08 may 2019 21:29
1481

Nə qədər ki, Azərbaycan xalqı yaşayır, Ulu Öndər də yaşayacaqdır

Tarixi şəxsiyyətlər adi insanlardan fərqli olaraq bahar çiçəkləri kimi tez açılıb, tez də solmurlar. Onlar tarixin məhək daşına çevrilərək zaman-zaman yaddaşlarda həkk olur, əsrlər boyu əbədiyaşar bir varlığa çevrilirlər. Onlar dərk etdikcə zamanla tərs mütənasib olaraq, insana daha yaxın olur, daha unudulmaz olurlar!...

Dünya siyasət karifeylərinin həsəd apardıqları ümummilli lider Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Ömrünün bütün mənalı dövrünü varlığı qədər sevdiyi Azərbaycana və Azərbaycan xalqına həsr edən ulu öndər Heydər Əliyevin ölkə daxilində olduğu kimi, beynəlxalq aləmdə də titanik fəaliyyəti göz qabağındadır. Bunları bütün təfərrüatı ilə sadalamaq, sözlə ifadə etmək, kağız üzərində əks etdirmək qeyri-mümkündür. Çünki buna nə bir ömür, nə də bir insan təfəkkürü qadir deyildir.

Böyük bir tarixi əsər olaraq Heydər Əliyevin yaradıcılıq və fəaliyyətinin qısa məzmununu belə qeyd etmək istərdim ki, O, illəri günlərə çevirmiş, kompyuter sürəti ilə çalışmış, xalqımızın bir millət kimi formalaşmasında, dövlətçiliyimizin yenidən qurulub yaradılmasında, möhkəmləndirilməsində və inkişaf etdirilməsində adi insan təfəkkürünə sığmayan dərəcədə böyük işlər görmüş və respublikamızın XX əsrdən sonrakı taleyini artıq həll etmişdir.

Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin banisi olmaqla nəinki Azərbaycan, türk və müsəlman dünyasına, hətta belə beynəlxalq sülhsevər xalqlar dünyasına nur saçan Azərbaycandan doğulan bir günəşdir!

O, hələ Sovet İttifaqı dövründə xalqımızın hüquq və azadlıqlarını daim qorumuş, milli şüurun formalaşmasında, maariflənməsində təqib və təzyiqlərə məruz qalaraq, danılmaz xidmətlər göstərmişdir. İqtisadi inkişafımızın təməli olacaq  sənaye müəssisələrinin, zavod və fabriklərin Azərbaycanda tikilməsinə, bu gün fəxr etdiyimiz Azərbaycan Silahlı Qüvvələrini yetişdirəcək Ali Hərbi məktəblərin, böyük elmi ocaqların Azərbaycanda açılmasına nail olmuş, xalqımızın rifahının yaxşılaşdırılmasının, xoşbəxt gələcəyinin təməlini qoymuşdur. Hələ o vaxt, beynəlxalq aləmə kök salmış erməni diasporunun təsiri altına düşmüş Sov. İKP MK-nın Siyasi Bürosunun bizə ögeylik prinsipi ilə yanaşmasına baxmayaraq, ulu öndər Heydər Əliyev Azərbaycanı iqtisadi asılılıqdan xilas etmiş, dotasiya ilə yaşayan bir respublikanı SSRİ-də qabaqcıl respublikaya çevirərək 13 il dalbadal Keçici Qırmızı Bayraq almasına nail olmuş və xalqımızın başqa xalqlar qarşısında yüksək intellektual səviyyəsini nümayiş etdirmişdir. O müdrik insan çox gözəl bilirdi ki, xalqın intellektual səviyyəsinin yüksəlməsi, onun azadlığı uğrunda mübarizədə qələbəsi üçün əsas amildir. Özünü dərk etmədən buna nail olmaq qeyri-mümkündür. Odur ki, Heydər Əliyev zamanında tarix-diyarşünaslıq muzeyləri yaratmaqla millətin özünü özünə tanıtmış, keçmişi ilə gələcəyini birləşdirən bugünkü tarixini yazmışdır.

Xalqın həyat tərzində, davranışında geriliyi aradan qaldırmaq üçün hər vasitəyə əl atmışdır.

