14 iyun 2019 10:18
225

Nazirliklər arasında siyasi məsləhətləşmələr keçirilib

İyunun 13-də Bakıda Azərbaycan və İspaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

XİN-in mətbuat xidmətindən bildiriblər ki, məsləhətləşmələrdə Azərbaycan Respublikasının nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, İspaniya Krallığının nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər, Avropa İttifaqı və əməkdaşlıq nazirinin müavini Fernando Martin Valenzuela Marzo rəhbərlik ediblər.

Azərbaycan ilə İspaniya arasında siyasi sahədə münasibətlərdən məmnunluğunu ifadə edən Ramiz Həsənov mütəmadi əsasda siyasi məsləhətləşmələrin keçirilməsinin önəminə diqqət çəkib, ölkələrimiz arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından vacibliyini vurğulayıb. Həmçinin iqtisadi və humanitar sahələrdə, xüsusilə turizm, təhsil, energetika, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji sektorlarında əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib.

Ramiz Həsənov hazırda ölkələrimizin baxılmaqda olan saziş layihələrinin aktuallığının müəyyən edilərək tərəflər arasında ən qısa zamanda razılaşdırılmasına diqqət çəkərək, prioritet istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi məqsədilə müqavilə-hüquq bazasının da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Xarici İşlər nazirinin müavini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib, münaqişənin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında həll edilməsi üçün ATƏT-in Minsk qrupunun və beynəlxalq birliyin səylərinin artırılmasının zəruriliyini vurğulayıb, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqenin danışıqlar prosesinə ciddi zərbə vurduğunu bildirdi.

Fernando Martin Valenzuela Marzo ölkələrimiz arasında mövcud siyasi münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edib, iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğu fikri ilə razılaşıb və ispan şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edib. Həmçinin Fernando Martin Valenzuela Marzo ölkəsinin Azərbaycan üçün həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində etibarlı tərəfdaş olduğunu vurğulayıb.

Nazir müavini Azərbaycanın Kataloniya məsələsinin İspaniyanın Konstitusiyasını rəhbər tutaraq, ölkənin ərazi bütövlüyü əsasında həllinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib, öz növbəsində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə ədalətli həllinin tərəfdarı olduğunu vurğulayıb. O, İspaniya tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə dəstək göstərildiyini bildirib.

Tərəflər, həmçinin qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Görüşün sonunda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və İspaniya Xarici İşlər, Avropa İttifaqı və əməkdaşlıq nazirinin müavini Fernando Martin Valenzuela Marzo imzalayıblar.