müstəqilliyin mədəni şüur səviyyəmizə qazandırdıqlarından danışarkən Naxçıvanda doğma təbiətə və təbii sərvətlərə münasibətdə də sağlam təfəkkürün formalaşdığını xüsusi qeyd etmək yerinə düşər. Vaxtilə blokada ucbatından elektrik və istilik enerjisindən məhrum naxçıvanlılar yaşamaq uğrunda mübarizə aparmaq məcburiyyətində qaldıqları üçün ucsuz-bucaqsız meşəliklər, meyvə bağları kötük başdaşılarından ibarət qəbiristanlıqlara çevrilmişdi. Bu gün isə yurdsevər və qədirbilən naxçıvanlılar sanki ana təbiətə xilaskarlıq borcunu qaytarmaqla diyarımızı yaşıllıqlar, gülkarlıqlar diyarına, gülüstana çeviriblər. Keçirilən ümumxalq iməcilikləri, ekoloji aksiyalar nəticəsində bu gün muxtar respublika ərazisinin 14 faizindən çoxunu yaşıllıq təşkil edir.                     Qürurla deyə bilərik ki, minillik tarixi olan mədəni irsimiz beynəlxalq səviyyədə də yetərincə tanıdılır. Ali Məclis Sədrinin tapşırığına əsasən 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar aparıb, bu irsin YUNESKO səviyyəsində qorunması ilə bağlı tədbirlər həyata keçirilib, “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazır¬lanıb aidiyyəti üzrə təqdim olunub. “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib.                             Ümumilikdə, bütün sahələr üzrə əldə edilən uğurlar Azərbaycanın Naxçıvan Muxtar Respublikasının nüfuzunun getdikcə yüksəlməsinə öz töhfəsini verir. Təbii ki, bütün bu görülən işlərdə muxtariyyət statusu da əhəmiyyətli rol oynayıb.                                     Bir vaxtlar “təklənmiş ada” vəziyyətinə salınan, müharibə, böhran zonası kimi tanınan Naxçıvan bu gün inkişaf, sabitlik və asayiş məkanı kimi beynəlxalq idman tədbirlərinə, elmi konfranslara, festivallara ev sahibliyi edir. Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı və ölkə¬mizin Gənclər Paytaxtı seçilib, Naxçıvanda “Avropa günləri”, Türk Şurası Gənc Liderlərinin ilk forumu, eləcə də TÜRKSOY-un “Türk-İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” mövzusunda ilk dəfə beynəlxalq konfrans keçirilib.                     Düşmən qarşısında alınmaz qalaya çevrilmiş müasir Naxçıvanın hərtərəfli inkişafı müstəqillik dövrünün və muxtariyyətin qiymətli quruculuq və dövlətçilik salnaməsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bir daha demək istəyirəm ki, burada görülən işlər çox böyük qiymətə layiqdir. Onu da bildirmək istəyirəm ki, bu il Naxçıvan bütün İslam dünyasında artıq özünü göstərəcək. Çünki bu il Naxçıvan “İslam Mədəniyyətinin Paytaxtı” kimi şərəfli adı daşıyır. Bir neçə il bundan əvvəl Bakı bu ada layiq görülmüşdür və biz o vaxt İSESKO-ya müraciət etmişdik ki, biz istəyirik ikinci Azərbaycan şəhəri – məhz Naxçıvan şəhəri bu ada layiq görülsün. Çünki Naxçıvan buna layiqdir. Bilirəm ki, bu gözəl hadisə ilə bağlı təntənəli tədbirlər keçiriləcəkdir, çoxlu qonaqlar gələcəklər, bir daha görəcəklər ki, dünyada belə gözəl məkan var. Gözəl təbiəti, iqlimi, havası, mənzərəsi, binaları və ən önəmlisi, gözəl insanları olan gözəl məkan var – bu məkanın adı Naxçıvandır”.            Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Naxçıvanın ən qiymətli sərvətlərindən biri də dövlətçilik ənənələrinin davamı olaraq formalaşan Naxçıvanın muxtariyyətidir”. Ulu öndərimizin yolunun uğurla davam etdirildiyi, qətiyyətli addımlarla firavan gələcəyə doğru irəliləyən Naxçıvanımız tarixə həm də “Muxtariyyət ili” kimi daxil olan 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyini möhtəşəm tədbirlərlə qeyd etmişdi. Bu gün diyarımız muxtariyyətinin növbəti yubileyinə hazırlaşır. Ali Məclisin Sədri cənab Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən bu yubiley də təntənəli şəkildə qeyd olunur. Qoca Şərqin köksündə qürurla döyünən, müasirliyi də qədimliyi qədər dəyərli və möhtəşəm olan bu məkanın tarixə QURUCU rəhbər imzası ilə yazılacaq qalibiyyət, zəfər dolu günləri isə hələ qarşıdadır. Tarix də, öz növbəsində, “Müasir Naxçıvan” adlı bu möhtəşəm əsərin müəllifini əbədi yaşadacaq!

Mehriban SULTAN

Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti,

filologiya üzrə fəlsəfə doktoru