Tələbə idim, heç yadımdan çıxmaz, qalstukda, həmişə rəsmi formada olan respublika rəhbərlərini tək-tənha, quru və təkəbbürlü görməyə alışan gözlərimiz qarşısında sanki bir inqilab oldu. Hörümçək toru basmış Azərbaycan Dövlət Dram Teatrının qapıları taybatay açıldı və bütün rəhbərlər Heydər Əliyevə baxıb öz ailələri ilə birlikdə tamaşaya baxmağa gəlmişdilər. Bəli, bu bizə çox təəccüblü görünsə də, onu ürəkdən alqışladıq və çox sevindik. Sevindik ona görə ki, bu, bizim mədəni həyatımızda böyük bir dönüş, inkişaf idi. Sonralar bu, ulu öndər Heydər Əliyevin sayəsində bir ənənəyə çevrildi, Respublika sarayında, konservatoriya və flarmoniyada, konsert salonlarında, dövlət tədbirlərində kütləvi hal aldı...

Eyni zamanda o, fəhlə və kolxozçu ailələrinə diqqət göstərmiş, ali məktəblərdə fəhlə və kolxozçu ailələrinin də uşaqlarının oxumasına şərait yaratmışdır. Haqsızlıqların qarşısının alınması məqsədilə Təhsil Nazirliyini, ali məktəbləri, qəbul komissiyalarını xüsusi nəzarətə götürmüşdür. Onu narahat edən o idi ki, niyə həmişə prokuror oğlu prokuror, fəhlə oğlu fəhlə olmalıdır? Qoy, fəhlənin də oğlu həyatda öz layiqli yerini tutsun! Rus və başqa xarici dilləri bilməyən, lakin zəngin savada malik olan azərbaycanlı övladlarının, məhz ana dillərində Azərbaycanda qəbul imtahanları verib SSRİ-nin başqa şəhərlərindəki ali məktəblərdə oxumasını öz şəxsi nüfuzu hesabına təşkil etmiş, yüksək səviyyəli kadrlar yetişdirmiş və onları yenidən respublikamıza gətirərək işlə təmin etmiş və gəncliyin milli şüurunun formalaşmasında xüsusi rol oynamışdır.

Həmişə çıxış və nitqlərində olduğu kimi indi də qulaqlarımızda səslənən “Qoy ədalət zəfər çalsın” şüarı ulu öndər Heydər Əliyevin haqq-ədalət tərəfdarı olduğuna dəlalət edir. Heç də təsadüfi deyil ki, o zaman da, sonralar da haqqı tapdanan bir insan “Heydər Əliyevə şikayət edəcəyəm” deməklə özünə mənəvi dayaq tapır, süründürməçiliyinə son qoyulur, hüquqlarının müdafiəsinə zəmanət qazanırdı. Bilirsinizmi, yalnız elə onun adının çəkilməsi bu insanların, bu xalqın həmişə köməyinə çatmışdır.

Vəzifəlilər, varlılar və güclülər tərəfindən fəhlə, yoxsul və zəiflərin sıxışdırılmasının qarşısı Heydər Əliyev tərəfindən həmişə alınır, onların rifahının yaxşılaşdırılması məqsədilə xüsusi dövlət tədbirləri həyata keçirilirdi. Odur ki, hələ o vaxtdan insanlar Heydər Əliyevi xalq arasında “millət atası” adlandırır, onu çox sevir, ona ümid bəsləyirdilər. Xalq onu görməkdən ilham alır, sevincinin həddi-hüdudu olmurdu.

Heç yadımdan çıxmaz, 1981-ci il idi. O zaman mən şəhər dövlət yol polisinin müşayiət taqımında işləyirdim.

Ulu öndər Heydər Əliyevin getdiyi korteji müşayiət edirdik.

