16 may 2019 10:53
259

Neft-qaz amilindən asılılığı azaltmaq üçün praktik addımlar atılır

Ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirmişdir ki, biz hazırda iqtisadiyyatımızın yeni inkişaf strategiyası üzərində işləyirik.  Bu prosesə qabaqcıl beynəlxalq mütəxəssislər, alimlər cəlb ediləcək ki, yeni inkişaf strategiyamız uğurlu olsun və gözəl nəticələrə gətirib çıxarsın.

Atılan hər bir addım iqtisadiyyatın  əsas sahələrindən biri hesab edilən sahibkarlığın inkişafına da geniş yol açır. Bu səbəbdəndir ki, sahibkarlıq sahəsində həyata keçirilən siyasətin önündə hər zaman yeniləşmə və modernləşmə dayanır.  Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Dövlətimizin başçısı onu da vurğulayıb ki, biz il ərzində 32 pillə irəliləmişik və ən islahatçı 10 ölkə sırasında yer almışıq. “Əlbəttə, xarici investorlar, eyni zamanda, yerli sahibkarlar bunu görürlər, bilirlər və beləliklə, Azərbaycana sərmayə qoyuluşu prosesi əminəm ki, bundan sonra da təmin ediləcəkdir.”

Azərbaycanın əldə etdiyi bütün bu iqtisadi uğurların əsasında dayanan əsas məsələlərdən biri də kiçik və orta sahibkarlığa ayrılan diqqət və qayğıdır. Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev məsələ ilə bağlı qəzetimizə açıqlamasında bildirdi: “Biz bu gün ümumidaxili məhsulun artmasında kiçik və orta sahibkarlığın rolunun daha da artması üçün çalışırıq. Prezidentimizin də qeyd etdiyi kimi, cari ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz artmışdır. Bu bizim üçün çox gözəl nəticədir. Ancaq kifayətdirmi, təbii ki, xeyr. Azərbaycanın inkişaf dinamikası onu deməyə əsas verir ki, bu ilin sonuna kimi bu rəqəm daha da artacaq. Biz də istəyirik ki, ümumi daxili məhsulun artımında  kiçik və orta sahibkarlığın payı 60 faizə çatsın. Artıq inkişaf etmiş ölkələrdə, o cümlədən Yaponiyada, Avropada, Amerikada bu göstərici 65 faizdir və insanların məşğulluğu 70 faizdir.”

Son bir ildə  Azərbaycanda  kiçik və orta sahibkarlığa olduqca böyük  önəm verildiyini vurğulayan deputat R.Quliyev bildirdi ki, bu  sahənin inkişafı üçün ölkəmizdə müxtəlif agentliklər fəaliyyət göstərir, ayrı-ayrı konsepsiyalar hazırlanır. “Hazırda uğurla işləyən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi  (KOBİA) konsepsiyası var ki, mən də onların fəaliyyətlərini yaxından izləyirəm və dəstəkləyirəm. Bu da bir daha cənab Prezidentimizin sahibkarlığın inkişafına necə böyük önəm verməsini təsdiqləyir.”

Sahibkarlığın özünü də sosial bir məsələ kimi adlandıran deputat onu da qeyd etdi ki,  biz nə qədər  kiçik və orta sahibkarlığı çalışıb inkişaf etdirsək bir o qədər sosial məsələlərimiz sürətlə həll olunacaq. “Sahibkarlığın inkişafı işsizliyin azalması, insanların rifah halının yüksəlməsi  və eyni zamanda,  büdcədə vəsaitin artması deməkdir. Biz gələcək iqtisadiyyatımızın artışını qeyri-neft sektorunun, eləcə də  kiçik və orta sahibkarlığın ümumi daxili məhsulda payının artırılmasının hesabına daha da inkişaf etdirəcəyik”

Nilufər Mustafaqızı, “İki sahil”