KÖŞƏ

Qvami Məhəbbətoğlu

Azərbaycanın hər bir uğuru Ermənistana zərbədir

24 iyul 2018 16:29
3825

Bir neçə ay öncə Prezident İlham Əliyev “Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər” fikrini söyləməklə Ermənistana şok yaşatdı. Bundan az sonra Bakıda  keçirilən möhtəşəm hərbi parad rəsmi Yerevanın kürkünə birə saldı. Keçirilən genişmiqyaslı hərbi təlimlər isə onların yuxularını ərşə çəkdi.

Son günlər ölkə başçısı İlham Əliyevin xarici ölkələrə uğurlu səfərləri də Ermənistanın narahatlığını artırıb. Məsələn, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Brüssel səfərləri iki ölkənin Avropa üçün fərqli dəyərlərini üzə çıxarıb. Nəticədə Nikol Paşinyan suyu süzülə-süzülə Ermənistana qayıdıb, Azərbaycan isə Qarabağ məsələsi də daxil, Avropada əlverişli anlaşmaya nail olub. Səfərdə ölkəmizin qitə üçün energetik və geosiyasi dəyəri  xüsusi vurğulanıb.  

Cənab İlham Əliyevin Fransaya səfəri də uğurla nəticələnib. Səfər zamanı müzakirə olunan əsas məsələlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olub. Prezident İlham Əliyev bu münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verib. Ümidvarlıq ifadə olunub ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın Prezidenti Emmanuel Makron şəxsən bu münaqişənin həllində fəal iştirak edəcək. Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə cənab İlham Əliyevə ünvanladığı təbrik məktubunda da Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində Fransanın var qüvvəsi ilə çalışacağını vurğulamışdı. 

Dövlətimizin başçısının Fransada keçirdiyi görüşlər bu ölkənin “kiçik bacısı” sayılan Ermənistanda daha çox qıcıq doğurub. Çünki onlar gördülər ki,  Fransanın ən aparıcı iqtisadi gücləri, dünya miqyaslı şirkətlərin rəhbərləri Prezident İlham Əliyevlə söhbətlərində Azərbaycana xüsusi maraqlarını ifadə ediblər. Ermənilər yaxşı başa  düşürlər ki, Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə yeni impuls verməklə yanaşı, onların buradakı  təsir dairəsini zəiflədir, erməni lobbisinə meydan oxuyur. Bu mənada erməni daşnaklarının qorxusunu anlamaq  çətin deyil: axı əsrlər boyu uydurma erməni mifi yaratmış bir xalq Fransanın da artıq həqiqətin Azərbaycan tərəfində olmasını dərk etməyə başlayıb. Bu səfərin siyasi nəticələri hələ özünü çox  göstərəcək.

Ermənistanın baş naziri Nikol Paşinyan isə bu kimi təşvişlərə son qoymaq üçüb bütün imkanlarından istifadə etməyə çalışır. Lakin nə Qərb ona yardım etmək istəyir, nə də Rusiya. Çünki Qərb hələ də Rusiyanın nəzarətində olan Ermənistana investisiya qoymağa risk etmir. Odur ki, onu müxtəlif bəhanələrlə özündən uzaqlaşdırmağa çalışır. Rusiya da Nikol Paşinyanın ikitərəfli oyununu yaxşı anladığından onu yaxın buraxmır. Qərblə Rusiya arasında var-gəl etməkdə davam edən Nikol Paşinyan isə boş avantüralarla, ağa qara deməklə yeni nağıllar uydurmaqdadır. Lakin sadə erməni xalqı daha onun nağıllarına qulaq asmaq istəmir. Xalq ondan iş və çörək tələb edir. Paşinyan isə bunları xalqa vermək iqtidarında deyil və bu səbəbdən öz siyasi rəqiblərini aradan götürmək məqsədilə yeni həbslər aparmaqla xalqın diqqətini sosial problemlərdən yayındırmaqla məşğuldur.

Digər tərəfdən, Ermənistan ordusundakı vəziyyət də acınacaqlıdır. Belə ki, Nikol Paşinyan hakimiyyətə gələn gündən bu sahədə də korrupsiya və qanun pozuntuları adı altında şou göstərir. Məsələ bundadır ki, Nikol Paşinyan ordu rəhbərliyinə özünə yaxın saydığı adamları gətirsə də, zabit-general heyətinin böyük əksəriyyəti ondan narazıdır.  Bu etirazların getdikcə böyüməsi və pik həddinə çatması qaçılmazdır. Bu da Ermənistanda yeni və daha təhlükəli daxili qarşıdurmaya rəvac verə bilər. Nəticədə İrəvan küçələri, meydanları, demək olar ki, hər gün mitinqlərə qucaq açar.

Şübhəsiz, Ermənistanın belə acınacaqlı vəziyyətə düşməsinin, rejimin çökməsinin ən əsas səbəbi işğalçılıq siyasətidir və bunun nəticəsində Azərbaycanın, onun cənab İlham Əliyev kimi liderinin təcavüzkara qarşı atdığı addımlardır. Qeyd edək ki, dövlətimizin başçısı bununla bağlı Azərbaycan ictimaiyyətinə və xarici tərəfdaşlarına, həmkarlarına dəfələrlə məlumat verib, beynəlxalq tribunalardan bu ölkənin iç üzünü açıb. Elə bu səbəbdən  artıq Nikol Paşinyan dünya miqyasında ölkəsinin işğal siyasətinə yeni don geyindirə bilmir. Güman edirik ki, cənab İlham Əliyevin növbəti səfərləri Ermənistanın tam siyasi nokauta düşməsi ilə nəticələnəcək.