Mən Bülbül - 28 May prospektlərinin kəsişməsində, “Nizami” kinoteatrının qarşısındakı postda dayanmışdım. Xalqın dediyi kimi, “kişi” keçən məqamda (o həmişə dəstəkdən tutaraq yarıaçıq pəncərədən ətrafa baxır, hər şeyə nəzər salırdı) evlərin dəhlizindən sakinlərin – uşaqlı-qadınlı, böyüklü-kiçikli bayıra töküldüklərinin, onu yaxından görmək üçün küçəyə atıldıqlarının şahidi olurdum. Maraqlı bu idi ki, onların arasında əynində mətbəx xalatı əlindəki mətbəx ləvazimatını yerə qoymağa belə imkan tapmayan qadınlar, qucaqlarında körpə uşaqları olan analar da var idi...

Bu kimi hallara tez-tez rast gəlirdim. Bu, Heydər Əliyevə olan ümumxalq məhəbbətinin bariz ifadəsi idi. İndi də belədir!... Bu məhəbbətin alovu zaman uzaqlaşdıqca get-gedə böyüyür!

Ulu öndər Heydər Əliyevin  indiyə qədər etdikləri kifayət edər ki, özünün yenidən qurub-yaratdığı bu müstəqil dövlətin ən böyük mükafatlarına layiq görülə və paytaxtımızın ən gözəl guşələrinin birində qızıldan abidəsi ucaldıla! Hələ onun müdrikcəsinə qoyub getdiyi qlobal planların gələcəkdə verə biləcək müsbət nəticələrini demirəm.

Son günlər Azərbaycanın siyasi arenasında baş verən hadisələr mahiyyətinə görə böyük məna kəsb edir. Avropanın və Qərbin möhtəşəm qurumlarının ölkəmizə marağı artdıqca, Azərbaycan demokratiya yolu ilə inkişafını surətləndirdikcə daxildə və xaricdəki antiazərbaycan qüvvələrin fəallığı artır. Ölkə daxilində dağıdıcı müxalifətin tutduğu destruktiv, antidemokratik mövqe onların xaricdəki himayədarları tərəfindən dəstəklənir. Belə ki, müxalifətin ölkədə qarşıdurma yaratmaq üçün mitinq taktikasına keçməsi, xarici ölkələrə və beynəlxalq təşkilatlara müraciət edərək Azərbaycanda guya antidemokratik rejimin olması, insan haqlarının guya pozulmasını sübut etməyə can atması daxildə radikal qüvvələrin aktivləşməsindən xəbər verir. Digər tərəfdən, Avropa və ABŞ-ın bəzi qurum və təşkilatlarının Azərbaycana qarşı ədalətsiz mövqe tutması xaricdə antiazərbaycan qüvvələrin fəallaşmasını gücləndirir. Xatırladaq ki, dediklərimiz ölkəmizin Avropa İttifaqı ilə tərəfdaşlıq müqaviləsi bağlaması ərəfəsində baş verir. Hadisələrin bu müstəvidə cərəyan etməsi dağıdıcı müxalifətin xaricdəki antiazərbaycan qüvvələri ilə əlbir olmasından xəbər vermirmi? Nəyə görə radikal müxalifət dövlətçiliyimizə qarşı qəsd etməkdən də çəkinmir?

Məncə, beynəlxalq siyasətdə öz demokratikliyi, vətənpərvərliyi və milli təəssübkeşliyi ilə qibtə ediləcək dərəcədə öz dəst-xəttilə seçilən Heydər Əliyev siyasətini qəbul etməyən, onun şəxsiyyətinə və onun davamçısına qarşı çıxan qüvvələri müxalifət hesab etmək sadəlövhlükdür. Ona görə ki, Heydər Əliyev ideyalarına müxalif olmaq xalqa xəyanət etmək deməkdir. Azərbaycanı od-alovdan qurtarıb, demokratik prinsiplər əsasında müstəqilliyimizin əbədi təməlini qoyan, bütün həyatını xalqımızın rifahına həsr edən dahi şəxsiyyət Heydər Əliyev fəaliyyətini Azərbaycanın bütün ziyalı təbəqəsinin tam işıqlandırmağa qüvvəsi çatmadığı, tam təfərrüatı ilə əhatə edə bilmədiyi halda, müxalifət adı altında bəzi radikal qüvvələrin bu titanik fəaliyyəti bilərəkdən qiymətləndirməməsi, ona qısqanclıqla, paxıllıqla yanaşması xalqa qarşı əlbəttə, xəyanətdən başqa bir şey deyildir. Digər tərəfdən, bu gün iqtidara müxalif olmaqdan öncə bütün fəaliyyətini yalnız Heydər Əliyev şəxsiyyətinin əleyhinə yönəldən, şər və böhtan dəyirmanlarını işə salan bu cür qüvvələr vardısa, onlar müxalifət yox, düşmən qüvvələr tərəfindən, xüsusi xidmət orqanları tərəfindən hazırlanmış casus toplumudurlar.

