09 sentyabr 2019 11:40
648

Naxçıvan Dövlət Tarix Muzeyi - 95 - FOTO

Sərəncam mədəniyyət məbədgahının fəaliyyətinə verilən yüksək qiymətdir

Beş min illik tarixi özündə yaşadan Naxçıvan bu gün dünyanın diqqət mərkəzindədir. Görkəmli pedaqoq və elm xadimi Əziz Şərif nahaq yerə Naxçıvanı ərazicə kiçik, mənəviyyatca böyük diyar adlandırmayıb. Naxçıvan dünya ədəbiyyatına Hüseyn Cavid, Cəlil Məmmədquluzadə kimi simalar bəxş edib. Naxçıvandan ta Konyayacan uzanan mənəviyyat körpüsünü inşa edən Nemətullah Naxçıvani, ulu yurdun əsrarəngiz təbiət mənzərələrini tablolara köçürən Bəhruz Kəngərli, kimya elminin inkişafında əvəzsiz xidmətləri olan görkəmli akademik Yusif Məmmədəliyev və adını sadalamadığımız onlarla şəxsiyyətlər bu ulu yurdun əvəzsiz inciləridir.

 

Məhz şəxsiyyətlər sayəsində torpaq ülviləşir, zəngin maddi-mədəni dəyərlər xəzinəsinə sahib olur. Bu xəzinəni bir araya toplayan, hifz və nümayiş etdirən mədəniyyət ocaqları-muzeylərdir. Yaşı minilliklərlə ölçülən bu qədim diyarda 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Muxtar respublikanın muzeylərində xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox maddi-mədəniyyət nümunələri mühafizə olunaraq qorunub saxlanılır.  Bu yazımız vasitəsilə, əziz oxucular, sizinlə birlikdə muxtar respublikada fəaliyyətə başlayan ilk rəsmi muzeyə-95 yaşlı Naxçıvan Dövlət Tarix muzeyinə qiyabi də olsa, qısa ekskursiya edəcəyik. Xalqımızın tarixi-mədəni irsinin toplanması, qorunması, tədqiqi və təbliğindəki əhəmiyyətini nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri avqustun 2-də Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Həmin sərəncamla Tədbirlər Planı təsdiq edilib. Tədbirlər planına əsasən, muzeyin tanıtım kitabı hazırlanaraq nəşr ediləcək, internet portalı yaradılacaq. Bundan əlavə, Naxçıvan Dövlət Tarix muzeyi ilə muxtar respublikanın ali,  orta ixtisas təhsili və ümumtəhsil müəssisələri arasında interaktiv dərslərin keçirilməsi, Naxçıvanda muzey işinin yaranması, tarixi və fəaliyyəti ilə bağlı elmi-tədqiqat işlərinin aparılması, dərs vəsaiti və metodik materialların hazırlanması nəzərdə tutulub.

1924-cü ilin fevral ayında Naxçıvan Muxtar Respublikası təşkil olunduqdan sonra Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin yaradılması barədə Naxçıvan MSSR Xalq Komissarları Soveti 30 oktyabr 1924-cü il tarixli Qərar qəbul edib. Bununla da, muxtar respublikada muzeyşünaslığın əsası qoyulub. Tarix-Etnoqrafiya Muzeyinin təşəkkülündə 1925-ci ildə Naxçıvanda yaradılan Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyətinin və ziyalıların xüsusi əməyi olmuşdur. Cəmiyyətin üzvlərindən M.Mirheydərzadə, Ağa Məhəmməd (Ərbab), L.Hüseynzadə, Z.Seyidov (Seyid Səbri), Ə.Mirzəyev və digərləri fəal iştirak ediblər. Cəmiyyətin arxeoloqlarla birgə muxtar respublika ərazisində apardığı arxeoloji qazıntılar nəticəsində əldə etdiyi maddi-mədəniyyət nümunələri muzeyin ekspozisiyasını zamanla zənginləşdirib. Bu mədəniyyət ocağı sonrakı illərdə Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyinə çevrilib və muzeyə Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin adı verilib. 1967-ci ilədək muxtar respublikada yeganə muzey kimi əhaliyə xidmət göstərən bu mədəniyyət müəssisəsi 1968-ci ildən Dövlət Tarix Muzeyi kimi fəaliyyətini davam etdirir.

