Bu gün dünyada gedən qlobal proseslər respublikamız üçün yüksək ixtisaslı kadrların, eləcə də dünya əmək bazarında layiqli yer tutan mütəxəssislərin hazırlanmasına tələbatı artırır.Təhsil sahəsinin inkişafına, ölkəmiz üçün savadlı kadrların və layiqli vətəndaşların yetişdirilməsinə bölgələrimizdə də xeyriyyəçi iş adamları öz köməkliklərini əsirgəmirlər. Masallıda uzun müddət xeyriyyəçiliklə məşğul olan Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Məşhur Məmmədovun təşəbbüsü ilə yaranan Təhsil Fondu da bu xoş mərama xidmət edir.
Təhsil Fondunun yaradılmasında əsas məqsəd, ali məktəblərin müəllimlik ixtisasına qəbul imtahanlarında 300 baldan yuxarı nəticə ilə qəbul olunmuş qızların təhsillərini davam etdirmələri üçün böyük maddi və mənəvi dəstək göstərməkdir.
Masallıda digər iş adamlarının, imkanlı şəxslərin bu xeyirxah təşəbbüsə qoşulması rayonun aztəminatlı ailələri tərəfindən çox yüksək qiymətləndirilir.
Təhsil Fonduna uzun illər təhsil sahəsində çalışmış təcrübəli pedaqoq Hüseyn Hüseynov rəhbərlik edir. Onun fikrincə, orta təhsil alan qızların təhsillərini davam etdirməsi mühüm məsələ kimi daim diqqətdə saxlanılmalıdır.
Hazırda əməli tədbirləri həyata keçirən Təhsil Fondu 70 saylı seçki dairəsinə daxil olan Masallı şəhər, Musaküçə, Yeddioymaq, Şərəfə, Səmidxan, Qarğalıq, Həsənli, Xırmandalı, Banbaşı, Çaxırlı ərazi dairələrindən bu il orta ümumtəhsil məktəblərini bitirmiş 267 qıza “Azərbaycan dili”, “İngilis dili”, “Riyaziyyat”, “Abituriyent-1” jurnalı və imtahana hazırlaşmaq üçün cavab kartlarının paylanmasını yekunlaşdırıb. Kitabçalar fondun təşkil etdiyi iki qrup tərəfindən şagirdlərin hər birinə öz evində təqdim edilib. Təqdimat zamanı məzunlarla qısa söhbətlərdə izah edilib ki, əgər ölkənin dövlət hesabına maliyyələşən universitetlərinin müəllimlik ixtisası verən fakültələrinə 300-dən artıq balla daxil olsalar, onlara Masallı Təhsil Fondu tərəfindən təqaüd veriləcək. Yaxud ödənişli ali məktəblərə qəbul olunarlarsa, onların təhsil xərcələri qarşılanacaq. Fond tərəfdən təhsil və təqaüd xərclərinin bank hesabı vasitəsilə ödəniləcəyi nəzərdə tutulub. Bildirilib ki, smestr imtahanlarında 51 baldan aşağı nəticə göstərən tələbələrə ödənişlər dayandırılacaq.
Məlum olub ki, ali təsil almaq istəyən qızların sayı çoxdur. Qrupun üzvləri tərəfindən təkcə Yeddioymaq ərazisində 5 qızın Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix müəllimi olmaq istəyi müəyyən edilib. Onu da qeyd etmək lazımdır ki, yeni yaradılmış fondun üzvləri yuxarı siniflərdə təhsil alan şagirdlərlə bağlı bəzi neqativ hallarla da üzləşiblər. Belə ki, təkcə bir məktəbdə orta təhsilini bu il başa vuracaq 17 qızdan 8 nəfərinin ailə həyatı qurmaq üçün nişanlı olduğu məlum olub. Fond üzvlərinin evbəev gəzməsi, ali təhsil müəssisələrinin pedaqoji ixtisaslarına daxil olan qızlara maddi və mənəvi dəstək göstərməsi təşəbbüsü rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanıb. Hazırda seçilmiş məzunlarla əlavə görüşlər keçirilir, sənədləşmə işləri aparılır.
Biz də öz növbəmizdə bu şərəfli və xeyirxah işlərində Masallı Təhsil Fonduna böyük uğurlar diləyirik.
Nurəddin Muğanlı,
“İki sahil”