26 sentyabr 2020 15:17
637

Nepalda COVID-19-a yoluxanların sayı 70 mini ötüb

Nepalda ötən sutka ərzində COVID-19 virusuna 1313 yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 70 min 614-ə çatıb.

AZƏRTAC Nepalın Səhiyyə və Əhali Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ötən gün qeydə alınan 6 ölüm faktı ilə birlikdə pandemiya qurbanlarının sayı 459-a çatıb.

Təxminən 4 aylıq sərt karantin rejiminin iyulda yumşaldılmasından sonra yoluxanların sayı 2 dəfə artıb. Nepal Səhiyyə Araşdırmaları Şurasının COVID-19-dan sağalanların bir qrupu arasında keçirdiyi sorğu nəticəsində məlum olub ki, onların 99 faizi yoluxmadan əvvəl ölkədə və ya xaricdə səfərdə olub.

Nepaldakı COVID-19 pasiyentlərinin təxminən yarısı evlərində və ya yaşadıqları yerlərdə təcrid olunaraq, müalicə alırlar. Evdə müalicə alanlar simptomsuz xəstələr və yüngül vəziyyətdə olan pasiyentlərdir. Hökumət COVID-19 infeksiyasına yoluxmanı müəyyən etmək üçün test potensialını gücləndirir. Hazırda ölkə üzrə 55 laboratoriyada müvafiq testlər aparılır.

Qeyd edək ki, Nepalda pandemiyanın ilk vaxtlarında çox az sayda yoluxmalar olurdu. Amma iyulun son günlərindən başlayaraq yoluxma sayında davamlı artım müşahidə edilir. Əhalinin sıx yaşadığı ərazilərdə, o cümlədən paytaxt Katmanduda, Pokhara şəhərində və ölkənin cənubundakı yaşayış məntəqələrində yoluxma sayı sürətə artır.