10 dekabr 2019 11:41
1002

Namiq Əhmədov: Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarıdır

“Azərbaycanı XX yüzilliyin sonlarında düşdüyü xaos və anarxiyadan çıxaran, ölkədə ictimai-siyasi sabitliyi təmin edən ümummilli lider Heydər Əliyev zəngin dövlət idarəçiliyi ənənəsi formalaşdırmışdır. Bütün ömrünü dövlətinin, xalqının rifahına, intibahına həsr edən, bu yolda canını belə əsirgəməyən böyük şəxsiyyət Azərbaycanın ən çətin və mürəkkəb dövrlərində hakimiyyətə gələrək dövlətini xilas etmiş, millətinin gələcəyini təmin etmişdir. Ulu Öndər öz əməlləri, fəaliyyəti, xalqımıza, dövlətimizə bəxş etdiyi azadlıqlarla əsl xilaskarlıq nümayiş etdirmişdir. Hakimiyyətinin hər iki dövründə xalqa xidmət, Vətənə  sədaqət ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsasında dayanı”.

Bu fikirləri İkisahil.TV-yə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib.

N.Əhmədov qeyd edib ki, müasir Azərbaycan dövlətçiliyinin, yeni milli ideologiyanın yaradıcısı olan ümümmilli lider Heydər Əliyev “Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, dinimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir” deyərək milli dəyərlərimizə, düşüncə və ideologiyamıza yeni çalarlar qatmışdır. Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn Ulu Öndər hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmışdır. Ümummilli lider Heydər Əliyev canından çox sevdiyi xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir müstəqil Azərbaycanı bəxş etmişdir. Ulu Öndər bugünkü güclü, qüdrətli Azərbaycanı yaratmış, ölkəmizin müstəqilliyini qorumuş, inkişaf etdirmiş və bütün dünyaya tanıtdırmışdır. Ümummilli lider Heydər Əliyevin adı və şərəfli həyat yolu Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə və dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər boyu yaşayacaq, möhkəmlənəcək və Azərbaycanın gələcək nəsilləri üçün örnək olacaqdır.

N.Əhmədov vurğulayıb ki, milli birliyi və sabitliyi əbədi qoruyub saxlamağın yalnız ölkədə hüquqi və dünyəvi dövlət qurmaq əsasında mümkünlüyünü Heydər Əliyev çox gözəl bilir və bunun üçün cəmiyyətin bütün aparıcı qüvvələrini səfərbər edirdi. Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan yeni Konstitusiyamız buna əyani nümunədir. Ulu Öndər bilirdi ki, demokratik, hüquqi, dünyəvi dövlət qurmaq bir neçə ilin işi deyildir. Bunun üçün zaman, dövr gərəkdir, dünya təcrübəsindən istifadə etmək və onu öyrənmək lazımdır. Eyni zamanda, Ulu Öndər öz milli xüsusiyyətlərimizi, xalqımızın, ölkəmizin, dövlətimizin özünəməxsus cəhətlərini nəzərə alaraq yeni dövlət qurmağı əsas vəzifə kimi qarşıya qoyaraq deyirdi: “İndi ən ümdə vəzifəmiz, ən şərəfli borcumuz hüquqi, dünyəvi, demokratik dövləti yaratmaqdır. Bu işdə hamımız çalışmalıyıq, bir olmalıyıq. Siyasi dünyabaxışından asılı olmayaraq, - kim hansı partiyaya mənsubdur, hansı siyasi dünyabaxışı var - bundan asılı olmayaraq, bu məqsəddə biz hamımız bir olmalıyıq. Azərbaycanın başqa yolu yoxdur. Azərbaycan başqa yolla getməyəcək”. Xalqının, millətinin gələcək taleyini düşünən, onun əldə etdiyi müstəqilliyin əbədiliyinin qoruyub saxlanmasının vacibliyini heç vaxt unutmayan Heydər Əliyev bunun üçün demokratik dövlətin qurulmasının əsas şərt olduğunu daim vurğulayır və bunu qətiyyətlə həyata keçirirdi. Öz çıxışlarında bunu xüsusi qeyd edirdi ki, biz demokratik dövləti Qərbə, yaxud kiməsə xoş gəlmək, kimdənsə tərif eşitmək üçün yox, Azərbaycan xalqının özü üçün qururuq, Azərbaycanın xoş gələcəyi üçün qururuq.

N.Əhmədov xüsusi olaraq qeyd edib ki,  Azərbaycanın iqtisadi, sosial inkişaf səviyyəsinə görə bölgədə liderlik adını qazanması, müasirləşməsi, yeniləşməsi, respublikanı əhatə edən quruculuq işlərinin geniş vüsət alması ümummilli liderimiz Heydər Əliyev ideyalarının hər bir Azərbaycan vətəndaşı tərəfindən həyata keçirildiyinin bariz nümunəsidir. Ulu Öndərin ideyaları bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurların, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi sahəsində çoxşaxəli fəaliyyətin əsasında dayanır. Ölkəmizin dünya birliyinə inteqrasiyası bir daha göstərir ki, Azərbaycanın inkişaf strategiyasını uzaqgörən siyasəti ilə müəyyənləşdirən Heydər Əliyev dühası, zəkası, neçə-neçə onillər üçün hesablanmış perspektivlər ölməz siyasətçinin fədakarlığının nəticəsidir. Bütün məqamlarda insan amilinə diqqəti önə çəkən Prezident İlham Əliyevin islahatçı lider kimi tanınması, müstəsna təşkilatçılığı sayəsində son illərdə qazanılmış nailiyyətlər birmənalı şəkildə ulu öndər Heydər Əliyevin dövlətçilik ideallarına sadiqliyinin parlaq təcəssümü olmaqla hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hissini daha da gücləndirmişdir.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, 
“İki sahil”