KÖŞƏ

Taleh Turqut

Bəli, Robert və Serjik əsl Vətən xainidirlər!

12 sentyabr 2018 23:44
4009

Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezident Robert Koçaryana qarşı yeni revanşa başlayıb: onun yenidən həbsi üçün hazırlıq gedir. 

Baş nazir dünən gənclərin qarşısındakı çıxışının böyük bir hissəsini əsas rəqibləri hesab etdiyi Serj Sarkisyanın və Robert Koçaryanın tənqidinə və ifşasına həsr edib. Onun çıxışında səsləndirdiyi bir ritorik sual diqqəti daha çox cəlb edir və Koçaryanın bir siyasi fiqur kimi əsl kimliyini ortaya qoyur. Robert Koçaryanı məlum 1 mart cinayətində ittiham edən Paşinyan auditoriyaya xitabən soruşur: “Əgər o, (R. Koçaryan nəzərdə tutulur) cinayətkar və vətən xaini deyilsə, bəs kimdir?”.

Ermənilərin prizmasından yanaşdıqda Koçaryan Azərbaycan torpaqlarının işğalında iştirak edən əsas “liderlərdən” biridir. Deməli “qalib liderlərdəndir”... Lakin Paşinyanın Koçaryan üçün işlətdiyi “Vətən xaini” yarlığı onun əsl simasını ifadə edir: Koçaryan həqiqətən ən böyük Vətən xainidir...

R. Koçaryanın şəxsi həyatının tarixçəsinə nəzər salsaq bu ifadənin nə qədər yerinə düşdüyünü görərik: Robert Sedrak oğlu Koçaryan 1954-cü ildə o vaxtkı Azərbaycan SSR-in tərkibində yaradılan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində, Xankəndi şəhərində doğulub. Azərbaycanın çörəyi, suyu və havası ilə böyüyüb, Azərbaycan dövlətinin hesabına təhsil alıb və Azərbaycan dövlətində müxtəlif vəzifələrə təyin edilib. Lakin 1988-ci ildə Dağlıq Qarabağda başlayan separatçılıq hərəkətlərinə ilk qoşulanlardan biri kimi doğulub böyüdüyü Vətənə də ilk xəyanət edənlərdən, arxa çevirənlərdən biri oldu. Azərbaycanlılara qarşı törədilən qırğınlara rəhbərlik edənlərdən və terrorçu silahlı dəstələrin başçılarından biri olub. Doğulduğu torpağı günahsız insanların, yaşlıların, qadınların və məsum körpələrin qanı ilə sulayan ən böyük qatil elə ən böyük Vətən xainidir! Bəlkə də Paşinyanın bugünədək işlətdiyi bütün sözlər içərisində ən doğru ifadə elə Koçaryan haqqında dediyi “Vətən xaini” ifadəsidir...   

Sonrakı illərdə Ermənistanda hakimiyyəti saxta seçkilər və terror yolu ilə ələ keçirməyi bacaran R. Koçaryan elə öz ermənilərinə də xəyanət etməkdə davam edib. Onun on illik prezidentliyi dövründə Ermənistan iqtisadiyatı demək olar ki, məhv edilib. Məhz onun hakimiyyəti illərində bir çox irili-xırdalı müəssisə Ermənistanın Rusiyaya olan borcunu ödəmək məqsədi ilə Rusiyaya verildi. Faktiki olaraq Ermənistan iqtisadiyyatı Rusiya şirkətlərinin əlinə keçdi. Əhalinin sosial vəziyyəti getdikcə ağırlaşdı və insanlar dolanışıq naminə xarici ölkələrə axın etməyə başladılar. Məhz onun hakimiyyəti illərində Ermənistan parlamentində dünyada analoqu olmayan ən rüsvayçı hadisə baş verdi: baş nazir Vazgen Sarkisyan, parlamentin sədri Karen Dəmirçyan, bir sıra deputatlar və eləcə də hökumət üzvləri elə iclas zamanı terrorçu qrup tərəfindən qətlə yetirildilər. Sonradan məlum olacaqdı ki, bu hadisədə də Koçaryanın bilavasitə əli var... Nəhayət, bu gün onun kabusuna çevrilən, həbs edilməsində əsas ittihamlardan olan “məşhur” 1 mart qırğınının törədilməsinə bilavasitə əmr verən şəxs olub.

Bu qısa xülasə göstərir ki, R. Koçaryan həm doğulduğu, həm də işlədiyi dövlətlərin hər ikisinə xəyanət edib. Onun bütün fəaliyyəti cinayət və xəyanətkarlıq üzərində qurulub. Ermənistan mətbuatının yazdığına görə, onun prezidentliyi dövründə ən azı 30 hay-küylü  və üstü açılmayan cinayət baş verib. Onların hazırlanma və həyata keçirilmə metodları hələ də açılmamış qalıb. Bütün bunlar Koçaryanın qeyri-məhdud hakimiyyətinə mane olmaq istəyən insanların fiziki məhvinə, habelə dəhşətli korrupsiya piramidasının ifşa edilməsi cəhdlərinə görə baş verib.

Xatırladaq ki, Ermənistanın hüquq-mühafizə orqanları ölkənin keçmiş prezidenti Robert Koçaryana qarşı yeni cinayət işinə başlayıblar. Bu dəfə Koçaryan maliyyə maxinasiyalarında və çirkli pulların yuyulmasında ittiham edilir. Söhbət yüzlərlə milyon dollardan gedir.

Əlbəttə, R. Koçaryanın və onun xələfi Serj Sarkisyanın törətdikləri bəşəri cinayətlərə görə ədalət mühakiməsi qarşısında oturacaqları gün uzaqda deyil. Ancaq hələlik bunun onların guya “azadlığı uğrunda çarpışdıqları” Ermənistanda baş verməsinin də bir simvolik mənası var. Bütün bunlarla yanaşı, Nikolun səsləndirdiyi “Əgər onlar Vətən xaini deyillərsə, bəs kimdirlər” sualının yalnız bir cavaı var:

-Bəli, onlar əsl Vətən xainidirlər!