18 may 2020 10:32
271

Narkomaniya ümumbəşəri bəladır

Narkotik maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə işi daim Saatlı Rayon Komissiyasının nəzarətində saxlanılaraq ötən müddətdə əsasən antinarkotik təbliğata, maarifləndirmə işinə, qabaqlayıcı fərdi profilaktik tədbirlərə xüsusi önəm verilmiş, gənclərin asudə vaxtlarının səmərəli təşkilinə diqqət yüksəldilmiş, insanların sağlam həyat tərzinin qorunması olması istiqamətində mədəni-kütləvi tədbirlərə, idman oyunlarına, görüş və dəyirmi masalara geniş yer ayrılmışdır.

2019-cu il ərzində və 2020-ci ilin əvvələrində karonavirusla əlaqədar xüsusi karantin rejimi dövrünədək rayon komissiyası, Gənclər və idman idarəsi, digər aidiyyəti təşkilatlar gənclərin ideya-siyasi tərbiyəsi, fiziki sağlamlığı, vətənpərvər övladlar kimi hazırlanması,”ağ ölüm” adlandırılan narkomaniyanın mənfi təzahürlərinə qarşı mübarizə haqqında “Gələcəyimizi birlikdə düşünək, Narkomaniyaya yox deyək!”,”Gənclər arasında narkomaniya, cinayətkarlıq və digər zərərli vərdişlərin qarşısının alınması”, “Zərərli vərdişlər sağlamlıq üçün təhlükəlidir”,”Narkomaniya ümumbəşəri bəladır”, “Gənclik AİDS-ə STOP deyir!”, “Narkomaniya-əsrin bəlası” mövzularında gənclərlə birgə tədbirlər təşkil edilmiş, gənclər və yeniyetmələrlə keçirilən görüş və dəyirmi masalarda söhbət aparılmış, bu görüşlərdə komissiya üzvlərinin, narkoloji həkimlərin, hüquq-mühafizə orqanlarının işçilərinin və mütəxəssislərin iştirakı təmin edilmiş, keçirilən tədbirlər barədə yerli “Dönüş” qəzetində məlumatlar dərc olunmuşdur.

Rayon komissiyasının üzvləri, aidiyyəti qurumların məsul işçiləri və Polis şöbəsinin əməkdaşları ilə birgə “Xaş-Xaş-2019” şərti adı altında keçirilən əməliyyat-axtarış və profilaktik tədbirlərdə yaxından iştirak etmiş, şəhər və kənd yaşayış məntəqələrində həyətyanı sahələrdə, əhali və fermerlərin əkin sahələrində, meşə zolaqlarında və istifadəsiz qalan ərazilərdə mütəmadi reydlər keçirilmişdir. Komissiya müvafiq qurumlarla birgə narkoxassəli bitkilərin qanunsuz əkib becərilməsi və yabanı halda bitən bu növ bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində işləri gücləndirmiş, narkomaniyaya qarşı mübarizənin daha effektiv və səmərəli olması məqsədi ilə işin müasir üsul və vasitələrdən istifadə olunmuşdur. Görülən tədbirlər nəticəsində 2019-cu il ərzində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə çərçivəsində 33 cinayət faktı aşkar olunmuşdur. Onlardan narkotik vasitələri qanunsuz saxlamaq üzrə 22 fakt, satış üzrə 6 fakt, 5 fakt əkinlə bağlı olmuşdur.

Eyni zamanda, müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhvi ilə əlaqədar fəaliyyət göstərən rayon məhvetmə komissiyası Saatlı Rayon Məhkəməsinin icra vərəqələrinə əsasən ötən il ərzində 21 cinayət işi üzrə maddi sübut olan narkotik vasitələr yandırılaraq məhv edilmişdir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Saatlı Rayon Komissiyasının 2019-cu və növbəti illər üçün Tədbirlər Planı təsdiq olunmuş və bu işlərin yerinə yetirilməsi istiqamətində rayon komissiyası fəaliyyətini xeyli gücləndirmişdir.

Rayonda narkomaniyaya düçar olmuş xəstələrin aşkar edilib dispanser qeydiyyatına götürülməsi və müalicəyə cəlb edilməsi işi daim nəzarətdə saxlanılır. Rayon Mərkəzi Xəstəxanasında narkoloji şöbə olmadığına görə bu növ xəstələr Bakı şəhərindəki narkoloji dispanserə göndərilir. Hazırda belə şəxslər arasında toksikomanlar yoxdur. Narkotik vasitələrin stasionara gizli yollarla daxil olması faktları qeydə alınmamışdır. Stasionarda olan narkotik dərman maddələri isə yanmayan xüsusi seyflərdə saxlanılır. İşlədilmiş narkotik vasitələrin boş ampulaları MRX-də fəaliyyət göstərən komissiyanın iştirakı ilə məhv edilir. Komissiya aidiyyəti təşkilatlarla birgə dərman preparatlarının istifadəsinə nəzarət edir, narkotik tərkibli dərmanların, psixotrop maddələrin qeyri-qanuni yollarla rayona gətirilməsinin qarşısını almaq üçün ciddi tədbirlər görülməsini davam etdirir.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması üzrə mübarizə ilə əlaqədar Dövlət Komissiyasının qərar və göstərişləri, İşçi Qrupunun tövsiyələri rayon komissiyası tərəfindən rəhbər tutularaq icrası müntəzəm olaraq yerinə yetirilmişdir. Gələcəkdə bu sosial bəlanın kökünü tamamilə kəsmək, narkomaniyaya qarşı qətiyyətli və kompleks şəkildə mübarizə aparmaq üçün şəhər və kənd ərazi nümayəndələrinə, bələdiyyələrə, polis orqanlarına və digər aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilərək, narkomaniyaya qarşı mübarizə üzrə rayon komissiyasının işinin daha da təkmilləşdirilməsinə və səmərəli fəaliyyət göstərilməsinə diqqət artırılacaqdır.

İlham Quliyev,

Saatlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri