KÖŞƏ

Zahid Rza

Antimilli “biznes planlar”

27 sentyabr 2018 14:40
5303

AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli və onların ətrafındakı tör-töküntülərin  burnunda hələ də ötən əsrin 90-cı illərinin “qoxusu” qalıb. O illərdə, tarixi torpaqlarımız olan Qarabağda erməni separatizminin tüğyan etdiyi bir dövrdə Azərbaycan Ali Sovetində “indi əsas məsələ Qarabağ deyil, hakimiyyət məsələsidir” deyərək ölkədə xaos, anarxiya yaradıb tankların və topların üstündə hakimiyyəti zəbt etmək üçün ən çirkin vasitələrə əl atan bu hakimiyyət, kreslo sevdalıları  deyəsən, o vaxt baş verənlərin yaddaşlardan silinmədiyini unudurlar.

 İstər dağıdıcı müxalifətin, istərsə də Avropanın müxtəlif ölkələrində mühacir adı ilə sığınacaq taparaq ölkəmizə qarşı mənəvi terror aparan Vidadi İsgəndərli, Qurban Məmmədov, Orduxan Teymurxan, Tural Sadıqlı kimi antimilli ünsürlərin fəaliyyət proqramının kökündə zoru, pozuculuğu, anarxizmi daha da şiddətləndirmək naminə ən məkrli və avatürist metodlardan istifadə edilməsi dayanır. Şübhəsiz, erməni lobbisinin təsiri altında olan bəzi xarici təşkilatların və Azərbaycan əleyhdarlarının verdikləri pulların qarşılığında onların basqı və həmlələrinin bu xəyanətkar dəstənin başı üzərində “Demokl qılıncı” kimi asıldığı da danılmaz faktdır.

Milli maraq və mənafeləri antiazərbaycan dairələrdən aldıqları beş-üç qəpik tulapayına satan, sosial bazası olmayan, bütün hüquqi-etik, əxlaqi-mənəvi dəyərləri tapdalayıb keçən, xəyalpərəstliyə, ifrat subyektivliyə yuvarlanan pozucu müxalifət “liderciklər”inin əlləri hər yerdən üzüldüyünə görə fəaliyyətlərində bu gün Avropanın müxtəlif ölkələrində daldalanan, antiazərbaycan dairələrin və müxtəlif xarici xidmət orqanlarının toruna düşən savadsız, dünyagörüşsüz, ideya-syasi cəhətdən özünüdərkin sıfır nöqtəsində olan, milli düşüncədən məhrum, orduxan teymurxanlara, məhəmməd mirzəlilərə, tural sadıqlılara üstünlük vermələri əslində bəzi qaranlıq məqamları gün işığına çıxarır. Bu xəyanətkarlar isə özlərini azərbaycanlı adlandırsalar da, xaricdəki düşmənlərimizin dərsləri və təlimatları ilə Azərbaycan dövlətçiliyinin, onun simvollarının əleyhinə şər-böhtan və təhqirlər yağdıraraq ölkəmizin beynəlxalq nüfuzuna qara yaxmağa çalışsalar da heç nəyə nail ola bilmirlər. Əslində bu başıpozuq dəstənin bütün milli, mənəvi dəyərlərin üstündən xətt çəkərək dövlətə, onun dəyərlərinə, dövlət rəsmilərinə qarşı çirkin kampaniya aparması onların  Azərbaycan əleyhdarı olan ağaları tərəfindən hazırlanan “biznes plan” ın bir hissəsidir.

Şübhəsiz, bütün bunlar xalqdan ayrı düşmüş, marginallaşmış AXCP-nin,  REAL-ın, Müsavat Partiyasının, “Milli Şura”nın “liderciklər”inin antimilli, səbatsız siyasi fəaliyyətinin məntiqi nəticəsi və acı sonluğudur. Özlərini “demokratiya cəfakeşi” adlandıran bu zümrənin hələ də ötən əsrin 90-cı illərinin xiffəti ilə yaşaması, elə  siyasi təfəkkür cəhətdən də o illərin bataqlığında saplanıb qalması, ölkəmizin mənafeyinə uyğun siyasi-ideoloji- mənəvi hədəflərə zidd mövqedə dayanması, ümummilli məsələlərimizin müzakirəsi və həllinə biganə qalması, nəhayət, milli mənlik şüurlarının paslanması, tükənməsi, deqradasiyasıdır.