13 avqust 2020 16:56
1272

Naxçıvan Teleradiosunun yarımillik fəaliyyəti müzakirə olunub

Naxçıvan televiziyasında ötən müddət ərzində 11 yeni televiziya filmi çəkilib, televiziya üzrə müxtəlif profilli 993, radio üzrə 1061 yeni veriliş və proqram hazırlanaraq efirə təqdim edilib. “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 6860, İnstagram səhifəsində isə 3144 xəbər, o cümlədən Naxçıvanın təbliği ilə bağlı 900-dən çox video, 2200-ə yaxın foto paylaşılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Teleradiosunun yarımillik fəaliyyəti ilə bağlı keçirilən iclasda səsləndirilib.

İclasda çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli teleradionun 6 aylıq fəaliyyətini təhlil edib, kadr hazırlığı və efir keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb.

Qeyd olunub ki, Naxçıvan Teleradiosu qarşıdakı 6 ayda da fəaliyyətini məhz tarixi-mədəni irsimizin, milli dəyərlərimizin və Naxçıvanın müasir inkişafının geniş təbliği istiqamətində quracaq.

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri Rauf Əliyev, komitənin Proqram direksiyasının direktoru İlkin Rzayev, “Xəbərlər” redaksiyasının baş redaktoru Səməd Canbaxşiyev, “İctimai-siyasi məsələlər redaksiyası”nın baş redaktoru Nicat Quliyev və “Nuhçıxan” İnformasiya Agentliyinin baş redaktoru Fizzə Bağırova çıxış edərək görülən işlərdən və yeni layihələrdən ətraflı söhbət açıblar.

İclasda geniş yaradıcılıq müzakirələri aparılıb, Naxçıvan Teleradiosunun ikinci yarım ilə dair fəaliyyət istiqamətləri müəyyənləşdirilib.