20 sentyabr 2019 12:45
1135

Neft, qaz və kimya sənayesi işçilərinin XXVII Spartakiadasına start verildi - FOTO-VİDEO

Ötən gün Qaradağ Təlim-İdman Bazasında “Neftçi İdman Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi işçilərinin XXVII Spartakiadasının təntənəli açılış mərasimi keçirildi.

Tədbirdə SOCAR-ın rəhbərliyinin nümayəndələri, Şirkətin idarə və müəssisələrinin rəhbərləri, tanınmış idmançılar iştirak edirdilər.

Dövlət Himni səsləndirildikdən sonra yarışların baş hakimi Ceyhun Şirəliyev Təşkilat Komitəsinin sədri Sadıq Sadıqova Spartakiada haqqında raport verdi. 

Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Cahangir Əliyev mərasimdə çıxış edərək idmançıları bu möhtəşəm idman bayramı münasibətilə təbrik etdi: “Hər il neftçilərin peşə bayramı ərəfəsində neft, qaz və kimya sənayesi işçilərinin Spartakiadasının keçirilməsi xoş bir ənənəyə çevrilib. Bildiyiniz kimi, respublikamızda bədən tərbiyəsi və idmana olan dövlət qayğısı gündən-günə artır. Bunun sayəsində Azərbaycan idmanı artıq yüksək inkişaf səviyyəsinə çatıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın da inkişafını daim diqqət mərkəzində saxlayıb, kütləvi idman növlərinin geniş yayılmasına diqqət və qayğı göstərib. Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu gün ölkəmizdə idmanın və idmançıların ən böyük himayəçisidir. Respublikamızda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində nəhəng işlər görülür, iri layihələr həyata keçirilir. Paytaxtla yanaşı, respublikamızın müxtəlif bölgələrində beynəlxalq standartlara cavab verən müasir Olimpiya İdman kompleksləri tikilir və bu komplekslərdə yüksək səviyyəli idmançılar hazırlanır. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan dövlət siyasəti, atılan addımlar sayəsində ölkəmiz Avropanın və dünyanın tanınmış idman mərkəzlərindən birinə çevrilməkdədir. Son illər müxtəlif səviyyəli beynəlxalq yarışların ölkəmizdə keçirilməsi və idmançılarımızın əldə etdikləri yüksək nailiyyətlər bunun parlaq təzahürüdür. Azərbaycanda bədən tərbiyəsi və idmana olan maraq getdikcə artır. Bu da Spartakiadanın daha geniş miqyas almasına təkan verib. Təbii ki, bu turnirlərin təşkil olunmasında əsas məqsəd neftçilərin və onların ailə üzvlərinin sağlamlığının qorunmasıdır.”

Qeyd edək ki, klub ilboyu neft, qaz və kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. İdmanın kütləviləşməsi, gənclərin sağlam böyüməsi, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan bu tədbirlərdən ən möhtəşəmi və təntənəli keçiriləni isə hər ilin sentyabr ayında neftçilərin peşə bayramı - 20 sentyabr - Neftçilər Günü ərəfəsində keçirilən Spartakiadadır.

Bu il neft, qaz və kimya sənayesi işçilərinin XXVII Spartakiadası keçirilir. Mötəbər yarışda 33 müəssisənin komandası mübarizə aparır. Spartakiadaya 14 idman növü (mini-futbol, atletika, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, futtennis və güllə atıcılığı) üzrə 1400-dən artıq iştirakçının qatılacağı gözlənilir ki, onlardan da 300-dən çoxu qadınlardır. Yarışlar Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında, üzgüçülük növündə “Aura” İdman Klubunda, güllə atıcılığı üzrə isə Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçiriləcək.

Sonra idmançıların nümunəvi çıxışları oldu. Tədbirin sonunda mədəniyyət və incəsənət xadimləri iştirakçılar qarşısında konsert proqramı ilə çıxış etdilər.

Qeyd edək ki, Spartakiadaya atletika, mini-futbol və futtennis idman növləri ilə start verilib. Sentyabrın 16-da start verilən Spartakiada ayın 22-də öz işini başa çatdıracaq.

Orxan Vahidoğlu,

Vüsal Cahanov (foto),

“İki sahil”