İlk dövrlərdə qədim diyarın tarixinə, arxeologiyasına və etnoqrafiyasına dair cəmi bir neçə yüz eksponatla fəaliyyətə başlayan muzeydə hazırda on şöbəni əhatə edən Naxçıvanın qədim və zəngin tarixi ilə bağlı 49 mindən çox eksponat qorunub saxlanılır ki, bundan 3000-ə yaxını ekspozisiya zallarında nümayiş etdirilir. Zəngin fonda malik olan Naxçıvan Dövlət Tarix Muzeyi 1983-cü ilin iyul ayından Azərbaycan SSR Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə tarix profilli muzeylər üçün baza müəssisəsi kimi fəaliyyət göstərməklə muxtar respublikada yeni yaranan muzeylərin fondunun təşkilində və ekspozisiyasının qurulmasında da yaxından iştirak edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə 2000 və 2007-ci illərdə muzeyin binasında əsaslı təmir-tikinti və quraşdırma işləri aparılıb. Ekspozisiya yenidən qurulub. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 oktyabr tarixli Qərarı ilə Dövlət Tarix Muzeyinə muxtar respublika statusu verilib.

Muzey ekspozisiyası qədim dövrdən başlayaraq müasir dövrün tarixini özündə ehtiva edən eksponatlarla zəngindir.

Muzeyə qısa ekskursiya

Muzeyi ziyarət edən hər bir tamaşaçıya Naxçıvanın ən qədim insan məskənlərindən biri olduğu haqda məlumat verilir. Naxçıvan ərazisində aşkar edilən Daş və Tunc dövrünün abidələri, Gəmiqayada sərt qayalar üzərində iki minə qədər müxtəlif quruluşlu işarə və təsvirlər, öz sənətkarlığı ilə seçilən boyalı qablar mədəniyyəti, qədim şəhərsalma mədəniyyətinin izləri bu yurdun ilkin sivilizasiya beşiklərindən biri olduğunu təsdiq edir.

Qazma, Kilit, Daşqala, Ərməmməd mağaraları, I Kültəpə, Sədərək, Ovçular təpəsi, Xələc, Duzdağ, Şahtaxtı, Nəhəcir kimi yaşayış yerləri bu ərazidə Neolit dövründən etibarən məskən salmış ibtidai insanların izlərini qoruyur. Bu yaşayış məskənləri barədə  məlumatlar ekspozisiyada əksini tapır. Naxçıvanda ilkin şəhər mədəniyyətinin formalaşmasına təsir göstərən amillərdən biri də Duzdağ mədəniyyətidir. Duz mədənlərinin yaxınlığından aşkar olunan  daş çəkiclər, həvəndəstələr, daş alətlər, eləcə də duz istehsalında və emalında istifadə olunan digər alətlər vitrində yer alıb. Duzdağ mədəni erkən şəhər mədəniyyətinin formalaşmasında mühüm rol oynamaqla yanaşı, həm də  ən mühüm sağlamlıq ocaqlarından birinə çevrilmişdir. Guşədə Fizioterapiya Mərkəzinə aid fotoşəkillər nümayiş olunur.

Naxçıvanın adı birbaşa Nuh Peyğəmbərlə bağlıdır.  Nuh peyğəmbərin dövründə yer üzünü su basması nəticəsində insanlarla yanaşı heyvanlar da tələf olub. Onlardan bəziləri daşlaşaraq dövrümüzə qədər gəlib çatmışlar. Daşlaşmış ilbiz, dəniz kirpisi, tısbağa və üzərində balıq izləri olan daşların nümayişi tarixi fakt kimi çıxış edir.

