30 oktyabr 2020 11:15
667

Naxçıvanda Mustafa Kamal Atatürkün abidəsi ziyarət edilib

Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz qardaşlıq münasibətləri üzərində qurulub. Bu gün ölkələrimiz arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri var.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibətilə Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli və aparatın Xarici Əlaqələr üzrə baş məsləhətçisi Beyrək Cəfərov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli Mustafa Kamal Atatürkün abidəsinə əklil qoyub, Türkiyə dövlətinin qurucusunun xatirəsini ehtiramla yad ediblər.