13 dekabr 2019 16:39
741

NDU-da qarşıda duran vəzifələr müzakirə olunub

Naxçıvan Dövlət Universitetində (NDU) 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası və qarşıda duran vəzifələrlə əlaqədar iclas keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, iclasda çıxış edən universitetin rektoru Elbrus İsayev imtahana qədər görülən işlərin artıq yekunlaşdığını bildirib. Qeyd edilib ki, imtahanların hansı formada keçirilməsi müəllimlərin əvvəlcədən kafedra müdirləri ilə birgə razılaşdırılmış qərarı əsasında olacaq. Rektor vurğulayıb ki, imtahanlarda mənfi halların olmasına qətiyyən yol verilməməli, şəffaf və obyektiv dəyərləndirilmə aparılmalıdır.

Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov bildirib ki, artıq müvafiq kafedralarla razılaşdırılmış qaydada imtahanların siyahısı təsdiqlənib və hansı formada keçirilməsi müəyyənləşdirilib.

Diqqətə çatdırılıb ki, bu il universitetin birinci kursunda təhsil alan tələbələrlə görüş keçirilib, imtahana qədər və imtahanlarla bağlı proseslər haqda onlar ətraflı məlumatlandırılıblar. Tələbələr kredit sisteminin qaydaları ilə tanış edilib, imtahana qədərki balların çıxarılma qaydası slaydlar vasitəsilə izah olunub.

Prorektor onu da vurğulayıb ki, artıq imtahan cədvəlləri hazırdır, tələbələr imtahan vaxtları ilə əlaqədar yenilikləri elektron qaydada da əldə edə bilərlər. Tələbələr bunun üçün “Play store” və ya “Apple store” platformasından E-cədvəl (NDU) proqramını endirməklə ətraflı məlumat ala bilərlər.

İclasda fakültə dekanlarının da rəy və təklifləri dəyərləndirilib.