“Ümumdünya tufanı” barədə Şumer rəvayətlərinin ilk yazılı variantına əsasən Naxçıvan dünyanın ən qədim sivilizasiya mərkəzlərindən biri hesab edilir. Nuh peyğəmbərin qəbrinin Naxçıvanda olması, onun gəmisinin burada quruya çıxdığını sübut edir. Bu haqda ekspozisiyada da dəyərli materiallar var.

Naxçıvanın təkrarsız mədəniyyətinə boyalı qablar mədəniyyəti də daxildir. Naxçıvanın qədim yaşayış məskənləri olan I-II Kültəpə, Oğlanqala, Şortəpə və digər yerlərdə saysız-hesabsız gil qab nümunələrinə rast gəlinib. Muzeydə Kür-Araz mədəniyyətinə aid olan gil parçaları, monoxrom və polixrom boyalı küplər nümayiş olunur.

E.ə III-I minilliklərə aid olan Əshabi-Kəhf nəinki Azərbaycanda, eyni zamanda, Şərq ölkələrində və müsəlman xalqları arasında müqəddəs hesab olunur. Burada Əshabi-Kəhf Dini Mədəni Abidə Kompleksindən  çəkilmiş fotolar və ziyarətgah haqqında nəşr olunmuş kitablar nümayiş olunur.

Bildiyimiz kimi, 1920-ci ildə Rusiya və Ermənistanın arasında bağlanan razılaşmaya əsasən qədim Zəngəzur diyarı Ermənistana birləşdirilib. Bu ərazilərdə olan qəbiristanlıqlar ermənilər tərəfindən dağıdılıb. Muzeydə hifz olunan sənduqələr Zəngəzur mahalının Urud kənd qəbiristanlığından gətirilib. Üzərlərində ərəb əlifbası ilə məxsus olduqları şəxslərin adları, sujetli kompozisiyalar təsvir olunub.

Dünya memarlıq tarixində özünəməxsus yer tutan, əsərləri əsrlər boyu maraq dairəsində olan memarın- Əcəmi Əbubəkroğlunun yaradıcılığı haqqında muzeydə geniş bilgilər əldə etmək mümkündür.  Əcəmi Əbubəkr oğlu Naxçıvaninin dövrümüzə qədər gəlib çatan iki möhtəşəm əsəri var: Yusif Küseyr oğlu və Möminə xatun türbələri.

Gilan, Gülüstan türbələrinin, orta əsrlərə aid memarlıq kompleksi olan Əlincəçay Xanəgahının fotoları, Qarabağlar türbəsinin maketi, həmçinin Zaviyyə mədrəsəsi,  Qazançı, Aza körpüləri, XVIII-XIX əsrlərə aid memarlıq kompleksi olan Xan Sarayı, XVI-XVII əsrlərə aid olan İmamzadə kompleksi, Cümə məscidi, Naxçıvan buzxanası, Hüseyn Cavidin məqbərəsi, İsmayılxan hamamı haqqında yer alan foto və məlumatlar Naxçıvanın abidələr diyarı olduğu haqqında ilkin dolğun məlumat yaradır.

Muzeydə nümayiş etdirilən eksponatlar vasitəsilə qüdrətli Atabəylər dövləti, həmcinin Qaraqoyunlu və Ağqoyunlu dövlətləri haqqında məlumat verilir. Həmçinin XVIII əsrdə Azərbaycan dövlətiçiliyinə mühüm töhfələr vermiş Naxçıvan xanlığı haqqında geniş bilgilər əldə etmək mümkündür. Naxçıvan xanlığına məxsusi guşədə elmi ədəbiyyatlar, xanlığın görkəmli nümayəndələrinin fotoşəkilləri və xanlığa məxsus bayraqların fotosurətləri nümayiş olunur.

