KÖŞƏ

Mənsumə Babayeva

Ermənistan son şansdan istifadə edə biləcəkmi?

29 iyun 2018 22:59
4046

Bir neçə gün əvvəl Azərbaycanda keçirilən möhtəşəm hərbi parad, eləcə də uğurlu Naxçıvan əməliyyatı işğalçı ölkədə çox ciddi təşvişə səbəb olub

Azərbaycan Ordusunun Naxçıvan istiqamətində həyata keçirdiyi uğurlu əməliyyat Ermənistanı əməlli-başlı təşvişə salıb. Həmçinin iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə Bakıda keçirilən möhtəşəm hərbi parad da işğalçıların kefinə əməlli-başlı soğan doğrayıb. Onlar ölkəmizdə keçirilən paradı həyacanla izləməklə Azərbaycanın hansı gücə, potensiala malik olduğunu gördülər. Azərbaycan hərbi paradda ən müasir hərbi texnikalarını nümayiş etdirməklə ilk növbədə işğalçıya çatdırdı ki, danışıqlardan imtina edən  Ermənistanı gələcəkdə hansı seçim gözləyir. Əgər Ermənistan məsələnin müharibə deyil, dinc yolla həllini istəyirsə, o zaman torpaqlarımızı qeyd-şərtsiz azad etməli, müəyyən güzəştlərə getməlidir. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ordumuzun 100 illik yubileyi ilə bağlı keçirilən paradda çıxışı zamanı səsləndirdiyi “Ermənistan Azərbaycanla rəqabət apara bilmir və heç vaxt buna nail ola bilməyəcək” fikri ilə dünya ictimaiyyətinə Azərbaycanın Ermənistanla müqayisə oluna biləcək ölkə olmadığını bir daha çatdırmış oldu. Dövlət başçısı nitqində ölkəmizin hərbi potensialının gücləndirilməsi üçün lazımi islahatların aparılacağını,  ən müasir hərbi texnika və  sursatın alınacağını bildirməklə  ölkəmizin hər an hərbi əməliyyatlara başlamaq iqtidarında olduğu mesajını da ünvanına  çatdırdı. Artıq dalana  dirənən Ermənistan üçün son şans yaranıb. Bu xəbərdarlıqdan  nəticə çıxarıb, işğal altında olan torpaqlarımızı tərk etməklə varlıqlarını qorumaq Ermənistan rəhbərliyini düşündürməlidir.

Nəzərə çatdıraq ki, iyunun 26-da Bakının Azadlıq meydanında  keçirilən parad özünün möhtəşəmliyi ilə yadda qaldı. Bu paraddan qorxuya düşən düşmən ölkənin yenidən “güclü  orduya malik Ermənistan” barədə danışması gülüncdür. Çünki fərari orduya, Manvel Qriqoryan kimi onlarla korrupsioner zabit  heyətinə, acından ölən əsgərlərdən ibarət  “orduya” malik işğalçının  hansısa  uğurdan danışmağa nə haqqı, nə də  qüdrəti çatar.

Rusiyalı ermənipərəst ekspert Sergey Markedonov telegra.ph saytında Bakıdakı hərbi paradla bağlı açıqlamasında bu möhtəşəm tədbirin İrəvanda cəmiyyət,  siyasi dairələr arasında qorxu, təşviş yaratdığını qeyd edir: “İyunun 26-da Bakıda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə hərbi parad keçirilib. İndiki Azərbaycan Azərbaycan Demokratik Respublikasının varisi sayılır və birinci milli dövlətin irsinə müraciət ölkənin  tarixi yaddaşının ayrılmaz tərkib hissəsi hesab olunur”.

Ekspert, həmçinin bildirir ki,  həmin parada təkcə simvolik hadisə kimi baxmaq azdır: “Birincisi, bu, Azərbaycanın artan hərbi qüdrətinin nümayişidir. Milli Ordunun 4 min əsgəri, üstəlik 240 ədəd texnika, pilotsuz uçan aparatlar və digər texniki yeniliklər paradda nümayiş olundu. Bütün bunlar Bakının güclü hərbi potensiala malik olduğunu göstərmək üçün həyata keçirildi. İkincisi, paradda Türkiyə Silahlı Qüvvələrinin xüsusi bölüyü iştirak edib. Bu da Azərbaycan-Türkiyə qardaşlığına böyük bir töhfə idi.  Üçüncüsü, isə Azərbaycan Prezidenti öz çıxışında yenə də işğalçını torpaqları tərk etməyə çağırdı.

Bütün dünya ictimaiyyətinin də etiraf etdiyi kimi, Azərbaycanla  müqayisə olunmayacaq dərəcədə miskin dövlət olan Ermənistan daha acınacaqlı vəziyyətə düşmək istəmirsə işğalçılıq siyasətinə son qoymalıdır. Yalnız Türkiyə ilə deyil, Ermənistanın üzv olduğu KTMT və Avrasiya İqtisadi İttifaqındakı dövlətlərlə ilə hərbi-texniki əməkdaşlıq istəyini gizlətməyən cənab İlham Əliyevin sözləri İrəvan üçün ciddi siqnaldır”.

Mövcud vəziyyətdən nəticə çıxarmaq isə hələ də  əsil  müstəqilliyin nə olduğunu anlamayan, başqalarının əlinə baxan, drijor çubuğu  ilə idarə olunan Ermənistan rəhbərliyinin hadisələri düzgün dəyərləndirmək  qabiliyyətindən asılıdır. “Ölüm, ya olum” seçimi astanasında qalan Ermənistanın gələcək taleyi  sülh çağırışına ədalət və beynəlxalq hüquq normalarına münasibətindən asılıdır.