01 fevral 2019 10:59
564

Nasaz avtobuslar, aqressiv sürücülər: ekspertlər çıxış yolunu nədə görür?

Paytaxt sakinlərinin istifadə etdikləri ictimai nəqliyyat növlərindən biri də marşrut avtobuslarıdır. Günün pik saatlarında bəzi marşrut avtobuslarında  daha çox sərnişin sıxlığı müşahidə olunur. Nəticədə heç də xoş olmayan mənzərə yaranır: açıq qapılar, insan sıxlığı, aqressiv hərəkətlər və əsəbi insanlar. Hər kəsi belə bir sual düşündürür: böyükdən-kiçiyə hər birimizin canımızı əmanət etdiyimiz bəzi marşrut avtobusları təhlükəsizlik baxımından  nə qədər etibarlıdır?

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov “İki sahil”ə açıqlamasında bildirdi ki, avtobuslarda tutumundan artıq sərnişin daşınması təhlükəsizlik baxımından yolverilməzdir. Təəssüflər olsun ki, ictimai nəqliyyat sektorunda  bu kimi halların şahidi oluruq: “Paytaxtda  2100-dən çox  avtobus  sərnişindaşıma sahəsində xidmət göstərir. Təbii ki, bu rəqəm sərnişinlər üçün kifayət etmir. Ötən il  ölkəyə yeni avtobuslar gətirildi. Bu tendensiya bu il davam etdirilməlidir. Ən azı 500-dən çox ictimai nəqliyyat vasitəsi  avtobus parkına gətirilib xəttə buraxılmalıdır ki, sərnişinlər rahat şəkildə avtobuslardan istifadə edə bilsinlər.”

Ekspert qeyd etdi ki, avtobusun tutumu dedikdə, buraya həm oturacaqlar, həm də ayaqüstə dura  biləcək sərnişinlərin sayının cəmi aiddir: “Bir nümunə deyə bilərəm ki, xaricdə  əgər avtobus dayanacağa çatanda yer yoxdursa bunu sadəcə jestlə sərnişinə bildirir. Hərəkətə başlamazdan əvvəl isə dispetçer ilə əlaqə saxlayaraq müvafiq ərazidə yerləşən dayanacaqda sərnişin sıxlığını, avtobusun olmadığını bildirirdi ki, yaxınlıqda avtobus varsa, xəttə buraxılsın. Bu, əsl xidmət keyfiyyətidir.”

Azər Allahverənov, həmçinin əlavə etdi ki, qanunvericilikdə  bununla bağlı cəza xarakterli  hər hansı bir müddəa yoxdur. Mövcud müddəa isə tövsiyə xarakteri daşıyır. Pik saatlarda  əlavə avtobuslar xəttə buraxılmalıdır. Bu xidmət keyfiyyətinin və sərnişin məmnunluğuna şərait yaradacaq.

Azər Allahverənov qeyd etdi ki, avtobusdan istifadə edərkən insanlar aqressiv olmamalıdır. Hər hansı məsələni mübahisəyə çevirmək çıxış yolu deyil: “Bir-birinizlə nəzakətli davranın. İri qabaritli, böyük həcmli yüklərlə avtobusdakı mövcud yerdə daraltmaq olmaz. Unutmaq olmaz ki, bu bizim şəxsi avtomobilimiz yox, ictimai nəqliyyat vasitəsidir. İctimai nəqliyyatda təkcə sürücülər yox, sərnişinlər də mövcud davranış qaydalarına əməl etməlidirlər. İctimai nəqliyyatda davranış qaydalarına  aid  müəyyən maarifləndirmə proqramları həyata keçirilməli, sərnişinlər mövcud mövzu haqqında məlumatlanmalıdır.

Nəqliyyat məsələləri üzrə ekspert  Elməddin Muradlı isə qəzetimizə açıqlamasında bildirdi ki,  ictimai nəqliyyat hələ də problemli sahələrdən biridir. Paytaxt yollarında köhnə, nasaz marşrut avtobuslarının hərəkət etdiyini  görürük: “Hər bir avtobusa istehsalçı zavod tərəfindən nəzarət edilir. Rəhbərlik tərəfindən bildirişlər tərtib olunur ki, hər bir avtobusda nə qədər sərnişin daşınmalıdır. Düşünürəm ki, avtobus sürücülərinin təfəkküründə sırf insanlara xidmət etmək məsuliyyəti yoxdur. Onlar adətən sərnişinlərə pul mənbəyi kimi baxırlar. Ancaq  gündəlik hesabatı doldurmaq haqqında düşünürlər. Bu, çox  xoşagəlməz haldır. Bəzən sahibkarlar yeni avtobuslar gətirmək, öz işinə məsuliyyətlə yanaşmaq əvəzinə sadəcə pul qazanmağı düşünürlər. Köhnə, nasaz, sənədsiz, aqressiv sürücülü avtobusları xəttə buraxırlar.”

Ekspert mövcud narahatlığın aradan qaldırılması üçün  bu sahədə dövlət nəzarəti olmasını labüd hesab edir: “Əminəm ictimai nəqliyyat  sektorunda dövlətin nəzarəti həyata keçirilərsə, sərnişindaşıma xidmətində yüksək keyfiyyətlər əldə edə bilərik. Sürücülər üçün standart iş saatı, aylıq maaş  miqdarı müəyyənləşdirilməlidir. 8-9 saat  işləyib, normal istirahət etməlidirlər. Belə olarsa,  insan həyatına  lazımi dəyər verə bilərik. O zaman biz normal  fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrindən danışa bilərik. Bildiyimiz kimi,  bu il də  paytaxta yeni avtobuslar gətiriləcək. Normal fəaliyyət göstərən 3 özəl  daşıyıcı şirkət istisna olmaqla digərləri ləğv olunacaq, fəaliyyəti dayandırılacaq. Bu sahədə dövlət nəzarəti güclənərsə, onda düzgün  ictimai nəqliyyatın normal fəaliyyəti ilə qarşılaşa bilərik.”

Yaqut Ağaşahqızı, “İki sahil”