30 sentyabr 2020 18:00
595

Namık Kamal Yıldırım: İndi Azərbaycan özünün qəhrəmanlıq dastanını yazır

Sentyabrın 27-də Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan növbəti genişmiqyaslı təxribatın yeganə məqsədi var idi - işğal altındakı torpaqları genişləndirmək. Artıq 30 ildir ki, Ermənistan tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağın və yeddi rayonun Azərbaycan torpaqları olması bütün beynəlxalq sənədlərdə öz əksini tapıb. Bütün bunlara baxmayaraq, Ermənistan hökuməti növbəti təxribat törətməklə öz həyasızlığını bir daha dünyaya nümayiş etdirdi.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin “Can Azərbaycan” media şirkətinin qurucusu və rəhbəri Namık Kamal Yıldırım deyib.

Erməni ikiüzlülüyünün daha bir nümunəsinin onların media qurumlarında göründüyünü vurğulayan N.Kamal deyib: “Ermənistan KİV-ləri yalan informasiya yaymaqla nəinki dünya ictimaiyyətini aldadır, hətta öz xalqını göz görə-görə uçuruma aparır. Lakin mən də bir media nümayəndəsi olaraq Xocalı soyqırımı və bu kimi bir çox erməni vəhşiliklərinin şahidlərindən biriyəm. Xocalı soyqırımı zamanı bir çox qadın, uşaq, yaşlı insanın azərbaycanlı olduqları üçün ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsi, Azərbaycanın qədim abidələrinin, yaşayış yerlərinin talan olunmasına dair tarixi kadrlar hələ də sosial mediada mövcuddur. Onlar hazırda öz cinayətlərini ört-basdır etmək, dünyaya tamamilə həqiqətə uyğun olmayan Ermənistan göstərmək istəyirlər”.

Hazırda Dağlıq Qarabağda baş verən hadisələrin Azərbaycan tərəfi üçün müharibə deyil, Vətən torpağının müdafiəsi, öz doğma yurd-yuvasına sahib çıxmaq olduğunu vurğulayan Namık Kamal Yıldırım deyib: “İndi Azərbaycanın doğma torpaqlarını 30 ildir işğal altında saxlayan, beynəlxalq qərarlara məhəl qoymayan, törətdiyi insanlığa sığmayan cinayətlərinin cəzasız qalmasına alışan erməni qatillərinin Dağlıq Qarabağdan çıxmasını tələb edir. Bu, Azərbaycanın haqqıdır. Ermənistan uzun illər xəyallar qurarkən Azərbaycan dünyanın gözü qarşısında böyüyüb, inkişaf edib və dünyanın qabaqcıl, hər platformada özündən söz etdirən dövlətə çevrilib. Tarix boyu baş vermiş hər hadisə bir qəhrəmanın yaranmasına vəsilə olub. İndi Azərbaycan özünün qəhrəmanlıq dastanını yazır. Bu dastanın da əbədi qəhrəman, heç şübhəsiz, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevdir”.