10 may 2019 11:29
1518

Neftçi müharibə veteranları təltif ediliblər - FOTO

Neftçi müharibə veteranları  faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə SOCAR-ın “Fəxri neftçi” döş nişanları ilə təltif ediliblər

İkinci Dünya Müharibəsində qazanılmış tarixi qələbədə Azərbaycan nefti və neftçiləri həlledici rol oynayıb. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, emal olunan aviasiya benzini və yüksəkkeyfiyyətli yağların isə 85-90%-i Azərbaycanın payına düşüb.1941-ci ildə Azərbaycan tarixində rekord səviyyədə - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ üzrə neft hasilatının  71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. 

Ulu Öndər Heydər Əliyev müharibə veteranlarını “Xalqımızın qızıl fondu” adlandırırdı.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır, hər il 9 May - Qələbə bayramı ərəfəsində onlara dövlətimiz tərəfindən birdəfəlik maddi yardımlar göstərilir. Müharibə veteranlarına qayğı, onlara maddi və mənəvi dəstək göstərilməsi SOCAR-da da diqqət mərkəzindədir. 

Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibəti ilə SOCAR neft sənayesnin keçmiş əməkdaşlarından 17 nəfərini “Fəxri neftçi” döş nişanı ilə təltif edib. Bakı, Sumqayıt, Siyəzən, Salyan və Qaradağda yaşayan neftçi müharibə veteranlarından  9 nəfəri “Azneft” İstehsalat Birliyi, 3 nəfəri Kompleks Qazma İşləri Tresti, 1 nəfəri “Neftqaztikinti” Tresti, 1 nəfəri “Azərikimya” İB, 1 nəfəri Heydər Əliyev adına Neft Emalı Zavodu, 1 nəfəri “Neftqazelmitədqiqatlayihə” İnstitutu, 1 nəfəri isə Geologiya və geofizika idarəsində çalışıblar. SOCAR-ın məsul şəxsləri Qələbə günü ərəfəsində veteranlarla görüşərək, onları təbrik etmiş, “Fəxri Neftçi” döş nişanları və pul mükafatlarını onlara təqdim etmişlər. 

Xatırladaq ki, İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında döyüş cəbhələrinə 700 min oğul və qızını  yollamış  Azərbaycan xalqının xüsusi rolu olub. Müharibədə  göstərdikləri igidliyə görə 123 nəfər həmvətənimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox azərbaycanlı əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib. Qanlı döyüşlərdə 300 mindən çox azərbaycanlı  həlak olub. Azərbaycanlılardan təşkil edilmiş diviziyalar Qafqazdan Berlinədək döyüş yolu keçib, yüzlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşub.