06 avqust 2020 18:36
2804

Naxçıvan Bölməsində əldə edilən uğurlar ölkə elminə...

Naxçıvan Bölməsində əldə edilən uğurlar ölkə elminə göstərilən hərtərəfli qayğının bariz nümunəsidir

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə bütün sahələrdə olduğu kimi elm sahəsinin inkişafında da əvəzsiz xidmətlər göstərib. Görkəmli dövlət xadiminin ölkə elminin inkişafı sahəsində qəbul etdiyi mühüm tarixi qərarlardan biri də 7 avqust 2002-ci il tarixli Sərəncamla AMEA-nın Naxçıvan Bölməsinin yaradılmasıdır.

Böyük dövlət xadimi Heydər Əliyev həmin sərəncamdan bir neçə gün sonra, avqust ayının 12-də Naxçıvana gəlib və Naxçıvan Bölməsinin yaradılmasına həsr olunan müşavirə keçirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə Bölmənin yaradılması zəruriliyindən və qarşıda duran vəzifələrdən bəhs edən Ümummilli Lider demişdir: “Əgər bizim millətimizin keçmişini, tarixini, mədəniyyətini, onun mənliyini bizim alimlərimiz, ziyalılarımız tədqiq etməsələr, xalqımıza, dünyaya göstərməsələr, sübut etməsələr, bəs, bunu kim edəcəkdir? Bax bütün bu səbəblərdən mən Naxçıvan Muxtar Respublikasında Milli Elmlər Akademiyasının bölməsinin yaradılması haqqında qərar qəbul etmişəm... Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də, təəssüflər olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib...”.

2002-ci ildən ötən dövr ərzində Ulu Öndərin qarşıya qоyduğu vəzifələrin icrası istiqamətində ardıcıl tədbirlər görən Naxçıvan Bölməsinin kollektivi elmin müxtəlif istiqamətlərində aparılan elmi-tədqiqat işlərində ölkənin davamlı uğurlarına səmərəli elmi fəaliyyəti ilə layiqli töhfələr verir. Şübhəsiz ki, əldə edilən nailiyyətlərin də əsasında ölkə Prezidenti cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun elmin inkişafı yönündə apardığı məqsədyönlü siyasət dayanır.

Qeyd edək ki, ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı nəticəsində Bölmənin Aparatı, Tarix, Etnоqrafiya və Arxeоlоgiya, İncəsənət, Dil və Ədəbiyyat, Təbii Ehtiyatlar və Biоresurslar institutları müasir tələblərə cavab verən binalarla təmin edilib. Batabat Astrоfizika Rəsədxananın Batabat stansiyası və Biоresurslar İnstitutunun “Nəbatat bağı”nın, Оrdubad rayоnunun Aşağı Əylis kəndində həmin institutun “Biоkimyəvi tədqiqatlar labоratоriyası” üçün inzibati binalar tikilib istifadəyə verilib. Rəsədxananın teleskop sistemi yenidən qurulub. Bölmənin nəzdində müasir avadanlıqlarla təchiz olunan “Tusi” nəşriyyatı, Yaşıl aptek, “Arxeologiya və Etnoqrafiya muzeyi”, Distant Təhsil Mərkəzi, İnformasiya Kommunikasiya Texnologiyaları otağı yaradılıb. Seysmoloji xidmət şöbəsi zəruri müasir avadanlıqlar və proqram təminatı ilə təchiz olunub. “Nəbatat bağı”nın ərazisində yenidənqurma işləri aparılıb, işıqlandırma sistemi, eyni zamanda ərazidə “Ultra Sera” ailəsinə məxsus son texnologiyaya malik istilikxana qurulub. Həmçinin ötən müddətdə bölmənin Elmi Kitabxanasının bazasında elektron kitabxana yaradılıb və 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 6 oxucu yeri olan elektron oxu zalı istifadəyə verilib. Kitabxana surət köçürmə aparatı, printer, elektron daşıyıcılarda olan məlumatların vizual və səsli izlənməsi üçün bir ədəd televizor, mobil elektron lövhə ilə təmin edilib. Bundan əlavə, bölmədə Vətən tarixi, Arxeologiya, Fiziki kimya ixtisası üzrə dissertasiya şuraları yaradılıb ki, bu şuralar da muxtar respublikada elmi kadr hazırlığında mühüm rol oynayır. Bölmə kоmpüter, kоmpüter avadanlıqları ilə təmin оlunub. Əməkdaşlara internet şəbəkəsinə mütəmadi qоşulmaq imkanı yaradılıb. Müxtəlif elmi-tədqiqat laboratoriyaları ən müasir avadanlıq, elmi cihazlar və kimyəvi reaktivlərlə təchiz edilib.

