01 fevral 2019 15:13
199

NASA-nın kosmik zondu Marsda ilk dəfə dağa qalxıb

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) “Curiosity” kosmik zondu Mars planetində ilk dəfə dağa dırmanıb. Qravitasiya tədbirləri görən zond Marsdakı dağda torpağın səthinin yumşaq qum və sərt qayalıqdan ibarət olduğunu kəşf edib.

AZƏRTAC “Science” portalına istinadla xəbər verir ki, zondun təkərlərinin altındakı qayanın alimlərin güman etdiyindən daha yumşaq olduğu müəyyən olunub. Con Hopkins Universitetinin astronomu Kevin Lyuis bildirib ki, zond ilk dəfə Marsın səthində torpaq nümunələrini dəqiq təhlil edib. Onun sözlərinə görə, 2012-ci ildə qırmızı planetin səthinə enən “Curiosity” kosmik zondu astronomların əvvəl göl olduğunu güman etdikləri “Qeyl” kraterinin ətrafında yürüş edib və 753 Mars günündən

sonra buradakı “Aeolis Mons” adlanan dağın hündürlüyünə qalxıb. “Dağın zirvəsi böyük tapmaca kimidir. Burada sərt qayalar və yumşaq səth bir-birini əvəz edirlər. Ehtimallardan biri öldür ki, bu dağ qədim gölün dibindəki layların yığınıdır. Başqa ehtimala görə, bu dağ planetdəki göl quruduqdan sonra güclü küləklərin kraterə gətirdiyi qumlardan yaranıb. Düşünürəm ki, zondun qazma işləri zamanı dərin qatlar daha sıx olacaq”, -deyə astronom qeyd edib.

Alimlər bildirirlər ki, Marsın səthinin öyrənilməsi prosesində vaxtilə “Apollon 17” kosmik gəmisinin Ayın səthinin araşdırılması metodundan istifadə oluna bilər. “Curiosity” kosmik zondu da akselerometrlə təchiz olunub və torpağın tərkibini ölçür. Zondun yürüşü dayandırdığı vaxt ölçmə işlərinə başlanılır. NASA-nın məlumatına görə, kosmik missiyanın planetdə olduğu 1743 Mars günü ərzində 700 ölçmə işi aparılıb və “Curiosity” zondunun dağa qalxdığı mərhələlərdə qravitasiyanın səviyyəsinin dəyişməsi ölçülüb. Kosmik zond son olaraq 350 metr hündürlüyə qalxıb.