09 yanvar 2020 11:34
178

Naxçıvan şəhərində əhalinin sayı 100 min nəfərə çatmaq üzrədir

Muxtar respublikada sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan uğurlar, yeni iş yerlərinin açılması, əhalinin rifah halının yaxşılaşması demoqrafik vəziyyətə də müsbət təsir göstərib, Naxçıvan şəhərində əhalinin sayı artaraq 2019-cu il noyabrın 1-nə 94 min 390 nəfər olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə danışılıb.

Müşavirədə icra hakimiyyətinin başçısı Mirsənani Seyidov məruzə edərək bildirib ki, ötən il Naxçıvan şəhərində əhalinin mənzillərə olan tələbatının ödənilməsi məqsədilə yeni yaşayış binalarının tikintisinə, habelə mövcud binaların yenidən qurulmasına xüsusi diqqət yetirilib. Naxçıvan şəhərində 2 nömrəli uşaq bağçası, 5 nömrəli tam orta məktəb, Orta İxtisas Polis Məktəbi, Saat Meydanı və müxtəlif təyinatlı digər obyektlər istifadəyə verilib.

“2019-cu ildə əmək pensiyalarının və müavinətlərin artırılması ilə bağlı ölkə başçısının imzaladığı sərəncamların icrası istiqamətində tədbirlər həyata keçirilib, vətəndaşların sosial rifahının yaxşılaşdırılması üçün müvafiq işlər görülüb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli Sərəncamına əsasən Naxçıvan şəhəri üzrə 10 min 954 əmək pensiyaçısının müavinəti 3 faiz indeksləşdirilərək artırılıb”, – deyən Mirsənani Seyidov vurğulayıb ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar Naxçıvan şəhərində 115-i qadın olmaqla, 803 işaxtaran vətəndaş qeydiyyata alınıb, 95 qadın, 234 gənc, 653 müxtəlif yaş qruplarına məxsus vətəndaş iqtisadiyyatın ayrı-ayrı sahələrində işlə təmin olunub. Keçirilən 2 əmək yarmarkasında 93, bir səhiyyə yarmarkasında isə 14 nəfərə göndəriş verilib.

Diqqətə çatdırılıb ki, aqrar sahənin inkişafı da diqqət mərkəzində saxlanılıb. Bu isə kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırıb. 1 dekabr 2019-cu il tarixə 817 hektar buğda əkini sahəsindən 2451 ton, 218 hektar arpa əkini sahəsindən 560 ton məhsul yığılıb. 235 hektar bostan bitkiləri əkini sahəsindən 2 min 250 ton, 374 hektar tərəvəz bitkiləri sahəsindən 3 min 542 ton, 32 hektar kartof əkilmiş sahədən 360 ton, üzüm bağlarından 117 ton, meyvə bağlarından 1056 ton məhsul tədarük edilib. Ötən il dekabrın 1-dək 887 hektar sahədə şum qaldırılıb, 769 hektar sahədə dən üçün payızlıq səpin aparılıb. Müvafiq dövlət proqramına uyğun olaraq 69,2 hektar yeni meyvə bağı salınıb, 18 hektarda bərpa işləri aparılıb.

Mirsənani Seyidov əminliyini bildirib ki, Naxçıvan şəhərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasından irəli gələn vəzifələri layiqincə yerinə yetirəcək, şəhərin sosial-iqtisadi inkişafına 2020-ci ildə də öz töhfələrini verəcəklər.

Müşavirə məruzə ətrafında çıxışlarla davam edib.