04 aprel 2019 17:18
1905

NDU-da Aprel şəhidlərinin xatirəsi anılıb

Son illər şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin, Milli Qəhrəmanların, müharibə əlillərinin və veteranların sosial təminatının yaxşılaşdırılması, sosial-hüquqi müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilib.

Naxçıvan Dövlət Universitetinin (NDU) Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu faktlar universitetdə keçirilən Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirdə səsləndirilib.

Ali təhsil ocağının İncəsənət fakültəsində keçirilən tədbirdə əvvəlcə şəhidlərin xatirəsinə həsr edilmiş 30-dan çox rəsm əsərindən ibarət sərgi nümayiş olunub.

Fakültənin akt zalında keçirilən tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra tədbirdə çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov qeyd edib ki, Ali Baş Komandanımızın da dəfələrlə dediyi kimi, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi. Günnüt zəfəri isə bir daha sübut etdi ki, Azərbaycan xalqı işğal faktı ilə heç vaxt barışmayacaq.

Heydər Əliyev adına Hərbi Liseyin şəxsi heyətlə iş üzrə rəis müavini, polkovnik-leytenant Rəhman Vəliyev Azərbaycanın Milli Qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsini, qəhrəmanlıq nümunələrinin gənclər arasında təbliği sahəsində görülən işləri yüksək qiymətləndirib.

Sonra Aprel şəhidlərindən Rasim Məmmədov və Qabil Orucəliyevin anaları göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Sonda universitet tələbələri şeirlər söyləyib, şəhid Qabil Orucəliyev haqqında hazırladıqları “Sonuncu zəng” filmi nümayiş olunub.