20 sentyabr 2019 12:55
3283

Neft Kəmərləri İdarəsində Neftçilər Günü qeyd edilib - FOTO

SOCAR-ın Neft Kəmərləri İdarəsində 20 sentyabr - Neftçilər Günü və “Əsrin müqaviləsi”nin 25 illiyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin İdarənin həyətindəki abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib. 

Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirov kollektivi bu əlamətdar gün münasibətilə təbrik edib, respublikamızın regionun ən qüdrətli dövlətlərindən birinə çevrilməsində, iqtisadi inkişaf tempinə görə dünyada öncül mövqeyə çıxmasında Azərbaycan neftçilərinin böyük əməyi, müstəsna xidmətləri olduğunu deyib.

V.Əmirov bildirib ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizə böyük sərmayə qoyuluşunun cəlb edilməsi baxımından tarixi nailiyyətdir və neft sənayesinin xüsusi bir mərhələsini təşkil edir: “Bu gün Azərbaycan investisiya qoyuluşuna görə MDB məkanında ön yerdə dayanır. 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına milyardlarla dollar investisiya qoyulub ki, bu investisiyaların yarıdan çoxu neft-qaz sektorunun payına düşür. Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət və atdığı qətiyyətli addımlar sayəsində Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi, “Şahdəniz-2”, TANAP kimi layihələrin reallaşdırılması önəmli tarixi hadisələrdəndir”.

V.Əmirov vurğulayıb ki, SOCAR bu gün istər ölkə daxilində, istərsə də  xaricdə mühüm investisiya layihələri həyata keçirir. Bununla yanaşı, neftdən gələn gəlirlər qeyri-neft sektoruna yönəldilir, insanların rifah halı daha da yaxşılaşdırılır. Bütün bunlar isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin prioritetləri sırasındadır.

Qeyd edilib ki, ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış yeni neft strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmiz ildən-ilə böyük uğurlar qazanır. Neft-qaz sektorunda əldə olunan nailiyyətlər, yeni yataqların kəşf edilməsi Azərbaycanın iqtisadi qüdrətini, nüfuzunu, dünya birliyində mövqeyini möhkəmləndirir.

Neft Kəmərləri İdarəsinin sosial məsələlər üzrə rəis müavini Məmməd Əliyev neft sənayesinin şərəfli tarixindən danışaraq tədbir iştirakçılarını peşə bayramı və “Əsrin müqaviləsi”nin 25 illiyi münasibətilə təbrik edib. M.Əliyev vurğulayıb ki, SOCAR prezidentinin əmri ilə sentyabrın 1-dən neftçilərin əmək haqqılarının 20 faiz artırılması neft sənayesində çalışan işçilərin güzəranının daha da yaxşılaşdırılmasına xidmət edir.

Neft Kəmərləri İdarəsinin “Abşeron” İstehsalat Bölümünün rəisi Nizami Qafarov qeyd edib ki, bütün işci heyəti öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. İstehsalat Bölümünün kollektivi 2018-ci ildə 661.984.93 ton, 2019-cu ilin 8 ayi ərzidə isə 441.546.30 ton neft nəql edib. N.Qafarov onu da vurğulayıb ki, neftçilərin əməyi yüksək qiymətləndirilir, Fəxri fərman və medallarla təltif edilirlər.

Tədbirdə Avtomatlaşdırma, standartlaşdırma və metrologiya şöbəsinin böyük mühəndisi Şahin Hüseynov, risklər üzrə menecer Etibar Tağıyev, böyük mühəndis Eyyub Məşədihüseynov, əməyin təhlükəsizliyi üzrə mühəndis Emin Nəzərli, çilingər Zəka Əkbərov, elektrik qaynaqçısı Mustafa Mustafayev, böyük dispetçer Elman Əhmədov, çilingər Oktay Abbasov Neft Kəmərləri İdarəsinin Fəxri fərmanları ilə təltif ediliblər.

Sonda bayram tədbiri çay süfrəsi arxasında davam etdirilib.

Zamin Məmmədov,

“İki sahil”