28 yanvar 2019 10:35
115

Müzəffər məğlubiyyət, yaxud Səfəvi şeyxinin romanı

Azərbaycanın dövlətçilik tarixində Səfəvilərin mövqeyi bir çox baxımdan əlamətdardır ki, onlardan birincisi, heç şübhəsiz, Azərbaycan türklərinin təbii olaraq məskunlaşdığı coğrafiyanı bütün miqyası ilə vahid hakimiyyət altında birləşdirmələrindən ibarətdir. Orta əsrlərin sonlarına doğru xalqın mənəvi iradəsinin tarixi tələbi kimi meydana çıxan bu prosesin ideoloji əsaslarını Səfəvi sufi şeyxləri hazırladılar ki, Yunus Oğuzun növbəti tarixi romanı məhz həmin mövzuya həsr olunub.

Əlbəttə, Səfəvilər dövrünə aid kifayət qədər araşdırmalar aparılıb. Xüsusilə son zamanlar mövcud tarixi məlumatların akademik Ramiz Mehdiyev tərəfindən təqdim olunmuş mükəmməl fəlsəfi ümumiləşdirmələri (Səfəvilər dövrünün tarix fəlsəfəsi) ayrıca qeyd edilməlidir. Ciddi analitik təhlillərə dayanan bu ümumiləşdirmələr (və fəlsəfə!) həmin dövr barədəki çox zaman metodoloji xarakter daşıyan tərəddüdlərə son qoymaqla yanaşı, yeni mülahizələrin meydana çıxmasına da yol açdı.

Yunus Oğuzun romanı nə qədər tarixi məzmuna malik olsa da, unutmaq lazım deyil ki, o, bədii əsərdir. Tamamilə mümkündür ki, yazıçı təxəyyülü hardasa tarixşünaslıqla (tarixin özü ilə demirik!) müəyyən “polemika” aparır. Lakin bizə elə gəlir ki, Səfəvilər hakimiyyətinin təşəkkülü tarixinin ümumi mənzərəsini (və mahiyyətini) doğru-düzgün dərk etmək baxımından elə bir mübahisə doğurmur.

Roman Şeyx Cüneydin Ərdəbil yaxınlığında - Qarasu çayının sahilində müridlərdən təşkil etdiyi ordunun düşərgəsində əmisi (və hamisi) Şeyx Cəfərlə mükaliməsilə başlayır. 1449-cu ildə baş verən bu mükalimə ona görə əlamətdardır ki, gənc Şeyx Cüneyd inanır (və hamisini də inandırmağa çalışır) ki, şeyxlərin uzun illər davam edən mənəvi hakimiyyətdən siyasi hakimiyyətə keçmələrinin zamanı gəlib çatmışdır...

Ümumiyyətlə, Yunus Oğuzun əvvəlki tarixi romanlarına xas olan mühüm bir üslubi cəhət özünü “Səfəvi şeyxi”ndə də göstərir: yazıçı, demək olar ki, bütün təhkiyə boyu məkan və zaman hüdudlarını gözləməklə hər bir detal və ya təfərrüat barədə bilavasitə sənədlilik təsəvvürü yaratmağa çalışır ki, bu, bir tərəfdən, janrın təbiətindən, digər tərəfdən isə, heç şübhəsiz, yazıçının ideya-estetik məramından irəli gəlir. Ən əsası da odur ki, haqqında söhbət gedən hüdudlanmalar hər hansı şəkildə fraqmentallıq əmələ gətirib “Səfəvi şeyx”inin bədii strukturunun bütövlüyünü zədələmir. Əksinə, onu roman təhkiyəsi üçün həmişə təhlükə təşkil edən yoruculuqdan xilas etmiş olur.

Şeyx Cüneydin başçılığı ilə Ərdəbildə müridlərin ayaqlanmasından xəbər tutan kimi Qaraqoyunlu Cahanşah dərhal qılınca əl atmayıb, Səfəvi ocağına ehtiram naminə, məsələni sülhlə yoluna qoymaq istəyir və Şeyx Cüneydə belə bir namə göndərir:

“Mənə xəbər gəlib ki, sən hakimiyyəti öz əlinə almaq istəyirsən. Düşünürəm ki, sən Şeyx Səfinin qoyduğu yolla getməli, təriqətin işləri ilə məşğul olmalısan.

...Cahillərə uyub qiyamdan dəm vurursan. Ürəyində səltənət arzusu tutduqda asan gedən işlərin çətinə düşər və hər iki tərəfdən minlərlə qan tökülər. Əgər mənim sözümü dinləməsən, həddini aşan hərəkətlərindən imtina etməsən sənin və müridlərinin torpaqlarımdan qovulması mənim üçün vacib olacaqdır”.