Odur ki, açıq düşmənçilik mövqeyi nümayiş etdirən və radikal müxalifət adı altında canfəşanlıqla fəaliyyət göstərən qruplaşmaların tərkibini araşdırsaq, onların kimliyi, məqsəd və məramları daha da açıqlanar.

Bildiyimiz kimi, bu tərkib, hakimiyyətdə olmuş, lakin Vətənini və xalqını dar gündə qoyub qaçanlardan, vəzifələrindən qovulmuşlardan, xalqın külli miqdarda əmlakını mənimsəmiş, dövləti cinayət törətmişlərdən, Vətənə xəyanət etmişlərdən, xaricdə gizlənən, axtarışda olan cinayətkarlardan, qanun qarşısında məsuliyyət daşıyaraq türmədə yatıb çıxmışlardan, bir sözlə, şəxsən Heydər Əliyevə qarşı qisasçılıq mövqeyində duranlardan və onların qohum-əqrəbalarından, tərəfdarlarından ibarətdir...

Unutmaq lazım deyildir ki, onları xaricdən Azərbaycanın və bütün türk dünyasının əleyhinə yönəlmiş əks qüvvələr, daxildən isə təəssüflər olsun ki, iqtidara soxulmuş bəzi əqidəsiz məmurlar müdafiə edirlər.

Göründüyü kimi, bu qüvvələr ulu öndər Heydər Əliyev siyasətinə qarşı hətta cin-şeytanla, iblisə, yeri gəlsə, erməni ilə də birləşməyə hər an hazırdırlar, təki Azərbaycanın müstəqilliyinin əbədiləşdirilməsi yolunda dönməzliyi ilə düşmənlərimizi qorxuya salan cənab  İlham Əliyev hakimiyyətdən getsin. Bu isə mümkün deyil. Çünki xalqının iradəsini ifadə edən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə çiçəklənməkdə olan müstəqil Azərbaycan dövləti on min nəfərdən ibarət deyil. Elə bu yaxınlarda ABŞ-da Helsinki Komitəsinin keçirdiyi dinləmələrdə bu qüvvələrin ermənipərəst konqresmenlərlə həmrəylik nümayiş etdirmələri dediklərimə bir daha aydınlıq gətirir. Onların bu fəaliyyəti ən azı dövlətimizin beynəlxalq imicinə zərbə vurmaqdan, dövlətçiliyimizə qarşı çıxmaqdan, millətimizə, bayrağımıza ləkə yaxmaqdan başqa bir şey deyildir.

Obrazlı desək, qeyri-sağlam dağıdıcı müxalifətin bugünkü vəziyyəti irinlənmiş kor bağırsağı xatırladır. Odur ki, başı ilə yox, mədəsi ilə düşünən bu qüvvələr müstəqil Azərbaycanımızı yenidən boyunduruğa sürükləmək istəyirlər. Əslində, xalqın nicatı uğrunda mübarizə aparan sağlam müxalifət öz xalqına arxalanmalıdır. Əksinə, onlar milli və dövlət  maraqlarını tapdalayaraq dəqiqəbaşı xarici ağalarının üstünə qaçmaqla özlərinin kim olduqlarını özləri təsdiq edirlər.

Hz. Əli (s) demişdir: “Kim ki, yaşayışından mömünə giley edərsə, o, Allaha giley etmiş olur. Kim kafirə giley edərsə, o, Allahdan giley etmiş olur.”