Naxçıvanın tarixən qədim İpəkyolunun üzərində yerləşməsi burada  ticarətin inkişafına səbəb olub. Avropa və Asiyadan tacirlər buraya ticarət etmək məqsədilə gəlmişlər. Nəticə etibarilə tədqiqatlar zamanı Naxçıvandan tapılmış müxtəlif dövrlərə və ölkələrə məxsus sikkə nümunələri, eləcə də kağız pullar və dövlət istiqraz biletləri ticarət əlaqələrində istifadə olunub.

Naxçıvanın əlverişli təbii iqlim şəraiti ulu babalarımızın bu ərazilərdə əkinçilik, maldarlıq, sənətkarlıqla məşğul olmasına imkan yaratmışdır. XIX əsrə aid olan car-car, ağac vəl, kotan, şana əkinçilikdə istifadə olunan əsas alətlər olub. XIX əsrə aid müxtəlif növ tərəzilər: çəki, yaylı, misqal, ağırlıq, qapan, eləcə də hamam tası, körük, nehrə, tətbiqi sənət nümunələri, misgərlik məmulatları, at yəhəri ekspozisiya zalında yer alıb.

Ekspozisiyada nümayiş etdirilən misgərlik və xalçaçılıq məmulatları hər iki sənətkarlıq növünün Naxçıvanda qədim tarixi köklərə malik olduğundan xəbər verir.  Həmçinin milli geyim nümunələri və musiqi alətləri bu qədim diyarın zəngin mədəniyyətindən soraq verir.

Ekspozisiya boyunca yer alan Azərbaycanın görkəmli rəssamları Toğrul Nərimanbəyov, Davud Kazımov, Şamil Qazıyev, Yuran Məmmədov tərəfindən çəkilən rəsm əsərləri muzeyin eksponatları ilə ahənglik təşkil edir və Azərbaycan xalqının həyatını özündə əks etdirir.

Muzey özündə Naxçıvanın arxeologiyasını, etnoqrafiyasını, qədim dövlətçilik ənənələrini əks etdirən eksponatlarla yanaşı, maarifçiliyin, elmin, təhsilin, incəsənətin inkişafına mühüm töhfələr vermiş Məhəmməd Ağa Şahtaxtlı, Məmməd Səid Ordubadi, Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid kimi şəxsiyyətlər barədə məlumatları da özündə hifz edir.

Digər bir  guşə isə Azərbaycan xalqının şərəf, mübarizə, azadlığını- AXC dövrünü təcəssüm etdirir. Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti  haqqında məlumatı eksponatlar vasitəsilə izləmək mümkündür.

Tarixi proseslərin ardıcıllığında 1941-45-ci illəri əhatə edən eksponatlardan məlum olur ki,  Naxçıvandan müharibədə 29024 nəfər iştirak edib, onlardan 15325 nəfər geri qayıtmayıb. Göstərdikləri şücaətə görə 3 nəfər “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb. Rəhim Rəhimov “Şöhrət Ordeni”nin bütün dərəcələri, 80 nəfər Lenin Ordeni, 105 nəfər I və II dərəcəli “Vətən müharibəsi” ordeni, 315 nəfər “Qırmızı Ulduz” ordeni ilə təltif olunub.

Tariximizdə iz edən döyüşlərdən biri isə Sədərək döyüşləridir.  Sədərək 1990-cı il yanvar ayının 18-dən 1993-cü il avqustun 13, 14-dək 14 dəfə xain ermənilərin güclü hücumlarına məruz qalıb. Döyüşlərdə 500-ə yaxın yaşayış evi, bir çox ictimai binalar, inzibati idarə binaları, sosial obyektlər dağıdılıb. 108 Vətən oğlu şəhid olub ki, onlardan 40 nəfəri məhz Sədərək torpağının yetirmələridir.

Tariximizin qan yaddaşı olan XX əsrin əvvəllərində baş vermiş soyqırım hadisələri, 20 Yanvar faciəsi və Xocalı soyqırımı haqqında məlumatlar fotolar və çap məhsullarında öz əksini tapıb.