Şeyx Cüneyd məktubu alıb əvvəl göstəriş verir ki, müridlər ordusu Eçmiəzdinə (Üçkilsəyə) - ermənilərin köçürüldüyü torpaqlara qazavata başlasınlar, sonra isə Qaraqoyunlu hökmdarına cavab yazır:

“Əlahəzrət Mirzə Cahanşah! Xəlifəm Ağçalı ilə mənə göndərdiyiniz məktubu aldım. Bildirim ki, siz həzrətin ətrafında olan vəkil-naiblər mənim və müridlərim haqqında müxtəlif şayiələr gəzdirir, məni sizin gözünüzdən salmağa çalışır. Belə şayiələrə sultan tərəfindən ciddi yanaşılmasına inanmıram, çünki Şeyxlər Şeyxi, ulu babam Səfiəddin Səfəvi təriqətinin əsasını qoyduğu gündən bizim nəsildən və çoxminli müridlərimizdən heç kim siyasətlə və dünyəvi işlərlə məşğul olmayıb. Ancaq kafirlərə qarşı qazavat elan olunarsa, müridlərim həvəslə səhadət şərbətini içər, Allah-Təalanın şəhidlik mərtəbəsinə yüksələrlər. Əgər Allah istərsə, Şeyx Səfi nəslindən kimsə üsyan etmək fikrinə düşərsə, inanın ki, bütün dünya yığılsa belə ona mane ola bilməz”.

Şeyx Cüneydin Qaraqoyunlu Cahanşahla bu cür diplomatik həsbi-halının əsasında, əlbəttə, o mənada tarixi həqiqət dayanır ki, Ərdəbil sufi şeyxləri öz mənəvi hakimiyyətlərinin gücünə (və coğrafi miqyasına) nə qədər əmin olsalar da, siyasi hakimiyyətə qardaş qanı tökmək yolu ilə gəlmək istəməmiş, dövrün hökmdarlarını inandırmağa çalışmışlar ki, cəmiyyətin ədalətli idarəsi məhz onların inanıb təbliğ etdikləri ruhani prinsiplərlə mümkündür.

Təhkiyə bədii mətn üçün səciyyəvi olmayan tamamilə informativ üslubda davam edir:

“Alban kilsəsini 1444-cü ildə erməni kilsəsinə çevirəndən sonra ətrafında erməni ailələri məskunlaşmağa başlamışdı. Bir zamanlar Eçmiəzdində (Üçkilsə) dinləri ayrı olsa da eyni dildə danışan türklərin sırasına, indi dillərini başa düşmədikləri, qarğa “dilinə” oxşar dildə danışan insanlar, özlərini öz aralarında hay, başqalarının yanında “erməni” adlandıranlar qoşulmuşdular. Əsas işləri ustalıq, yaxud fəhləlik olan bu ailələr çox tezliklə yerli əhali ilə qaynayıb-qarışır, hər cürə xidmət etməkdə canfəşanlıq edirdilər. Qadınları, qızları açıq-saçıq söhbətlər edir, yerli kişilərə göz-qaş atmaqdan belə çəkinmirdilər”...

Üçkilsəyə gələn müridlər burada ermənilərin katalikosu dördüncü Qriqorla rastlaşırlar. Cəsarətlə demək olar ki, romanda Üçkilsə hadisələri kifayət qədər ustalıqla təsvir olunmuşdur... Yazıçının ustalığı ilk növbədə özünü onda göstərir ki, tarixi həqiqət “necə var o cür” təqdim edilir. Həmin həqiqətsə ondan ibarətdir ki, yüz illər boyu, türk hökmdarlarının qılığına girən ermənilər əvvəl türk torpaqlarında özlərinə rahat həyat şəraiti təmin etməyə çalışmış, sonra isə mənəvi dağıdıcılıq, siyasi təxribatla məşğul olmuşlar...

Katalikos bunu heç gizlətmir də:

“Gələcəkdə dünyaya sübut edəcəyik ki, Böyük Ermənistan olub, bu da sənədlər, bu da kilsə tarixi, bu da əlyazmalar. - Bir qədər sükut edib əlavə etdi. - Sizə bir şey deyim. Bu türklər özlərini möhtəşəm və qədim xalq hesab edirlər, amma öz tarixlərinə sahib çıxmırlar. Onların hesabına biz öz möhtəşəmliyimizi sübut edəcəyik. Türklərin hər şeyini biz öz adımıza çıxartmalıyıq. Hər şeyini. Təkcə tarixlərini yox. Yeməklərini, musiqilərini, nağıllarını-dastanlarını, adət-ənənələrini... Hər şeyini. - Dərindən nəfəs aldı və davam etdi. - Bax, buna görə, bu dağda, dərədə baş kilsənin iqamətgahını seçdik... Burada alban kilsələri var, burada alban əlyazmaları var. Bax bunun üçün burdayıq. Olmayanı var edəcəyik, gecə-gündüz dünyanın hər yerində bunun üçün çalışacağıq. - Badəsini qaldırdı. - Siz bunun üçün burdasınız. Var olsun haylar!”