Öz dövlətindən başqasına giley edən, kim olursa olsun, xalqına xidmət edə bilməz. Nəticədə xalqımızın və dövlətimizin beynəlxalq imicinə zərbə vurulmasına şərait yaranır və belə şəraitdən dünyanın idarə olunmasında həlledici rola malik dövlətlərə təsir edə bilən ermənipərəst qüvvələr məharətlə istifadə edirlər. Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirirlər. Dünya birliklərinə qoşulmağımız ərəfəsində, Qərbə inteqrasiya olduğumuz vaxtda bizi şərtlər qarşısında qoyaraq dövləti idarəetmədə hüquqlarımızın məhdudlaşdırılmasına şərait yaratmış olurlar.

Elə bu məsələdə də mövqeləri üst-üstə düşən, əleyhimizə olan bəzi xarici qurum və təşkilatlar da onları müdafiə edərək iqtidara təzyiq göstərməyə məqam tapılmasına şərait yaratdıqlarına görə onları bilə-bilə dəstəkləyirlər və “mükafat” olaraq qrant “paylarını” artırırlar. Azərbaycanın və türk dünyasının əleyhinə olan ermənipərəst qüvvələrin dirijorluğu ilə dünyanın idarə olunmasında böyük təsirə malik olan dövlətlər demokratiyanı müdafiə adı altında Azərbaycanda dövlət quruculuğunu tənzimləyən qanunların gələcəkdə öz mənafelərini təmin edə biləcək formada qəbul edilməsi istiqamətində dolayı yolla çox incə və barışmaz siyasət aparırlar. Və burada da məxfi araşdırmalar, tədqiqatlar aparıb dövlətdən incik düşmüş, dövləti cinayətlərdə əli olan düşmən və narazı insanlardan ustalıqla istifadə edirlər. Belələri isə adətən Vətənə, dövlətə, millətə, vəzifəyə görə “sədaqət” göstərənlərdən törənir. Yalnız vəzifə naminə sədaqətlilik riyakarlıqdır. Kobud desək, bu, mövqesizlik, əqidəsizlikdir. Əqidəsiz adamlar isə yelkənsiz qayığa bənzər, vaxtı, istiqaməti, məkanı bilinməz. Külək haradan əssə, o tərəfə gedər. Belələrinə mən buqələmun kimi baxıram. Düşdükləri şəraitdə xarici qüvvələrdən özünü qorumaq üçün şəkildən-şəkilə, rəngdən-rəngə düşürlər. Təki canı salamat olsun. Bəzən görürsən, adi bir işçini belə vəzifədən çıxaran kimi dövlətə düşmən kəsilir. Mən belələrinə nifrət edirəm. İnsan vəzifədə olanda da, olmayanda da əqidəsindən dönməməlidir. Dövlətə, Heydər Əliyev şəxsiyyətinə münasibət, sevgi, məhəbbət hakimiyyətdə vəzifə tutmaqla ölçülməməlidir. Mən hələ o vaxtlar demişdim, indi də o fikirdəyəm: əgər Heydər Əliyevin fərmanı ilə mənə ölüm hökmü kəsilərsə, mənə son söz verilərsə, mən son sözümdə bu fərmana qol çəkən Heydər Əliyevin əlindən öpməyi tələb edərdim. Vətən sağ olsun deyə bu addım atıldığı üçün! Vətəni sevdiyim üçün! Çünki onun atdığı bütün addımlar həmişə millətin, dövlətin mənafeyi naminə olubdur.

Yeri gəlmişkən, qeyd edim ki, bizim üçün əziz olan o müqəddəs gün yaxınlaşıb. 10 may xalqımızın xilaskarı, ümummilli lider, ulu öndər Heydər Əliyevin ad günüdür. Ruhu şad olsun! Fürsətdən istifadə edib, bu münasibətlə xalqımızı səmimi qəlbdən təbrik edir, möhtərəm Prezident cənab İlham Əliyevə Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə ali fəaliyyətində yeni-yeni nailiyyətlər, uğurlar arzu edirəm!

Xalqının milli şüurunun dirçəlişində mühüm rol oynayan ulu öndər Heydər Əliyev müstəqil, demokratik, hüquqi bir Azərbaycan dövlətinin qurucusu kimi xalqımızın və bütün vətənpərvər insanların qəlbində əbədi yaşayacaqdır.

Nə qədər ki, Azərbaycan və Azərbaycan xalqı yaşayır, ulu öndər Heydər Əliyev də yaşayacaqdır!

Həsən Şirinov