Ekspozisiya zallarından biri ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla zənginləşdirilib.  1996-1999-cu illərdə Naxçıvana səfəri zamanı və 1999-cu il oktyabrın 10-da Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi münasibətilə keçirilən bayram şənliklərində çəkilmiş fotoşəkillər vitrində sərgilənir. Ümummilli Liderin xarici ölkələrə səfəri zamanı dövlət başçıları ilə çəkilmiş fotolar, eləcə də Xalq rəssamı  Tahir Salahov tərəfindən 1998-ci ildə çəkilmiş Ümummilli Liderin portreti də otaqda nümayiş olunur. “Şərəfli ömrün anları” başlıqlı sərgidə Ulu Öndərin uşaqlıq dövründən başlayaraq müxtəlif illərdə çəkilmiş fotoları maraq doğurur. 

Ekspozisiya zalı   Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının müasir dövrünü əks etdirən eksponatlarla yekunlaşır. “Naxçıvan Muxtar Respublikası-95” başlıqlı sərgidə muxtar respublikanın inkişaf mərhələlərini əks etdirən statistik göstəricilər, həmçinin müasir dövrün quruculuq salnaməsi fotolar vasitəsilə nümayiş etdirilir.

95 illik tarixə malik olan Naxçıvan Dövlət Tarix Muzeyi, göründüyü kimi, özündə 5000 illik tarixi eksponatlar vasitəsilə gələn tamaşaçılara diktə edir. Azərbaycan tarixinin mühüm və şərəfli səhifəsini təşkil edən Naxçıvan tarixi muzey vasitəsilə gələn tamaşaçılara təbliğ edilir.

Muzey turistlərin ən çox

üz tutduğu ünvanlardandır

Muzey işçiləri fondun zənginləşdirilməsini də diqqət mərkəzində saxlayırlar. Son 20 ildə muzeyin fonduna 11 mindən çox yeni eksponat daxil edilib. Təkcə bu ilin yanvar-iyul aylarında muzeyə 548 yeni eksponat daxil olub. Onlardan 420-si muzey işçiləri tərəfindən toplanıb. Qalan 128-i sakinlərin şəxsi təşəbbüsü ilə muzey fonduna təqdim edilib.

Muxtar respublikanın turizm potensialı bu qədim yurd yerinə olan turist axınını ilbəil artırır. Dünya memarlığının nadir incilərindən olan Mömünə Xatın türbəsini, müqəddəs ocaq sayılan Əshabi-Kəhfi, sağlamlığın təbii ünvanı olan Duzdağ möcüzəsini, saysız-hesabsız tarixi abidələri görmək istəyi dünyanın dörd bir yanından olan turistlərin maraq dairəsindədir. Bir yurdun tarixini öyrənmək üçün ən gözəl ünvan isə tarixin saxlanc yeri olan muzeylərdir. Odur ki, Naxçıvan Dövlət Tarix Muzeyi turistlərin ilk üz tutduğu ünvanlar siyahısındadır. Məlumat üçün bildirək ki, bu ilin ötən 7 ayı ərzində muzey 22 mindən çox ziyarətçi qəbul edib. Onların 4800-ə yaxını xarici turistlər olub.

Naxçıvanın ulu keçmişini və müasir dövr tarixini özündə yaşadan və nümayiş etdirən Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi ilə bağlı imzalanan Sərəncam tariximizə sahiblik hissi ilə yanaşı, bu mədəniyyət məbədgahının fəaliyyətinə verilən yüksək dəyərdir. Muxtariyyətin yaşıdı olan Naxçıvan Dövlət Tarix muzeyinin qapıları hər bir tamaşaçısının üzünə açıqdır. Yetər ki, bu qapını açaq və 5 minillik tarixin sehrinə düşək.

Ruhiyyə Rəsulova,

Naxçıvan Televiziyasının baş redaktoru