Müridlər katalikosun arzusunu gözündə qoyurlar...

“...Ən lazımi kitablar, əlyazmaları götürüldükdən sonra Cüneydin tapşırığı ilə rahiblərlə birlikdə Savalanda “Qırxlar” mağarasına göndərildi. Yolda rahiblərin mağaranın yolunu tanımaları üçün gözləri bağlandı. Rahiblər orada hansı kitabları tərcümə etdilər, heç kim bilmir. Tərcümələr bitdikdən sonra yenə gözlərini bağlayıb geri qaytardılar, amma onlar daha kilsəyə xidmət etmək istəmədilər”.

Əlbəttə, burada yazıçı təxəyyülü tarixi həqiqəti üstələyir. Və belə bir “gecikmiş improvizasiya” vaxtilə İsa Muğannanın əsərlərində də vardı... Ancaq çox təəssüf ki, ermənilərin (hayların) bu və ya digər şəkildə təmasda olduqları xalqların tarixinə təcavüzü üçün xristian - qriqorian kilsəsi tərəfindən görülmüş işlər, qurulmuş planlar, demək olar ki, heç vaxt ciddi müqavimətlə qarşılaşmamışdır.

“Səfəvi şeyxi” müəllifi romanın bütün ideya - məzmunu, təsvir edilən hadisələrin gedişinin məntiqi və qəhrəmanın “tərcümeyi-hal”ı ilə inandırır ki, Şeyx Cüneyd (Səfəvilər!) siyasi hakimiyyətin bircə addımlığındadır.

Romanda həm tarixi baxımdan xüsusi maraq doğuran, həm də əsərin ideya-estetik məzmununa əhəmiyyətli dərəcədə təsir göstərən məqamlardan biri dövlətçiliyin ümumiyyətlə, orta əsrlər üçün səciyyəvi olan mənəvi-ideoloji əsasları məsələsidir. Yunus Oğuzun müfəssəl şərhinə (və Şeyx Səfinin şəxsində təqdim edilən dünyagörüş tipologiyasına) görə, bu, sufizm elə bir təzahürdür ki, bütün fəlsəfi zənginliyi (və dərinliyi) ilə yanaşı, yalnız “batini” olaraq qalmır, həm də canlı həyata, ictimai münasibətlərə, “kamil insan”ın “zahiri” varlığına çevrilir. Və dövlət “batini” olanla “zahiri” olanın sıx qarşılıqlı əlaqəsində, tənasübündə təşəkkül tapır.

Dağıstana qazavata gedən Cüneydin qarşısını Şirvanşahın başçılıq etdiyi mütəffiqlər ordusu kəsir. Və 4 mart 1460-cı ildə Samur çayı sahilində olan döyüşdə Şeyx xaincəsinə öldürülür... “...Oxçu yayını çəkib sol gözünü yummuşdu. Yaya qoyulan ox qurbanını axtarırdı. O anı gözləyirdi ki, qurban düz onun hədəfində olsun. Döyüş hərəkətliyi ona imkan vermirdi ki, oxu sağ əlindən buraxsın. Nəhayət, o an çatdı. Ox vıyıltı ilə Cüneydə doğru uçaraq köksünə saplandı. Bir anlığa onun yanındakı müridlərin əlləri göydə donub qaldı. Yalnız Şeyxin bədəni atın boynuna doğru əyiləndə Ağçalı qışqırdı:

Şeyximizi vurdular. Onu dövrəyə alın, döyüş meydanından çıxarın”.

Roman Şeyx Cüneydin ölümü ilə bitsə də, Səfəvi ocağının banisinin - Şeyx Səfiəddinin gördüyü yuxu axır ki, çin çıxır: Şeyx Cüneydin nəvəsi (və Şeyx Heydərin oğlu) Şeyx İsmayıl 1501-ci ildə çox gənc yaşlarında “ruh bədənə daxil olurmuş kimi” qoşunla Təbrizə daxil olub özünü şah elan edir.

Romanı “Səfəvi şeyxləri” də adlandırmaq olardı, ancaq müəlliflə - Yunus Oğuzla razılaşmaq üçün hər cür əsas var ki, “Səfəvi şeyxi” özünü daha çox doğruldur. Çünki Azərbaycan xalqının siyasi birliyi uğrunda Səfəvi Ocağının apardığı çoxillik mübarizənin mistik varisliyi (və tarixi bütövlüyü) bu adda kifayət qədər mükəmməl ifadə olunur.

Nizami Cəfərov,

akademik, Milli Məclisin deputatı