29 iyul 2020 17:57
428

Namiq Əhmədov: Xəyanətkar ünsürlərə Azərbaycan cəmiyyətində yer yoxdur

«Ermənistan hərbi birləşmələrinin Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərinə hücumundan və ordumuzun düşmənə layiqli cavabından sonra ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda həmrəylik nümayiş etdirilir. Respublikamızın hər bir guşəsində ordumuza dəstək aksiyaları keçirildi. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır.» Bu fikirləri YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov İkisahil.TV-yə müsahibəsində bildirib.

Namiq Əhmədov qeyd edib ki, Ali Baş Komandanın çağırışına dəstək olaraq minlərlə insan könüllü surətdə orduya getmək üçün rəsmi şəkildə qeydiyyatdan keçib. Milli birlik, taleyüklü məqamlarda öz dövlətinin və Prezidentinin ətrafında sıx həmrəylik nümayiş etdirmək Azərbaycan xalqını səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Biz Azərbaycan xalqının ümummilli məsələlərdə vahid mövqedən çıxış etməsinin dəfələrlə şahidi olmuşuq. Bu da son nəticədə dövlətimizin gücünü artıran mühüm strateji faktor qismində çıxış edir.
Dövlətimizə və ordumuza dəstək aksiyalarında müəyyən dairələrin təxribata cəhd göstərmələri isə  ermənilərin maraqlarına xidmət edir. Ermənilərin dünyanın bir sıra ölkələrində həmvətənlərimizə qarşı hücumlar təşkil etdiyi bir vaxtda  ABŞ- da yaşayan Sevic Osmanqızının Ermənistanın işğalçılıq siyasətinə etiraz əlaməti olaraq azərbaycanlıların Ermənistan səfirliyi qarşısında və digər yerlərdə keçirdikləri aksiyaları aşağılaması onun erməni xislətli ünsür olduğunu bir daha təsdiqlədi. Bu ünsürlər şəxsi maraqlarını dövlətin və xalqın maraqlarından üstün tutduqları üçün mənəvi nöqteyi-nəzərdən xəyanətkardan və satqından başqa biri deyillər. Belələrinə Azərbaycan cəmiyyətində yer yoxdur və xalqımız onları şiddətlə qınayır. Eyni zamanda, heç bir daxili və xarici siyasi amil Azərbaycan dövlətinin qətiyyətini, gücünü, Prezident-xalq həmrəyliyini poza bilməz.

Namiq Əhmədov vurğulayıb  ki, bu gün dünyada elə bir ölkə yoxdur ki, pandemiyanın  yaratdığı çətinliklərlə üz – üzə qalmasın.  Dünya təcrübəsi də göstərir ki, yoluxma sürəti olduqca yüksək olan bu virus pandemiyası ilə mübarizənin effektli nəticəsi önləyici, profilaktik tədbirlərin vaxtında həyata keçirilməsidir. Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən   ölkəmizdə  koronavirus pandemiyası ilə ardıcıl  mübarizə aparılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı profilaktik və preventiv tədbirlər görülməklə bərabər, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Pandemiya ilə bağlı sosial paketin tam icra edilməsi karantin və pandemiya dövründə vətəndaşların yaşayışı üçün çox ciddi kömək oldu. Sosial sahə hər bir dövlətin daxili siyasətinin prioritet istiqamətlərindən biridir və bu siyasət əhalinin ayrı-ayrı qruplarının həyat keyfiyyətinin yüksəldilməsinə, sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparıldı. 15 000-dən çox tənha yaşlıya sosial xidmətlər göstərilib. Bu proses uğurlu şəkildə həyata keçirilib. «Biz birlikdə güclüyük!» şüarı ilə həyata keçirilən layihə çərçivəsində ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası da koronavirusa qarşı mübarizə çərçivəsində görülən işlərə fəal şəkildə qoşulub. Bu məqsədlə partiya tərəfindən ahıl, tənha insanlara və aztəminatlı ailələrə ərzaq yardımı edilib. Zəruri ərzaq yardımları Yeni Azərbaycan Partiyasının könüllüləri tərəfindən ünvanlara çatdırılıb. Xəzər və Pirallahı Rayon İcra hakimiyyətləri və YAP-ın Xəzər və Pirallahı rayon təşkilatları tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə,  yaşı 65-dən yuxarı olan vətəndaşlarımıza və digər imkansız ailələrə lazım olan ərzaq məhsullarından ibarət yardımlar paylanılıb.

Şəmsiyyə Əliqızı,

Könül Əliyeva, «İki sahil»