26 aprel 2019 10:21
2904

Neft ölçü sisteminin modernizasiyası müzakirə edilib

SOCAR-ın Neft Kəmərləri İdarəsində Rusiya Federasiyasının “Transneft” Publik Səhmdar Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə SOCAR-ın Operativ idarəetmə şöbəsinin rəisi Vaqif Abbasov, İstehsalat Proseslərinin Avatomatlaşdırılması və Metrologiya şöbəsinin aparıcı mühəndisi Qüdrət Ağayev, Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirov, baş mühəndis Abdulla Məmmədov, İstehsalat üzrə rəis müavini Samir Qədirov, baş-metroloq Nicat Babayev, Neftin nəqli şöbəsinin rəisi Elçin Həsənov, İxrac İstehsalat Bölümünün rəisi Zamin Heydərov, “Transneft” Publik Səhmdar Cəmiyyətinin nümayəndələri Revyakin V.V, İslanov Y.N., Başkin A.S. iştirak ediblər.

Görüşdə Bakı Novorossiysk kəmərinin çatdırılma məntəqəsi olan Şirvanlı İxrac Neft Təhvili sahəsində olan 496 saylı neft ölçü sisteminin 2022-ci ildə modernizasiya məsələsi müzakirə olunub. Eyni zamanda, tərəflər arasında əməkdaşlığın genişləndirilməsi barəsində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Bakı-Novorossiyskinin Şimal ixrac neft kəməri hissəsi 16 fevral 1996-cı il tarixdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti (ABƏŞ)  Hasilatın Pay Bölgüsü Sazişi üzrə Podratçı tərəflər arasında imzalanmış boru kəməri və istismarı haqqında Sazişə əsasən ABƏŞ-in istifadəsinə verilib.

2014-cü ildə İdarədə aparılan islahatlar nəticəsində həmin departamentin adı dəyişdirilərək Neft Kəmərləri İdarəsinin İxrac İstehsalat Bölümü adlandırılıb. Bununla da Neft Kəmərləri İdarəsinin İxrac İstehsalat Bölümünün 496 saylı neft ölçü sisteminin 2022-ci ildə 25 il istismar olunduğunu nəzərə alaraq orada modernizasiya işlərinə ehtiyac yaranıb.

Xatırladaq ki, Şimal İxrac Boru Kəməri ilə 2008-ci ildən indiyədək 18,4 milyon neft ixrac olunub.