Muxtar respublika ərazisində etnoqrafik və epiqrafiq, onomastik, dialektoloji və folklor, təbii sərvətlər, flora və fauna, o cümlədən qədim çap kitab və əlyazmaların toplanılması, elmi ekspedisiyaların aparılması, qədim yaşayış yerlərinin tarixinin öyrənilməsi, maddi-mədəniyyət nümunələrinin elmi cəhətdən analiz edilməsi Bölmə qarşısında duran əsas vəzifələrdəndir. Şöbə və laboratoriyaların komplektləşdirilməsi, ixtisaslı elmi kadrların hazırlanması, eləcə də elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və elmin istehsalata tətbiqi də diqqətdə saxlanılan əsas məsələlərdən biridir. Ötən illərdə bölmədə müəyyən olunan müvafiq profillərə uyğun tədqiqat işləri aparılıb, mühüm elmi nəticələr əldə edilib və çoxsaylı elmi əsərlər ortaya qoyulub.

Bütövlükdə elm sahəsinin inkişafına və tərəqqisinə yönəlmiş hərtərəfli qayğının nəticələrinin təntənəsi olaraq Naxçıvan Bölməsi fəaliyyəti dövründə bir çox uğurlar əldə edib. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tövsiyəsi və qayğısı ilə 2 cildlik “Naxçıvan Ensiklоpediyası”, Azərbaycan və ingilis dillərində “Naxçıvan abidələri ensiklоpediyası”, 3 cildlik “Naxçıvan Tarixi”, “Naxçıvanın tarixi atlası”, “Naxçıvan teatrının salnaməsi”, 3 cildlik “Naxçıvan folkloru antologiyası”, 2 cildlik “Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, Azərbaycan və rus dillərində “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, Azərbaycan, ingilis və rus dillərində “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ı, 2 cildlik “Naxçıvan coğrafiyası” və digər fundamental elmi əsərlər hazırlanaraq nəşr edilib. Bölmədə Naxçıvan ərazisində qeydə alınmış 1200-dən artıq arxeoloji, tarix və mədəniyyət abidəsi haqqında elmi məlumatlar hazırlanmış və pasportlaşdırılmışdır.

Bu dövrdə 28 patent alınıb. Bölmə əməkdaşları Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Rusiya Fundamental Tədqiqatlar Fondu, Ümumdünya Təbiəti Mühafizə Fondunun elmin müxtəlif istiqamətləri üzrə keçirdiyi qrant müsabiqələrində iştirak edərək 19-u respublika və 4-ü beynəlxalq səviyyəli olmaqla 23 qrant layihəsinin qalibi оlublar.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şorsu” müalicəvi palçığının hazırlanması ilə bağlı müvafiq tapşırığından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində müalicəvi əhəmiyyətli “Şorsu” palçığının Bölmənin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasında kimyəvi analizi aparılıb, qatılaşdırılma, qurudulma metodikası, texniki şərtləri hazırlanıb, həm krem, həm də quru toz formasında qablaşdırılaraq əczaxanalara satışa göndərilib.

Həmçinin Darıdağ arsenli suyundan quru qalığın alınması üçün istehsal şəraiti yaradılıb, eyni zamanda Biləv zəy süxurundan üç birləşmənin alınması istiqamətində geniş tədqiqatlar aparılır. Qabıllı və Duzdağdan gətirilən gil nümunələrinin tərkibi bölmə əməkdaşları tərəfindən müəyyən edilib, gil əsasında yuyucu tozun hazırlanması istiqamətində tədqiqatlar davam etdirilir. Naxçıvan Muxtar Respublikası ərazisində ümumilikdə 30 faydalı bitki qrupu müəyyən edilib. Bioresurslar İnstitutunun laboratoriyasında steril şəraitdə qurudulan dərman bitkilərdən qarışıqların hazırlanması üçün sertifikat alınıb. Dərman bitkilərindən xüsusi seçilmiş reseptlərlə qarışıqlar hazırlanaraq qablaşdırılıb. Bölmənin “Yaşıl aptek”inə, eyni zamanda muxtar respublikada fəaliyyət göstərən digər əczaxanalara satış üçün göndərilib.

Bundan başqa, Bölmənin Biokimyəvi tədqiqatlar laboratoriyasının bazasında bitkilərdən müxtəlif efir yağları, gülab, boya, doşab alınması planlaşdırılıb və artıq 120 litrə qədər gülab istehsal edilib.

Fəaliyyəti dövründə Bölmənin 68 əməkdaşı Türkiyə, İran, Rusiya, Gürcüstan, Fransa, Almaniya və başqa xarici ölkələrin 39 şəhərində keçirilən 482 beynəlxalq konfrans, konqres və simpоziumlarda iştirak və məruzə ediblər.

Türkiyə, İran, Rusiya, Fransa, ABŞ, Hollandiya, Portaqaliya və digər ölkələrin tanınmış simaları müxtəlif illərdə bölmənin qonağı olub, burada bölmə və bölmənin nəzdindəki institutlarda görülən işlərlə yaxından tanış ediliblər.

Naxçıvan Bölməsinə göstərilən dövlət qayğısı sayəsində onun beynəlxalq əlaqələri də genişlənmiş, bu elm ocağı hazırda Türkiyənin İstanbul, Ankara, Ərzurum, İğdır, Qars universitetləri, İranın Təbriz Dövlət Universiteti, Təbriz Milli Kitabxanası, Şimali Makedoniya Respublikasının “Vision” Universiteti, Rusiya Federasiyasının Elmlər Akademiyası, Moskva Dövlət, Tomsk universitetləri, Yer Maqnetizmi, Krım Astrоfizika Rəsədxanası, Ümumdünya Təbiəti Mühafizə Fondu, Gürcüstanın Batumi Botanika Bağı, ABŞ-ın, Fransanın və digər xarici ölkələrin elmi müəssisələri ilə yaxından əməkdaşlıq edir.

Qeyd edək ki, Bölmənin arxeoloq alim və gənc tədqiqatçıları 2006-cı ildən başlayaraq Beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyasının tərkibində muxtar respublikanın Ovçulartəpəsi, Duzdağda və 2013-cü ildən I Kültəpə, Uçan Ağıl, Şorsu, Zirincli, Uzunoba yaşayış yerlərində arxeoloji tədqiqat aparmışlar. Tədqiqatlarda Türkiyə, Almaniya, Suriya, Macarıstan İtaliya, Kanada və digər ölkələrin mütəxəssisləri də yaxından iştirak edib.

Azərbaycan-ABŞ beynəlxalq arxeoloji ekspedisiyası 2008-ci ildə Oğlanqala, 2014-ci ildən isə Qızqala yaşayış yerində və onun ətrafında bölmə əməkdaşı, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi ilə ABŞ-ın Pensilvaniya, Avstraliyanın Monash, Böyük Britaniyanın Oksford universitetlərinin arxeoloqları ilə birlikdə arxeoloji tədqiqat aparmışlar.

Beynəlxalq ekspedisiyanın əldə etdiyi nəticələr “Amerikan Arxeoloji Jurnalı”, “İranica Antica”, “Российская археология”, “TUBA-AR” və digər Tomson Science indeksinə daxil olan jurnalında, beynəlxalq məcmuələrdə nəşr olunub. Aparılan tədqiqatlarla bağlı “Naxçıvanın Eneolit mədəniyyətinin Yaxın Şərq ölkələri ilə əlaqələri”, “Naxçıvantəpədə 2017-2018-ci illərin arxeoloji tədqiqatları”, “Erkən və Orta Tunc dövründə Şərqi Anadolu və Gürcüstanın mədəni əlaqələri”, “Naxçıvançay və Sirabçay vadisi abidələrinin tədqiqi”, “Oğlanqalada arxeoloji araşdırmalar”, “Qızqalası yaşayış yeri və nekropolunun Şərqi Anadolu və Azərbaycanın Boyalı qablar mədəniyyətinin öyrənilməsində əhəmiyyəti” və sair mövzularda beynəlxalq konfranslarda məruzələr edilmişdir.

