22 yanvar 2020 15:57
1269

Naxçıvan Qarnizonu qoşunlarında toplantılar keçirilir

Yeni tədris ilinə hazırlıq planına uyğun olaraq, Naxçıvan Qarnizonu qoşunlarında müxtəlif ixtisaslar üzrə toplantılar keçirilir.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən müddət ərzində keçirilən toplantılarda taqım komandirləri və müavinləri, manqa komandirləri, müxtəlif ixtisaslı gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçular iştirak ediblər.

Toplantılarda kiçik komandir heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, pedaqoji hazırlıqlarının yüksəldilməsi istiqamətində nümayiş və göstərici məşğələlər keçirilib, “Hərbi qulluqçu və hərbi kollektivin psixologiyası” mövzusunda mühazirələr oxunub.

Hazırda digər ixtisaslı hərbi qulluqçuların cəlb edildiyi komandir hazırlığı və təlim-metodiki toplantılar davam edir.