09 avqust 2019 17:39
280

Narkomaniya dəhşətli bəlaya çevrilməkdədir

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanı ciddi narahat edən qlobal problemlərdən biridir. Əfsuslar olsun ki, narkomaniya bu gün dünyanın bir çox dövlətlərində dəhşətli bəlaya çevrilməkdədir. Bu bəla həm narkotik istifadəçinin müxtəlif cinayətlər törətməsinə səbəb olur, həm də cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına, genefondun tənəzzülünə və digər mənfi hallara gətirib çıxarır.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və onların sui-istifadəsi ilə əlaqədar mübarizə tədbirlərini daha da gücləndirmək məqsədi ilə Respublika Narkoloji Mərkəzinin əməkdaşları digər aidiyyəti nazirliklər ilə birlikdə xüsusilə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iş planına uyğun olaraq keçirilmiş bütün tədbirlərdə, o cümlədən zona müşavirlərində və digər tədbirlərdə iştirak etmişlər. Mütəmadi olaraq bu tədbirlər respublikada fəaliyyət göstərən Regional Narkoloji dispanserlərinin (Lənkəran RNX, Gəncə RND, Mingəçevir RND, Sumqayıt RND) digər şəhər və rayonların əlaqədar təşkilatlarının, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə görüşlər təşkil olunmuş, onlara narkomanlığın yayılmasına və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinə dair mühazirələr oxunmuşdur.  

Bakı şəhərində 2019-cu il 15-17 aprel tarixlərində keçirilmiş Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri iştirak etmişlər. Tədbirdə nümayiş üçün Respublika Narkoloji Mərkəzinin fəaliyyətini əks etdirən videoçarx hazırlanmışdır.

Mütəxəssislərimiz tərəfindən “Narkologiyanın əsasları” adlı dərs vəsaiti hazırlanmış və çap olunmuşdur.    

Müalicə və reabilitasiya istiqamətində görülən tədbirlərin səmərəliliyini artırılması məqsədi ilə narkoistifadəçilərin müalicəsində yeni üsullar tətbiq olunur. Belə ki, koqnitiv davranış psixoterapiyası ART terapiya üsulları və YOQA terapiyası Respublika Narkoloji Mərkəzində tətbiq olunur.

Çex Respublikası ilə Respublika Narkoloji Mərkəzi arasında yeni müalicə metodlarının tətbiqi ilə bağlı qarşılıqlı əlaqələrin yaradılması barədə Memorandum imzalanmışdır.

Səhiyyə və Təhsil nazirliklərinin birgə fəaliyyət planına əsasən “Narkotiklərə YOX deyək!” şüarı altında kampaniya davam edir. 2019-cu ilin 6 ayı ərzində Mərkəzin mütəxəssisləri 16 Bakı şəhəri məktəblərində təşkil olunmuş tədbirlərdə, respublika məktəblərarası debut forumunda iştirak etmişlər. Bundan başqa, narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə Milli Qvardiya-Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təşkil olunmuş “Narkotiklər cəmiyyətin bəlasıdır” mövzusunda maarifləndirici tədbirdə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının qərargahında narkotiklər haqqında keçirilmiş seminarda, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsində narkotiklərlə mübarizə işinin təşkili, şəxsi heyətin maarifləndirilməsi məqsədi ilə keçirilmiş tədbirdə, Narkomaniya ilə mübarizə mövzusunda Azərbaycan Universitetinin tələbləri ilə keçirilmiş görüşdə Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri iştirak etmişlər.

26 iyun-BMT-nin Ümumdünya Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Layihə Əlaqələndirmə Bürosu və Respublika Narkoloji Mərkəzi tərəfindən “Park İNN” otelində tədbir təşkil olunmuşdur.

Narkomanlıq xəstəliyindən azad olan insanların cəmiyyətə intqrasiyası məqsədi ilə əlaqədar Respublika Narkoloji Mərkəzinin sosial işçisi mütəmadi olaraq onlarla məşğul olur.

Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri vaxtaşırı işlər dövlət, istərsə də özəl radio və televiziyalarda, mətbuat orqanlarında təşkil olunmuş verilişlərdə, “dəyirmi masa”larda iştirak etmişlər. Bundan əlavə, həkim mütəxəssislər tərəfindən fərdi qaydada narkomaniyanın mənfi tərəfləri və onun yayılmasının qarşısının alınmasında profilaktika tədbirlərinə həsr olunan verilişlərdə çıxışlar edilmişdir. Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri tərəfindən narkotik vasitələrin zərəri barəsində xüsusi təqdimatlar, əyani tədris vasitələri və ədəbiyyat hazırlanır, “Ailə Həkimi” jurnalında psixoaktiv maddələrin zərərinə həsr olunmuş rubrika təşkil olunub və həmin jurnalda hər ay Respublika Narkoloji Mərkəzinin mütəxəssislərinin müxtəlif mövzularda məqalələri çap olunur. Respublika Narkoloji Mərkəzinin mütəxəssislərinin “Tibb qəzet”ində, “Ailə həkimi” jurnalında, “İki sahil”, “Azərbaycan” qəzetlərində məqalələri dərc edilmişdir.   

Mərkəzimizin əməkdaşları Səhiyyə Nazirliyinin internet saytında (www.health.gov.az), www.saglamliq.isim.az, “İnter.az” və “Media.az” internet kanallarında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində aparılan işlər və bu bəlaya düçar olmamağın yolları  barədə mütəmadi olaraq təbliğat aparırlar. 

Respublika Narkoloji Mərkəzinin saytının (www.rnm.az) fəaliyyəti bərpa olunmuşdur. Mərkəzin işi ilə bağlı məlumatlar, həyata keçirilən tədbirlər saytda daim işıqlandırılır.

İ.Məmmədov,

direktor vəzifəsini müvəqqəti icra edən