Naxçıvanın tarixi ilə yanaşı, onun təbiəti də beynəlxalq ekspedisiyaların diqqət mərkəzindədir. Bioloq alimlərimiz müxtəlif illərdə Türkiyədən, Almaniyadan, Macarıstandan, Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsindən, Fransanın Milli Kənd Təsərrüfatı İnstitutundan gələn və muxtar respublikanın ayrı-ayrı ərazilərində tədqiqat aparan beynəlxalq ekspedisiyalarda iştirak ediblər. Bununla yanaşı Bioresurslar institutunun əməkdaşları Rusiya Elmlər Akademiyasının əməkdaşları ilə “Naxçıvanda qışlayan Ağqaşqaz və digər su quşlarının öyrənilməsi” layihəsi üzrə tədqiqat aparıb və nəticələri “Kazarka” jurnalında dərc edilmişdir.

Ümumiyyətlə, yuxarıda qeyd olunan beynəlxalq ekspedisiyaların əldə etdiyi nəticələr “Web of Science”, “Scopus” və digər elmi bazalara daxil olan impakt faktorlu jurnallarda çap edilmişdir.

Bölmə əməkdaşları Rusiya Elmlər Akademiyasının Yer Maqnetizmi, İonosferi və Radio Dalğalarının Yayılması institutları ilə birgə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun beynəlxalq layihəsi çərçivəsində “Günəş və heliogeofiziki aktivliyin variasiyalarının fizikası, uzunmüddətli proqnozlaşdırılması və biosistemlərə təsiri” mövzusunda Qrant layihəsi üzrə elmi tədqiqat aparırlar. Batabat Astrоfizika Rəsədxanası ilə İranın Marağa Astronomiya və Astrofizika Mərkəzi ilə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Artıq bir neçə ildir ki, əməkdaşlar Marağa şəhərində keçirilən beynəlxalq konfransda elmi məruzələr ilə çıxış edirlər. Naxçıvanlı alimlər həmçinin Rusiya Federasiyasının M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Şternberq adına Dövlət Astronomiya İnstitutu ilə Göy mexanikası sahəsində müştərək elmi tədqiqatlar aparır. Tədqiqatların nəticələri də London Kral Astronomiya cəmiyyətinin Bülletenində və Oksford Universitetində nəşr olunan impakt faktorlu jurnallarda işıq üzü görüb.

Bölmə Türkiyənin İğdır Universiteti ilə ortaq elmi layihələrdə iştirak etmək üçün 2019-cu ildə Əməkdaşlıq Memorandumu imzalayıb. Memorandum əsasında ötən il bölmənin 2 əməkdaşı, böyük elmi işçi Surə Rəhimova və böyük laborant Çilənay Ələkbərova İğdır Universitetində Tədqiqat Laboratoriyası Tətbiqi və Tədqiqat Mərkəzində (ALUM) ezamiyyətdə olublar. Gənc tədqiqatçılar bu müddətdə mərkəzdə bitki ekstraktlarından alınan bioloji aktiv birləşmələrin UV-spektrofotometr cihazı vasitəsilə dalğa uzunluqlarının ölçülməsi, həmçinin UV-2900 spektrofotometr cihazında fotometrik ölçmələr aparılması qaydalarını öyrənib.

Ötən illərdə gənc tədqiqatçılar, böyük elmi işçi Əfruz Nəsirova və Surə Rəhimova Fransanın Bordeaux şəhərində INRA (Institut National de la Recherche Agronomique)-Kənd Təsərrüfat Milli Tədqiqat İnstitutunda Erasmus proqramı çərçivəsində “STONE” proyekti əsasında bir aylıq təcrübə keçib. Təcrübənin əsas məqsədi çəyirdəkli meyvə nümunələrində şarka virusuna davamlı genlərin skrininqi və onların molekulyar səviyyədə təyini, eyni zamanda bütöv genomun ardıcıllığının öyrənilməsi olub.

Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən birgə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində bölmə alimlərinin rəhbərliyi ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri müxtəlif layihələrdə uğurlu nəticələr əldə edib, diplom və medallar qazanıblar. Belə ki, bölmə əməkdaşı, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanın rəhbərliyi ilə Naxçıvan şəhər 11 №-litam orta məktəbin şagirdi Zahidə Allahverdiyeva “Erudit” onlayn olimpiadasında 1-ci yerə çıxaraq qızıl medal, “Zamanın biliyi” beynəlxalq kimya müsabiqəsində 1-ci dərəcəli diploma layiq görülüb. Həmçinin Naxçıvan Qızlar liseyinin IX sinif şagirdi Nuray Məmmədova “Naxçıvan Muxtar Respublikasının bəzi yeraltı sularının minerallığının təyini” layihəsi Moskvada keçirilən VIII Beynəlxalq “Elmə start” elmi-tədqiqat və yaradıcılıq müsabiqəsində 3-cü yerə çıxıb, “Erudit” onlayn kimya olimpiadasında 2-ci yerə çıxaraq gümüş medal alıb. Kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynovun rəhbərlik etdiyi 15 №-li tam orta məktəbin IX sinif şagirdi İnci Nəsirlinin “Biləv alüminium süxurundan alüminiumun mühüm birləşmələrinin alınması” adlı layihəsinin nəticələri Rusiya Federasiyasının Penza şəhərində “Elm və təhsil Beynəlxalq elmi əməkdaşlıq mərkəzi”ndə keçirilən “Müasir gənclərin elmi diskussiyası: aktual suallar, nailiyyətlər və yeniliklər” XI Beynəlxalq elmi-praktik konfransında I dərəcəli diplom və sertifikatla təltif olunub. Sözügedən məqalə konfransın materiallarında dərc edilib. Filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın rəhbərliyi ilə Əkbər Ağayev adına Naxçıvan şəhər 8 №li tam orta məktəbin şagirdləri, Suay Qasımlı və Suat Qasımlının yerinə yetirdikləri “Sosial məkanda ana dilinin saflığının qorunması: problemlər, perspektivlər” adlı tədqiqat işi isə Rusiya Təbiətşünaslıq Akademiyasının keçirdiyi “Şagird elmi tədqiqat və yaradıcı işləri üzrə IX Beynəlxalq müsabiqəsi”ndə III dərəcəli diploma layiq görülüb. Biologiya üzrə fəlsəfə doktoru Əfruz Nəsirovanın rəhbərliyi ilə Naxçıvan şəhər 8 №-li tam orta məktəbin X sinif şagirdləri Bəxtiyar İsmayılov və Fatimə İsmayılova “Yabanı tərəvəz bitkiləri ən təmiz ekoloji məhsul” adlı layihə ilə Bakı şəhərində keçirilən “Sabahın alimləri” IX Respublika müsabiqəsində iştirak etmiş və sertifikata layiq görülüb.

Bölmə əməkdaşlarının elm və təhsilin inkişafında göstərdiyi səmərəli fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmişdir. Ölkə Prezidentinin müvafiq sərəncamları əsasında 3 nəfər “Əməkdar elm xadimi”, 2 nəfər “Əməkdar müəllim”, 4 nəfər “Tərəqqi” medalı, 2 nəfər isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olunub. Bir əməkdaş Prezident təqaüdünə, bir əməkdaş isə prezident mükafatına layiq görülüb. O cümlədən, 3 nəfər ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə əlaqədar “Yubiley qızıl medalı”, 2 nəfər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanına, 2 nəfər “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə təltif olunub. Bölmənin 3 əməkdaşına Naxçıvan şəhərində mənzil, bir əməkdaşa isə torpaq sahəsi verilib. Bütün bunlar ölkəmizdə elm adamlarına, AMEA Naxçıvan Bölməsinin işinə göstərilən diqqətin, dövlət qayğısının təkzib olunmaz bariz nümunələridir.

Bu gün AMEA-nın Naxçıvan Bölməsi dövlət qayğısı əhatəsində özünün uğurlu inkişafı və nailiyyətləri ilə Azərbaycan xalqının böyük xilaskarı ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik elmi siyasətinin qələbəsini təzahür etdirir.

Türkanə Bəylərli,
Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr
və informasiya şöbəsinin əməkdaşı