27 noyabr 2020 19:48
890

“Naxçıvan” Universitetində şəxsiyyətin formalaşmasına təsir göstərən amillər barədə elmi məruzələr dinlənilib

Şəxsiyyətin formalaşması müxtəlif dövrlərdə aktual olub və bu gün də aktualdır. Şəxsiyyətin inkişafına təsir göstərən amilləri araşdırmaq üçün onun istiqamətlərini müəyyən etmək lazımdır. Şagirdlərin tərbiyəvi təsir şəraitində psixi fəaliyyətlərinin qanunauyğunluqlarını, şagirdlərin özünü tərbiyəsini, psixoloji əsaslarını aşkara çıxarmaqla tərbiyə psixologiyası şəxsiyyətin formalaşmasına imkan yaradan həmin təsirlərin mexanizmləri də öyrənilir.

“Naxçıvan” Universitetinin Mətbuat Xidmətindən "İki sahil"ə bildirilib ki, “Şəxsiyyətin formalaşmasında özgüvən problemi” mövzusunda keçirilən elmi-nəzəri konfransda bu fikirləri ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva səsləndirib. Universitetin Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə rektor şəxsiyyətin formalaşmasına təsir göstərən amilləri diqqətə çatdırıb, həyatın müxtəlif mərhələlərində həmin amillərin rolundan bəhs edib.

Konfransda Pedaqogika və psixologiya kafedrasının müdiri Nəzakət Yusifovanın “Ailədə uşaqlarda özgüvənin formalaşdırılması”, kafedranın müəllimi Təranə Əliyevanın “Tələbələrdə özgüvən problemi və onun aradan qaldırılması yolları” və Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə I kurs magistr tələbəsi Günel Əliyevanın “Perfeksionizm və onu yaradan səbəblər” mövzularında çıxışları dinlənilib. Bildirilib ki, özgüvən çox vacib şəxsi keyfiyyətdir. O, problemlərlə real olaraq mübarizə aparmağımızı təmin edir, çətinliklərə qarşı gücümüzü artırır.

Sonda konfran iştirakçılarının sualları cavablandırılıb.