KÖŞƏ

Qvami Məhəbbətoğlu

Minsk qrupunun həmsədr dövlətləri fəallaşıblar

27 iyul 2018 16:14
4655

Son ayların siyasi mühitinə nəzər salanda ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin - ABŞ, Rusiya və Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ölkəmizin mövqeyini dəstəklədiklərinin şahidi olmaq mümkündür. Azərbaycanın mövqeyi isə dünya birliyinə, eləcə də həmin ölkələrə artıq bəllidir: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dəyişdirilsin, münaqişəyə son qoyulsun, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunsun, bölgədə sülh təmin edilsin.

Konkret faktlara müraciət edək. ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə Respublika Günü və Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə ünvanladığı təbrik məktubunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ölkəmizin mövqeyinin dəstəklənməsi özünü açıq şəkildə göstərir: “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır. ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün Sizinlə əməkdaşlığı səmimiyyətlə arzulayır”. 

D.Trampın 2 məktubunu yüksək dəyərləndirən cənab İlham Əliyev bildirib ki, bu ilin birinci yarısında Amerika Birləşmiş Ştatları ilə bizim əlaqələrimiz yeni mərhələyə qalxıb: “Amerika Prezidenti cənab Donald Tramp aprel-may aylarında mənə üç məktub ünvanlamışdır. Seçkilərlə, ondan sonra Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı göndərilən məktublar Amerika hökumətinin Azərbaycana olan münasibətini, hörmətini göstərir. Məktublarda çox dəyərli sözlər ifadə edilmişdir və biz çox şadıq ki, bu gün Amerika-Azərbaycan əlaqələri öz əsl mahiyyətini əks etdirir. Əminəm ki, gələcək illərdə bu əlaqələr daha da möhkəmlənəcək”.

Bir məqamı da vurğulamaq yerinə düşər ki, artıq Amerika mətbuatı da hadisələrə real yanaşmaqdadır. Buna “The Daily Caller” qəzetində Yaxın Şərqin, Avrasiyanın və Türkiyənin geosiyasəti və geostrategiyası üzrə fransız eksperti Maksim Qauinin “Antikorrupsiya həbsləri yalnız başlanğıcdır, lakin Ermənistan həqiqətən “öz bataqlığını” quruda biləcəkmi?” və siyasi icmalçı Raul Loueri Kontrerasın “Ermənistan və Azərbaycan: əslində mövcud olmayan atəşkəs rejimi” sərlövhəli məqalələrini misal göstərmək olar. Hər iki məqalədə Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edilir.

Donald Trampın  məktubunda “qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq” ifadəsi də artıq özünü doğrultmaqdadır. Belə ki, bir müddət əvvəl Rusiya siyasi elitasının tanınmış nümayəndələrinin, eləcə də Dövlət Dumasının deputatlarının 2016-cı ilin aprel müharibəsindən sonra bərpası mümkün olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gəlmələri, burada “Bakı və  Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda beynəlxalq konfrans keçirdilər. Tədbirdə iştirak edən Rusiya Federasiyasının Dövlət Dumasının deputatı Dmitri Savelyev Dağlıq Qarabağ və ətrafındakı işğal olunmuş yeddi rayon Ermənistan tərəfindən azad edilməli və heç bir əlavə şərt irəli sürülmədən Azərbaycana qaytarılmalıdır fikrini səsləndirdi. Hakim “Vahid Rusiya” Partiyasının üzvü, Dövlət Dumasının deputatı Aleksey Yezubov öz çıxışında Prezident Putinin adından bütün dünyanın Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanındığını qeyd etdi. Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin isə  Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirməklə yanaşı, Rusiyanın həm ictimaiyyət, həm də dövlət səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini söylədi. Halbuki əvvəllər rusiyalı ekspertlər, siyasətçilər işğal altındakı yeddi rayonun Azərbaycana məxsus olduğunu bildirsələr də, Dağlıq Qarabağın üzərindən sükutla keçirdilər. Amma bu tədbirdə onlar birmənalı şəkildə öz mövqelərini ortaya qoydular.

Bəzi ekspertlər onların bu fikirlərinin rəsmi Moskvanın mövqeyi olmadığını söylədilər. Amma unutmayaq ki, dövləti təmsil edənlərin, həm də Rusiya Prezidenti Vladimir Putinə daha çox yaxınlığı ilə tanınan həmin şəxslərin səsləndirdikləri fikirlərdə belə nüanslar axtarmaq o qədər də doğru deyil.

Hər halda bu faktın özünü ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən birinin - Rusiyanın həm dövlət səviyyəsində, həm də ictimai rəyində ciddi dönüş də adlandırmaq olar.  Bu, həm də Azərbaycanla Rusiya arasındakı münasibətlərin günün tələbləri səviyyəsində olduğunun daha bir bariz nümunəsidir. Bu tədbir göstərdi ki, Ermənistanın avantürist siyasətindən bezən Rusiya  daha ədalətli mövqeyini nümayiş etdirməkdən çəkinmir.

Bundan sonra güman etmək olardı ki, ATƏT-in Minsk qrupuna daxil olan digər ölkənin - Fransanın siyasətçiləri, tanınmış xadimləri də belə fikirlərlə çıxış edəcəklər. Bu da özünü çox gözlətmədi. Belə ki, Prezident İlham Əliyevin bu yaxınlarda Fransaya səfəri ilə bağlı açıqlama verən Fransa Senatının Xarici işlər komitəsinin vitse-prezidenti, senator Natali Qule qeyd etdi ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə rolu çox vacibdir: “Dağlıq Qarabağ və ətraf 7 rayonun azad edilməsi üçün Ermənistana təzyiq göstərməyin vaxtı çatıb. Buna diplomatik yolla nail olmaq mümkündür, lakin əgər bu mümkün olmasa, Ermənistana qarşı embarqo və beynəlxalq sanksiyalar tətbiq etmək zəruridir”. Üstəlik,  həmin səfər çərçivəsində ümidvarlıq ifadə olundu ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın Prezidenti Emmanuel Makron öz sələflərindən fərqli olaraq, şəxsən bu münaqişənin həllində fəal iştirak edəcək və münaqişənin sülh yolu ilə həll olunması istiqamətində səylə çalışacaq.

Bütün bunlar isə ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin artıq reallığı qəbul etmələrindən xəbər verir. Bununla da onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına öz töhfələrini verəcəklər.