KÖŞƏ

Qvami Məhəbbətoğlu

“Yeni əsrin müqaviləsi” ilə yeni uğurlara doğru

13 sentyabr 2018 22:56
6081

“Ötən il sentyabrın 14-də ölkəmizin həyatında tarixi bir hadisə baş verdi. Belə ki, həmin gün Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Sazişə Azərbaycan hökumətinin, SOCAR-ın, BP (Böyük Britaniya), "Chevron” (ABŞ), "İNPEX” (Yaponiya), "Statoil” (Norveç), "ExxonMobil” (ABŞ), TP (Türkiyə), "İtochu” (Yaponiya) və “ONGC Videsh” (Hindistan) şirkətlərinin rəsmiləri imza atdılar. Bununla da 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı.

“Yeni əsrin müqaviləsi” kimi tarixə düşmüş bu yeni müqavilə ölkəmiz üçün daha da yaxşı şərtlərlə təmin edildi: Azərbaycanın iştirak payı iki dəfədən çox, daha doğrusu, 11,6 faizdən 25 faizə qaldırıldı, mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verildi. Üstəlik, yataqlardan hasil olunan səmt qazı əvvəlki kimi Azərbaycana qalacaq. Bu Saziş çərçivəsində xarici sərmayəçilərin Azərbaycan Respublikası Dövlət Neft Fonduna ümumilikdə 3,6 mlrd. ABŞ dolları məbləğində bonus ödəməsi nəzərdə tutulub ki, artıq cari ilin yanvarın 29-da 450 mln. ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib. Təbii ki, bu da həm neft sektorunun, həm də qeyri-neft sektorunun inkişafını stimullaşdıran amildir. Çünki bütün hallarda neft sektoruna yönəldilən investisiya həm də qeyri-neft sektorunun inkişafı üçün müəyyən maliyyə təminatı yaradır. Bütün bunları nəzərə alan Prezident İlham Əliyev Sazişin imzalanması mərasimində demişdir ki, bu kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi: “Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır”.

“Əsrin müqaviləsi”nin icra müddətinin uzadılması zəruri idi. Belə ki, onun müddəti 2024-cü ildə başa çatırdı. Bu kontraktın icrası “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 436 mln. ton neft və 136,5 milyard kubmetr təbii qaz hasil edilməsinə imkan vermişdi. Lakin mütəxəssislərin apardıqları araşdırmalar isə göstərirdi ki, “Azəri-Çıraq-Günəşli” yataqlarının potensial imkanları daha çoxdur. Belə ki, “Azəri-Çıraq-Günəşli”də hələ hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var. Üstəlik ehtimal olunur ki, kontraktın icrası müddətində bu rəqəm daha da arta bilər. Məhz bu reallıq imkan verdi ki, “Azəri-Çıraq-Günəşli”nin  istismar müddəti yenidən uzadılsın.

Qeyd edək ki, 2017-ci ilə qədər Azərbaycanın dənizdəki neft ehtiyatlarının işlənilməsinə təxminən 33 milyard dollar investisiya qoyulub və “Azəri-Çıraq-Günəşli”dən 3,2 milyard barrel neft hasil edilib. Azərbaycan Respublikası Dövlət Neft Fondu “Azəri-Çıraq-Günəşli” layihəsinin reallaşması çərçivəsində 135 milyard 142 milyon dollardan çox gəlirə sahib olub.

 1994-cü ildə bağlanan “Əsrin müqaviləsi”ndə o zaman bir sıra problemlərlə üzləşən ölkəmizin maraqlarını da qorumaq mümkün oldu. Bu da təbii ki,  ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində baş verdi. Xatırladaq ki, o vaxt dövlət xəzinəsi boş idi, inkişaf üçün də heç bir imkan yox idi. Belə bir vəziyyətdə xarici ölkələrin böyük neft şirkətlərini Azərbaycana cəlb etmək əlbəttə, böyük müdriklik, bacarıq, səriştə və siyasi təcrübə tələb edirdi. Ulu öndər Heydər Əliyev bu tarixi missiyanı uğurla icra etdi, bununla da  “Əsrin müqaviləsi”ni respublikamızın tarixinə  yeni neft strategiyasının şanlı səhifəsi kimi yazmağı bacardı.

