25 noyabr 2020 15:28
3067

Natavan Bayramova: Əsir düşməmək üçün özümüzlə dərman götürmüşdük FOTO

"Biz Kəlbəcərdən çıxanda 8 yaşım var idi. Evimizi tərk edəndə atam yalnız sənədlər olan çantasını götürdü və düşündüm ki, hər kəs üçün vacib çantadır. O zaman 2-ci sinifdə oxuyurdum, mən də içərisində dərs kitabları olan çantamı götürdüm. İndi mən Kəlbəcərə o çanta ilə qayıdacam."

"İki sahil" xəbər verir ki, bunu azvision-a açıqlamasında Kəlbəcərin Ağca kənd sakini, “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Natavan Bayramova deyib.

N.Bayramova bildirib ki, bu gün onun həyatında çox sevincli gündür: “Sevincimin həddi-hüdudu yoxdur. Qarabağın digər dilbər güşələri azad olunanda dostlara zəng edib təbrik edirdim, indi hamı məni təbrik edir. O təbrikin necə əvəzsiz olduğunu daha çox anlayıram. Cənab Prezidentin Kəlbəcərlə bağlı nitqi, doğma Vətənin adını eşitmək, əsgərlərimizin Kəlbəcərə daxil olmasını görmək əsrarəngiz duyğudur. Bunu ifadə etməkdə sözlər acizdir. Bizə bu sevinci yaşadan Azərbaycan Ordusuna, Ali Baş Komandana, əsgərlərimizə, torpaqlarımızın azad olunması uğrunda canlarını fəda edən şəhidlərimizə borcluyuq. Bu dönəm əsarərəngiz bir vaxt idi. Biz 80-ci illərin uşaqları olaraq həmişə özümüzü şansız sayırdıq, çünki uşaqlığımızın, gəncliyimizin çoxu çətin dönəmə sirayət etdi. Bilsəydim biz qələbəni yaşacağıq, itirdiyim uşaqlığa görə heç zaman təəssüflənməzdim. İndi qələbəni anlayacaq, yaşayacaq, torpaq qoxusunu duyacaq yaşdayam. Sevinirəm ki, zəfər tarixinin övladları olduq”.

Kəlbəcərdən gələndə üç günə Murovdağı aşdıqlarını deyən N.Bayramova həmin günlərin onun üçün sağalmaz yaralar açdığını qeyd edib.

“Ermənilərin Kəlbəcərdən çıxmaları üçün vaxtları oldu, onlara kifayət qədər vaxt verildi. Amma təəssüf ki, bizə vaxt verilməmişdi. Biz qısa zamanda Kəlbəcərdən çıxdıq. Onda yalnız öz canımızı götürüb çıxmışdıq. Babam, nənəm, anam, atam, bacım və qardaşımla 3 günə Murovu keçdik. O zaman qız və gəlinlərin taleyinin necə olacağı bilinmirdi. Çox qız və gəlinlərimiz əsir götürüldü, itkin düşdü. Heç unutmaram, anam bir ovuc dərman götürmüşdü. Evdə böyük qız mən idim. Deyirdi ki, “əgər ermənilər bizi buraxmasa, əsir götürsə, bu dərmanları içəcəyik və ermənilərin əlinə sağ düşməyəcəyik”. Deyirdi ki, “cənnətdə görüşəcəyik”. O qorxunun yaratdığı psixoloji sarsıntı bu gün də mənimlədir. İndi dərman qutusuna əlimi uzadanda sanki o anları yenidən yaşayıram. Biz o dönəmdə çox ağrılar yaşadıq.

Geri qayıdacağımız günü böyük sevinclə gözləyirik. Lakin kədərlənirəm ki, Kəlbəcərə babam, nənəm, atam olmadan qayıdacağam. Orada doğulub, boya-başa çatan insanlar vətən həsrəti ilə dünyadan köçdülər. İndi onların da ruhu şaddır”.

N.Bayramova Kəlbəcərə ilk gedənlərdən olacağını söyləyib. O, Vətən torpağına ilk ayaq basan kimi namaz qılacağını bildirib: “Vətən torpağında iki rükət Şükr namazı, şəhidlərimizin ruhuna namaz qılmaq, Vətən torpağına alnımı qoymaq istərdim. Bu, mənim ilk diləyim olacaq və İnşallah biz bunu yaşayacayıq”.