29 yanvar 2020 10:37
2481

Nadir film janrları

İnsanların zövqləri film seçiminə görə fərqlənir. Çox zaman film seçimimiz  təkcə  xasiyyətimiz ilə bağlı deyil, bəzən əhvalımızdan da asılı olur. Kino janrları müxtəlifdir. Kimi dram, kimi isə qorxu filmi və yaxud melodram janrına üstünlük verir. Son zamanlar gənclərin əksəriyyəti triller və psixolojı filmləri izləməyi xoşlayırlar. Bu dəfə sizə fərqli  film janrları haqqında söz açmaq istəyirik.

Peplum janrı

50-70-ci illərdə Amerika kinosunda peplum janrında çəkilən filmlərə üstünlük verirdilər və onlar tam populyarlığın zirvəsində idilər. Döyüş səhnələri ilə bol olan bu fimlər insanlar tərəfindən böyük  bir izdihamla qarşılanırdı . Peplum janrında çəkilən filmlər 2 saatdan çox davam edirdi. Çox mürəkkəb süjet xəttinə sahib olan bu filmlər həyatda baş vermiş hadisələri əks etdirirdilər. Peplum janrında daha çox müharibəyə aid olan, yəni tarixi filmlər çəkirdilər. Müəyyən zaman tam zirvədə olan filmlər üçün sanki uzun bir boşluq yarandı. Yalnız 2000-ci ildə Ridli Skott, Rassel Kroun iştiraki ilə çəkdiyi “Qladiator” filmində peplum janrını canlandırmaq qərarına gəldi. “Qladiator” filmi 5 dəfə  “Oskar” mükafatına layiq görülmüşdür. Sonradan peplum janrında başqa filmlər də çəkilmişdir. Bunlar “Troya”, “Ben Hur”, “300 spartalı” kimi filmlərdir. Peplum janrında çəkilən filmlər insanlar tərəfindən böyük maraq ilə qarşılanmışdı.

Kiberpank janrı

Bu, bir çox qolu olan çətin bir janrdır. Sadə dillə desək, insanların texnologiya ilə  əlaqəsini əks etdirən janrdır. Adətən bu janrda çəkilən filmlərdə  çətin mexanizmlərin bəşəriyyətə olan təsiri haqqında danışırlar. Kiberpank janrında çəkilən filmlər: “Robokop”, “Terminator”, “Conni-mnemoniks” kimi filmlərdir.

Kiberpankın məşhur olan qolundan biri də stimpankdır. İnsan və buxar mühərriklərinin əlaqəsini  əks etdirən bu nadir  janr növüdür. Bu janrda “Vəhşi,  vəhşi Qərb” filmi çəkilmişdir. “Vəhşi, vəhşi Qərb” filmində XIX əsrin 70-ci illərinin texnoloji silahları ilə silahlanmış iki  superagent göstərilir. Agentlərin biri dəliqanlı, yaraşıqlı və qaradərili Cim Uestdir, digəri isə ağdərili ingilis centlemeni Artemus Qordondur.  Onlar ABŞ prezidentini zalım,ixtiraçı Lavlesin əlindən xilas edirlər. Zalım Lavles ABŞ-ın cənub ştatlarını ələ keçirmək üçün mübarizə aparır. Əslində o, bütün dünyanı ələ keçirmək arzusunda idi. Bu filmdə baş rollarda Uill Smit, Kevin Klayn və Salma Hayek çəkilmişdir.

Macəra janrı

Macəra janrında çəkilən bu filmlərdə adətən qılıncoynatma səhnələri çox məşhurdur. Macəra janrında çəkilən və tarixə düşən “Zorro” filmi olub. 2005-ci ildə Martin Kampbell tərəfindən çəkilmiş macəra və sərgüzəştlər haqqında bir filmdir. Filmdə  baş rollarda Antonio Banderas və Ketrin Zeta-Cons çəkilmişlər.

Samirə Tağıyeva,

“İki sahil”