 “Əsrin müqaviləsi”nin imzalanması, ölkəmizə böyük sərmayə qoyuluşunun cəlb edilməsi çox böyük tarixi nailiyyət idi. Məhz bu müqavilə Azərbaycana yeni nəfəs verdi, onu dünya miqyasına çıxardı. Belə ki, “Əsrin müqaviləsi”nin sayəsində ölkəmiz  bir sıra qlobal layihələr həyata keçirməklə böyük uğurlara imza atdı. Bakıdan 55 kilometr cənubda Səngəçal terminalı - dünyanın ən böyük neft-qaz terminalı tikildi. 1998-ci ildə neftimiz fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başladı. Bakıdan Supsaya uzanan Qərb İxrac Boru Kəməri, üç ölkənin ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri çəkildi. İndi Azərbaycan Bakıdan Avropayadək uzun məsafə qət edən, Xəzərdən başlayıb Adriatik dənizindən keçən "Cənub Qaz Dəhlizi” yaradır ki, onun da dörd seqmentindən üçü artıq istifadəyə verilib. 2019-cu ildə TAP-ın TANAP ilə birləşdirilərək işə düşməsi ilə Avropa istehlakçıları üçün dördüncü əsas qaz arteriyası təmin olunacaq və beləliklə, mühüm qaz tədarükü marşrutu tam reallaşacaq.

“Əsrin müqaviləsi” Azərbaycanın sosial, mədəni həyatına da öz töhfələrini verdi.  “Əsrin kontraktı” bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Hesab edirəm ki, bu sahədə də bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi” deyən cənab İlham Əliyev bu kontekstdə fikirlərini yeni Sazişin imzalanma mərasimində söylədiyi nitqində belə vurğulamışdır: “Bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı şəhəri, - dünyanın ən gözəl şəhərlərindən biridir, - tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır. Biz bu illərdə Dövlət Neft Fondundan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük vəsait ayırdıq və 250 min köçkünü 100-ə yaxın yeni salınan qəsəbədə gözəl evlərlə, mənzillərlə təmin etdik. Bu proses davam edir”.

Artıq bu gün beynəlxalq aləmdə kifayət qədər tanınan, dünya birliyində siyasi, iqtisadi qüdrəti ilə fərqlənən, beynəlxalq əməkdaşlıq arenasında inam və etibarı artan, müstəqil siyasət aparan, çox yüksək və müsbət nüfuza malik olan ölkəmizin kifayət qədər valyuta ehtiyatları var, iqtisadiyyatımız dinamik şəkildə inkişaf edir, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmaqdadır. Bir sözlə,  “Əsrin müqaviləsi” Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verməklə yanaşı, Azərbaycana çox böyük faydalar gətirdi. Bu gün bütün xalqımız bu kontraktın ürəkaçan nəticələrini ölkəmizin simasında, eləcə də öz həyat tərzində görür. Burada Prezident İlham Əliyevin sözlərini xatırlamaq yerinə düşərdi: “İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik”. Bu mənada “Əsrin müqaviləsi” öz missiyasını uğurla yerinə yetirib və yetirir.

Təbii ki, “Əsrin müqaviləsi”nin təməli üzərində bərqərar olan və Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsasını qoyan  “Yeni əsrin müqaviləsi” Azərbaycanın qüdrətini daha da artırmağa xidmət edəcək və ona yeni-yeni uğurlar qazandıracaq. Bu mənada həmin Sazişin “Yeni əsrin müqaviləsi” adlandırılması da təsadüfi deyil.