06 noyabr 2019 16:51
106

NATO Berlin divarının sökülməsinin 30 illiyi ilə bağlı mərasim keçirib

Noyabrın 6-da NATO-nun təşkilatçılığı ilə Berlin divarının sökülməsi ilə bağlı mərasim keçirilib. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, Brüsseldə NATO-nun mənzil-qərargahının önündə qoyulmuş Berlin divarı Memorialının qarşısında keçirilən tədbirdə NATO-nun Baş katibi Yens Stoltenberq və Almaniyanın alyansda daimi nümayəndəliyinin rəhbəri Hans-Diter Lukas iştirak ediblər.

Yens Stoltenberq çıxışında mənzil-qərargahın qarşısında Berlin divarının bir parçasının qoyulmasından məmnunluğunu ifadə edib. O deyib: “Bu memorial ümidin, demokratiyanın və azadlıqların təminatının həmişə var olacağının rəmzidir. Biz daim onları müdafiə etməli və birliyimizi qoruyub saxlamalıyıq”. NATO-nun rəhbəri əlavə edib ki, Berlin divarı uzun müddət Avropanın qəlbində bir yara olub.

Berlin divarı 1961-ci ildə Şərqi Almaniyanın kommunist rejimi tərəfindən almanların Qərbi Almaniyaya keçməsinin qarşısını almaq məqsədilə inşa edilib. SSRİ-nin başçılıq etdiyi sosialist düşərgəsinin süquta uğraması nəticəsində 1989-cu ildə onu aradan qaldırıblar və Almaniyanın birləşməsi prosesi həyata keçirilib.