10 avqust 2019 15:43
235

Naxçıvanda Beynəlxalq Gənclər Günü qeyd edilib

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclər və idman siyasəti bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikir 12 avqust – Beynəlxalq Gənclər Günü ilə əlaqədar keçirilən tədbirdə səsləndirilib.

Naxçıvan şəhərində təşkil olunan tədbirdə əvvəlcə gənclərə “Cinemaplus”da Naxçıvan televiziyasının hazırladığı qısametrajlı film nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Canməmməd Canməmmədov çıxış edərək, gənclərə muxtar respublikada aparılan gənclər siyasəti və fiziki imkanları məhdud yeniyetmə və gənclər üçün yaradılan şərait haqqında məlumat veriblər.

Qeyd edilib ki, nümunəvi və vətənpərvər gəncliyin formalaşması, gənclərin istedad və intellekt potensiallarının inkişaf etdirilməsi, idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanın təbliği muxtar respublikada gənclər və idman siyasətinin prioritet istiqamətləri kimi diqqət mərkəzində saxlanılır.

Bildirilib ki, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda 12 avqustun Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Həmin gündən etibarən Azərbaycanda da bu gün hər il qeyd olunur.

55 gəncin iştirakı ilə keçirilən görüşdə gənclər üçün çay süfrəsi təşkil olunub.

Tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Gənclər Fondunun və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.